21 yaşlı Cəlal Rövşən oğlu Əliyev – Suraxanı sakini. Ilham Əliyevin gənclərlə dünənki görüşündə yox idi, çünki səkkiz ay əvvəl özünü həyətdəki divara bərkidilmiş dəmir borudan asmışdı.
18 yaşlı Rəhman Məhərrəmov – Salyan şəhər sakini. Ilham Əliyevin gənclərlə dünənki görüşündə yox idi, çünki beş ay əvvəl yaşadığı evin tavanından özünü asmışdı.
23 yaşlı Hakim Əliyev – Lənkəran rayonu Lac kənd sakini. Ilham Əliyevin gənclərlə dünənki görüşündə yox idi, çünki bir ay əvvəl evliliyinin dördüncü ayındaca özünü güllələyərək öldürmüşdü.
21 yaşlı Əsgər Hüseynzadə – Sabunçu rayon Zabrat qəsəbə sakini. Ilham Əliyevin gənclərlə dünənki görüşündə yox idi, çünki dörd ay əvvəl özünü yaşadığı evin həyətindəki dəmir borudan asmışdı.
26 yaşlı Abbasov Naməddin Saməddin oğlu – Ucar rayonu Qarabörk kənd sakini. Ilham Əliyevin gənclərlə dünənki görüşündə yox idi, çünki dörd ay əvvəl özünü yaşadığı evin tavanından asmışdı.
30 yaşlı Ağadadaş Əliyev – Xətai rayon sakini. Ilham Əliyevin gənclərlə dünənki görüşündə yox idi, çünki beş ay əvvəl yaşadığı evdə özünü asmışdı.
19 yaşlı Gülşən Şıxməmməd qızı Şahməmmədova – Lənkəran rayon Türkəkəran kənd sakini. Ilham Əliyevin gənclərlə dünənki görüşündə yox idi, çünki bir ay əvvəl yaşadığı evin həyətindəki tövlədə özünü asmışdı.
24 yaşlı Nəsirov Elsevər Akif oğlu – Oğuz rayon Filfilli kənd sakini. Ilham Əliyevin gənclərlə dünənki görüşündə yox idi, çünki beş ay əvvəl yaşadığı evin həyətindəki şabalıd ağacından özünü asmışdı.
22 yaşlı Tural Idris oğlu Hacıyev – Yasamal rayon sakini. Ilham Əliyevin gənclərlə dünənki görüşündə yox idi, çünki 8 ay əvvəl yaşadığı mənzildə özünü tavandan asmışdı.
21 yaşlı Əliyev Yaşar Xanbaba oğlu – Cəlilabad rayonu Sərhədabad kənd sakini. Ilham Əliyevin gənclərlə dünənki görüşündə yox idi, çünki doqquz ay əvvəl özünü yaşadığı evin həyətində asmışdı.
23 yaşlı Azər Elşən oğlu Quliyev – Lənkəran rayon Şiləvar kənd sakini. Ilham Əliyevin gənclərlə dünənki görüşündə yox idi, çünki 11 ay əvvəl özünü yaşadığı evdə asmışdı.
22 yaşlı Lətifova Qızılgül Fərrux qızı – Göyçay rayonu Inçə kənd sakini. Ilham Əliyevin gənclərlə dünənki görüşündə yox idi, çünki on ay əvvəl yaşadığı evin həyətindəki yarımçıq tikilidə ikiyaşlı oğlunu, sonra isə özünü kəndirlə asaraq intihar etmişdi.
34 yaşlı Rüstəm Səfərov – Şəmkir rayon sakini. Ilham Əliyevin gənclərlə dünənki görüşündə yox idi, çünki səkkiz ay əvvəl yaşadığı evin həyətində özünü asmışdı.
18 yaşlı Adil Əvəz oğlu Cəfərli – Kəlbəcər rayonundan olan məcburi köçkün. Ilham Əliyevin gənclərlə dünənki görüşündə yox idi, çünki məskunlaşdıqları Gəncə şəhərində məktəbin həyətindəki turnikdən dörd ay əvvəl özünü asmışdı.
27 yaşlı Ceyhun Məmmədov – Nərimanov rayon sakini. Ilham Əliyevin gənclərlə dünənki görüşündə yox idi, çünki elə dünən özünü yaşadığı binanın 5-ci mərtəbəsindən ataraq intihar etmişdi.
18 yaşlı Yusifova Çinarə Münasib qızı – Mingəçevir şəhər sakini. Ilham Əliyevin gənclərlə dünənki görüşündə yox idi, çünki bircə həftə əvvəl yaşadığı beşinci mərtəbədəki mənzilin pəncərəsindən özünü asmışdı.
21 yaşlı Elvin Əsgər oğlu Qasımov – Ağdam rayon sakini. Tibb Universitetinin tələbəsi idi. Ilham Əliyevin gənclərlə görüşündə yox idi, çünki üç ay əvvəl oxuduğu universitetin yataqxanasında özünü asmış, sonradan imtahanlara görə müəllimlərin ondan rüşvət istədiyi ortaya çıxmışdı…
***
Nə yazıq ki, bu ürək parçalayan, tükürpədən siyahını çox uzatmaq olar.
Amma buna nə mənim əsəblərim dözür artıq, yəqin nə də sizin oxumağa əsəbiniz qaldı…
***
Rəsmi xəbərdə isə deyilir ki, gənclərlə dünənki görüşündə əlahəzrət onları təşəbbüskar olmağa çağırıb.
Nə bilim vallah…