Dünyanın supergücü müharibəyə qoşulmasaydı hazırkı müstəqil Almaniya olmazdı
Bəşəriyyəti həm də Hitler xilas edib; nüvə texnologiyalarına ciddi əhəmiyyət verməməklə…
Normandiyada II dünya müharibəsi vaxtı 2-ci cəbhənin açılmasının 70 illiyi qeyd edilən günlərdə Almaniya mətbuatı ABŞ-ın Ikinci Dünya Müharibəsində roluna bir daha toxunub. “Die Welt” nəşrinin yazdığına görə, amerikalılar böyük itkilər bahasına müharibəyə qoşulmasaydı, hazırkı müstəqil Almaniya olmazdı.
Qəzetin yazdığına görə, Almaniyada müxtəlif yerlərdə ABŞ-ın ünvanına sərt tənqid eşitmək olar. Amerika əsgərləri qəddarlıq edəndə, onların siyasətçiləri özlərini saymazyana aparanda, şirkətləri isə müasir texnologiyalar hesabına uğur əldə edəndə amerikalılar dünyanı nəzarətə almaqda günahlandırılır. Almaniyada bəziləri iddia edirlər ki, mədəniyyət onların təsiri altında yoxa çıxır. Ən acınacaqlısı isə odur ki, zəngin mədəniyyətə sahib olan alman xalqından fərqli olaraq amerikalıların, ümumiyyətlə, mədəniyyəti yoxdur – bunu hamı bilir.
Kim belə düşünür və danışırsa, 1944-cü il 6 iyunda baş verən qanlı döyüşü yada salmalıdır. 70 il əvvəl həmin günü müttəfiqlər “Overland” əməliyyatı zamanı Normandiyada 160 min hərbçi endirib ki, bütün dünyanı, o sıradan Almaniyanı ölkənin bir çox regionlarında hələ də dəstəklənən diktatordan xilas etsin.
Qərbdə ikinci cəbhənin açılması ilə Şərqdə ağır döyüşlər aparan sovet qoşunlarının işi bir qədər yüngülləşdi.
“Overland” əməliyyatı
Xoşbəxtlikdən “bütün dövrlərin ən dahi sərkərdəsi” Adolf Hitler – feldmarşal Filhelm Kayetl onu məhz belə adlandırırdı – hücumu bir ay sonra gözləyirdi, özü də Normandiyada deyil, Kaledə. Ona görə də Normandiya sahillərinə alman qüvvələri müttəfiqlərə müqavimət göstərmək üçün o qədər də çoxsaylı deyildi.
SS-nin əksəriyyəti Şərq cəbhəsində vuruşan köhnə döyüşçüləri sahildəki üstünlüklərindən soyuqqanlı şəkildə istifadə edirdi.
Qərb müttəfiqlərinin “Overland” əməliyyatı 1944-cü ilin avqustun 30-da alman qoşunlarının Senaya çəkilməsi ilə başa çatdı. Əməliyyat nəticəsində 88 min britaniyalı, kanadalı və polyak və təxminən 125 min amerikalı həlak oldu. Almanların itkiləri 240 min nəfər idi.
Almanlar minnətdar olmalıdır ki…
Almanlar nəyə görə amerikalılara minnətdar olmalıdır? Almanlar digər xalqlara ölüm gətirirdi, ölüm küləyi səpirdi. Ancaq buna görə cəza olaraq tufan deyil, yüngül külək gördülər.
“Die Welt”-in yazdığına görə, almanlar amerikalılara minnətdar olmalıdır ki, müttəfiqlər eyni cavabı vermədi və alman qoşunları təslim olan kimi döyüşləri dayandırdılar. Omaxa-biç sahəsindəki itkilərin sayı da bunu deməyə əsas verir. 7800 alman piyada əsgərdən 1200-ü öldürülüb.
Nəşrin yazdığına görə, buna görə də almanlar minnətdar olmalıdır ki, Qərb müttəfiqlərinin hücumu Nyu-Mexikoda Los-Alamos araşdırma mərkəzində nüvə silahı hazırlanmazdan əvvəl baş tutub. Əks halda öz sıralarında itkilərdən yayınmaq üçün bu bombalar Xirosima və Naqasakiyə deyil, Hamburq və Frankfurta atıla bilərdi.
Unutmaq olmaz ki, nüvəni Üçüncü reyxin alimləri deyil, amerikalılar parçalaya bildi. Əgər yüksək savadlı alman mühəndisləri, riyaziyyatçı və fizikləri bu niyyətə müttəfiqlərdən tez nail ola bilsəydi, azad dünyanın sonu çatardı. Nyu-York, London və Moskvaya atılan nüvə bombasına qarşı təsirli müdafiə yox idi. Xoşbəxtlikdən, “böyük sərkərdə” nüvə texnologiyalarına ciddi əhəmiyyət vermirdi və Üçüncü reyxin maddi və elmi resurslarını tankların, raketlərin və reaktiv təyyarələrin inkişafına yönəldirdi.
“Cəza əvəzinə Marşall planı”
Demokratiya tərəfdarları amerikalılara minnətdar olmalıdırlar ki, müttəfiq qoşunları sovet ordusu ilə birgə Berlinə qədər gedib çıxa bildi. Əks halda demokratik Qərbi Almaniya və 1990-cı ildən azad birləşmiş Almaniya mümkünsüz bir şey olardı.
Iyunun 6-da onu da xatırlatmaq lazımdır ki, kütləvi qətllərin qarşısını almaq üçün Qərb qoşunlarının hücumu bir qədər gec baş tutdu. Ancaq bu gecikmiş mərhələdə də onların fəaliyyəti anlaşılmaya bilər. Hitler britaniyalılarla ittifaqa girməyə üstünlük verərdi. Onun irqçi ideologiyasında britaniyalılar qardaş xalq hesab olunurdu.
Almanlar Uinston Çörçelə minnətdar olmalıdır ki, o, Birinci Dünya Müharibəsindən sonra haldan düşmüş amerikalıları onlardan bu qədər uzaqda baş verən müharibədə gənc əsgərlərini qurban verməyə razı sala bildi. Amerika prezidenti Franklin Ruzveltlə yazışmada ədəbiyyat üzrə gələcək Nobel mükafatçısı Çörçel Birinci Dünya Müharibəsi dövründən ayrıca fəaliyyə göstərən amerikalıları müharibəyə cəlb edə bildi.
1945-ci ildən sonra cəza olmadı. Baxmayaraq ki, almanların gətirdiyi bütün dəhşətlər fonunda bu təəccüblü görünməzdi. “Marşal planı” əslində mükafat idi. Bir çox zavodların sökülməsinə baxmayaraq Almaniyanın şərqi də tez ayağa qalxdı. Sovet təsir zonası ölkələri ilə müqayisədə ADR-də həyat səviyyəsi xeyli yüksək idi.
“Amerikalıları mədəniyyətsiz adlandırmaq olmaz”
ABŞ-ın Ikinci Dünya Müharibəsindən sonra xarici siyasətdəki fəaliyyətinə gəldikdə, burda fikirlər fərqlidir. Əfqanıstanda islamçılarla uğursuz ittiffaqlar olub, uğursuz hərbi müdaxilələr və hərbi yalanlar olub. Ancaq ağılsız Səddam Hüseynin və onun özündən də betər oğullarının vaxtında Iraqın vəziyyəti daha yaxşı olacaqdı? Olduqca şübhəlidir. Iraqın diktatordan azad edilməsinin səhv, ya doğru olduğunu şüurlu şəkildə yalnız bir neçə onillikdən sonra qiymətləndirmək mümkün olacaq.
Qalır bir aspekt – amerikalıların guya mədəniyyətsiz olması. Bu fikri dəstəkləyənləri çətin ki, amerikalıların elm və incəsənət sahəsində uğurlarına istinadla inandırmaq mümkün olsun. “Die Welt”-in iddiasına görə, bəlkə bu xatırlatma kömək edər: altı milyon yəhudini öldürənlər əsl mədəniyyətin yoxluğunun nə olduğunu bilməlidir.
Fizzə