Yevgeni Kiselyov: «Bu ölkənin Tolstoyun, Çexovun, Dostoyevskinin ölkəsinə dəxli yoxdur»
«Rusiyanın ali rəhbərliyinin bütün dünya qarşısında həyasızlığını izləmək olduqca acınacaqlı, ağrılı və təəssüfedicidir»
Rusiyanın Krımı işğalı, həmçinin Ukraynanın cənub-şərqində separatçılara dəstək verməsi ölkənin tanınmış şəxsləri arasında narazılığı getdikcə artırır. Bu münaqişənin Rusiyaya daha çox ziyan vurduğunu etiraf edənlərin də sayı çoxalır.
Tanınmış rusiyalı jurnalist, hazırda Kiyevdə yaşayan Yevgeni Kiselyov baş verənləri şərh edərkən artıq bunun üçün söz tapmadığını deyir. Jurnalist ondan şərh gözləyənlərə cavab olaraq bildirir ki, ən azı Rusiyada baş verən hadisələrlə bağlı fikir bildirməyə çətinlik çəkir. Çünki artıq bu hadisələri izləməkdən yorulub.
Hərbi-patriotik isterika
“Etiraf edim ki, yaşadığım Kiyevdən Rusiyada baş verənləri getdikcə daha az izləyirəm – sadəcə özümü buna məcbur edə bilmirəm. Rusiya Federasiyası əhalisinin hərbi-patriotik isterikasının necə davam etdiyi barədə növbəti xəbərlər eşitmək, ölkədə ictimai həyatın sürətlə sovet dövrünün ən pis nümunələrinə axmaq parodiyaya çevrildiyini görmək, Rusiyanın ali rəhbərliyinin bütün dünya qarşısında həyasızlığını izləmək – bu olduqca acınacaqlı, ağrılı və təəssüfedicidir”,- deyə yazar qeyd edir.
Onun sözlərinə görə, yalnız arada iti və dürüst ifadə olunmuş fikirlərin əks olunduğu hər hansı məqalə sevindirir.
Məsələn, “NewTimes” nəşrində Viktor Şenderoviçin hazırkı Rusiyanın XIX əsrin sonu – XX əsrin əvvəlinə aid rus mədəniyyəti ilə heç bir əlaqəsinin olmadığı fikri doğru idi. Bu ölkənin Tolstoyun, Çexovun, Dostoyevskinin ölkəsinə dəxli yoxdur. Necə ki, sakinlərinə bütün rəğbətə baxmayaraq müasir Yunanıstanın böyük qədim yunan sivilizasiyası ilə əlaqəsi yoxdur. Böyük rus keçmişinin Parfenonu on illiklərlə irsi məhv edilən ölkə üzərində uçur. Nəticədə bu gün bütün bunları məhv edənlərin varisləri və pərəstişkarları şadyanalıq edir.
Çekist gülləsi
“Şenderoviçin daha bir metaforasını çox bəyəndim. O yazır ki, Turbin qardaşlarını Şoyqunun rəhbərliyi altında təsəvvür etmək çətindir. Ancaq elə ordaca tarixin həqiqətləri yada düşür. Trotskinin rəhbərliyi altında Qızıl Orduya Şenderoviçin də adını xatırlatdığı general Brusilov – Birinci Dünya Müharibəsində rus ordusunun ən məşhur hücum əməliyyatının baş qəhrəmanı, müvəqqəti hökumətin sonuncu hərbi naziri general Aleksandr Verxovski, görkəmli hərbi tarixçi və nəzəriyyəçi general Zayonçkovski, tanınmış memuar yazarı, Parisdəki rus hərbi attaşesi general qraf Iqnatyev və çar ordusunun dörd yüzə yaxın yalnız generalı keçdi. Ağ hərəkatda iştirakı qırmızılara xidmətə dəyişən zabitlərin sayı isə yüzlərlər kitab vərəqi tutur. Təəssüf ki, fəhlə-kəndli Qızıl Ordusunda onların sayı Kolçak, Denikin, Yudeniç və Vrangelin birlikdə zabitlərininin sayından çox idi. Bu isə, necə deyərlər, çox şeyi izah edir. Doğrudur, öz xülyalarına görə onların ödədiyi qiymət çox baha oldu – demək olar, hamısının ölüm tarixi 30-cu illərə təsadüf edir. Səbəbi isə – boynunun ardından vurulan çekist gülləsidir.
Ancaq yenə də Bulqakovun “Ağ qvardiya”sının qəhrəmanlarını Şoyqunun rəhbərliyi altında təsəvvür etmək çətindir”.
Kiselyov sonda – müəyyən nikbinlik yaratmaq üçün – müasir dünyanın ən tanınmış və nüfuzlu jurnalistlərindən biri, “New Üork Times” nəşrinin icmalçısı Tomas Fridmanın yazdığına nəzər salmağı vacib bilir.
Putinin təhlükə yaratdığı ölkə
Fridman yazırdı: “Putinin Krımı zəbt etməsi Rusiya iqtisadiyyatını zəiflətdi, Çinə Rusiya ilə özü üçün ağlasığmaz dərəcədə sərfəli qaz anlaşması imzalamağa yardım etdi, NATO-nu dirçətldi, avropalıları Rusiya qazından azarlı asılılıqla mübarizəyə başlamağa məcbur etdi, bütün Avropada hərbi xərclərinin artırılmasının vacibliyi ilə bağlı müzakirələrə səbəb oldu. Əla işlədin, Vladimir!”.
Tomas Fridman sonda qeyd edir ki, məhz buna görə o, Putinin ən çox Rusiyaya ziyan vurduğunu düşünür: “Bu gün Putinin ən böyük təhlükə yaratdığı ölkə məhz Rusiyadır”.
Fizzə