«Həmişə olduğu kimi Qarabağ məsələsindən spekulyasiya predmeti kimi istifadə olunur»
Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakıya səfəri ərəfəsində bəzi nəşrlər anonoim mənbələrə istinad edərək səfər zamanı Qarabağ məsələsinin əsas müzakirə mövzusu odduğunu iddia edirdi. Hətta hakimiyyət yaxın portallar Putinin Azərbaycan hakimiyyətinə təminatlı müharibə vəd etdiyini də yazırdı. Lakin rusiyalı nazir bu iddiaları doğrultmadı və münaqişənin beynəlxalq qurumların birgə iştirakı ilə həll olunmalı olduğunu dedi.
Bu isə onu deməyə əsas verir ki, səfər ərəfəsində səsləndirilən fikirlər hakimiyyətin öz istəyini əks etdirib.
Xarici işlər nazirinin müavini Araz Əzimovun son açıqlaması da bunu deməyə əsas verir.
APA-nın məlumatına görə, Araz Əzimov Rusiyanın Dağlıq Qarabağ münaqişəsini həll etməklə, Azərbaycana yardım göstərməklə, çox şeyə nail ola biləcəyini deyib.
Nazir müavininin sözlərinə görə, Rusiyanın bu məntəqədə əsas marağı Azərbaycanla bağlı olmalıdır. Çünki Azərbaycan ən böyük əraziyə, ən böyük insan resursuna malik, ən sabit, etibarlı və ən qabiliyyətli hökuməti olan ölkədir. Azərbaycan Rusiya üçün yaxşı tərəfdaş ola bilər. Rusiyanın əsas marağı Azərbaycanı inkişaf etmiş, sabit, etibarlı strateji qonşu kimi görməkdən ibarət olmalıdır.
Hakimiyyətin mövqeyini ifadə edən A.Əzimovun bu açıqlaması nədən xəbər verir?
Ekspertlər hesab edir ki, Azərbaycan hakimiyyətinin Rusiyaya münasibəti hər şeydən öncə hər iki ölkədə eyni mahiyyətli rejimlərin mövcudluğu ilə müəyyənləşib. Dəfələrlə kritik məqamlarda Azərbaycan hakimiyyəti Qərbdən olan demokratiya ilə bağlı təzyiqləri Rusiyanın köməyi ilə neytrallaşdırıb. Son dövrlərdə bəzi hakimiyyət nümayəndələrinin Rusiyaya açıq reveranslar etməsi Qərb ölkələrinin hakimiyyəti insan hüquq və azadlıqların pozulması ilə bağlı ciddi təzyiqləri fonunda baş verir. Araz Əzimov təcrübəli diplomat kimi çox yaxşı bilir ki, Rusiya Dağlıq Qarabağ məsələsində Ermənistanı narazı salacaq heç bir addım atmayacaq. Azərbaycan torpaqlarının işğalında Ermənistan məhz Rusiyanın yardımından faydalanır. Digər tərəfdən Rusiya ilə Ermənistan təbii müttəfiqlərdir. Qərbin Azərbaycanı Avropa ilə daha dərin inteqrasiyaya cəlb etməyə çalışması hakimiyyətdə dairələrində dərin narahatçılığa səbəb olub və onlar yenə Rusiya kartını işə salıb.
Ekspertlərin fikrincə, hakimiyyətin Rusiyanın bizə qaytarmaq fikrində olmadığı Qarabağla növbəti dəfə iqtidarı qoruyub saxlamaq üçün manipulyasiya etdiyinin şahidi olduq. Rusiya öz növbəsində problemin həllində özünü maraqlı tərəf kimi qələmə verir və eyni zamanda Azərbaycan tərəfindən bu tipli müraciətlər olanda onu beynəlxalq birliyin hamılıqla həll etməli olduğu məsələ kimi təqdim edir. Bütün bunlar onu göstərir ki, həmişə olduğu kimi yenə də açıq şəkildə Qarabağ məsələsindən spekulyasiya predmeti kimi istifadə olunur.
Fizzə