Maaşların azlığı əhaliyə hətta güzəştli ipotekadan yararlanmağa imkan vermir
Hökumət rəsmiləri əhaliyə, xüsusilə gənclərə yönəlik addımların atıldığını desələr də, reallıqda bu istiqamətdə tutarlı bir iş görüldüyünü görmək olmur. Nəzərə alaq ki, bir çox ailələrin, xüsusilə gənclərin əsas problemi mənzil almaqdır və bu sahədə hələ də ciddi problemlər qalır. Rəsmilər problemin həlli kimi ipoteka kreditlərini göstərir. Lakin ipoteka şərtlərinin və kredit faizlərinin yüksək olması səbəbindən əksəriyyət üçün bu yolla mənzil almaq mümkünsüzdür.
Hətta güzəştli (sosial) ipoteka kreditlərin də şərtləri kifayət qədər ağırdı. Bu ipoteka növündən yararlananların yararlananların sayına baxanda da bunu görmək olur.
Belə ki, dövlət büdcəsi hesabına verilən güzəştli ipoteka kreditlərindən daha çox hərbi qulluqçular faydalanıb. İpoteka Fondunun məlumatına görə, bu ilin birinci rübündə bu növ kreditlərin 82 faizi hərbi qulluqçulara verilib. Məcburi köçkünlər güzəştli kreditlərin 7,8 faizini, dövlət qulluqçuları 6,8 faizini, elmlər namizədi 1,8 faizini, idmançılar 1,3 faizini, şəhid ailəsi 0,3 faizini alıb.
Qeyd edək ki, güzəştli ipoteka kreditlərindən yalnız müəyyən sosial qruplar istifadə edə bilər. Bunlar şəhid ailəsinin üzvü (həyat yoldaşı, övladları), Milli Qəhrəman (özü, həyat yoldaşı, övladları), məcburi köçkün və ya ona bərabər tutulan şəxs, 3 ildən az olmayan müddətdə dövlət qulluqçusu işləyən şəxs, elmlər namizədi və ya doktoru elmi dərəcəsi olan şəxs, idman sahəsində xüsusi xidmətləri olan şəxslər, həmçinin 3 ildən az olmayan müddətdə hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), eləcə də ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçular ala bilər.
Verilən güzəştli ipoteka kreditinin məbləği 50 min manatdan çox ola bilməz, minimum 3, maksimum 30 il müddətinə verilə bilər, kredit üzrə illik faiz dərəcəsi 4 faizi ötə bilməz.
Rəsmi məlumata görə, 2014-cü ilin birinci rübündə 2651 güzəştli ipoteka krediti verilib.
Həm verilən ipoteka kreditlərinin sayına, həm də onu alan sosial qrupların nümayəndələrinə nəzər salanda görmək olur ki, bu ipoteka kreditin yalnız adı güzəştli ola bilər. Çünki ölkədə bir çox sahələrdə çalışanların aldığı əmək haqqı hətta güzəştli ipoteka kreditlərinin alınmasına imkan vermir. Bura ilk növbədə elmi fəaliyyətdə məşğul olanları və şəhid ailələrini göstərmək olar. Bu sosial qrupa aid olanların dövlətin güzəştli şərtlərindən belə yararlana bilməməsi bu insanlara olan «qayğısının» göstəricisidir.
Fizzə