Nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri «The Guardian»da xüsusi məqalə ilə çıxış etdi
Avropada ən nüfuzlu mətbu orqanlardan sayılan Ingiltərənin “The Guardian” qəzetində ötən gün “Azərbaycanda demokratiya tapdalanır” başlıqlı məqalə dərc olunub. Məqalənin müəllifləri isə “Amnesty International” beynəlxalq insan haqları təşkilatının direktoru Keyt Allen, Məhbus Jurnalistlər Birliyinin rəhbəri Salil Tripati, “Article 19″ təşkilatının başçısı Ann Kallamar, tanınmış hüquq müdafiəçisi Nataşa Şmidt və Media Müxtəlifliyi Institutunun direktoru Milik Pezkidir. Müəlliflər ”Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin təsisçisi Eynulla Fətullayevin həbsinin beşinci ildönümü olduğunu da məqalədə xatırladıblar.
“The Guardian” qəzetində yayımlanan məqalədə Azərbaycan hakimiyyətinin demokratik prinsiplərə qarşı çıxdığı vurğulanıb. Ictimai Palatanın keçirdiyi 17 aprel mitinqi və polisin aksiyaya sərt müdaxiləsi xüsusi qabardılıb: “Yaxın Şərq və Şimali Afrika ölkələrini bürüyən inqilab dalğasından sonra Azərbaycan vətəndaşları və demokratiya tərəfdarları aprelin 17-də Bakı küçələrinə axışaraq etiraz aksiyası keçirdilər. Hökumət aksiyaya sərt müdaxilə edərək sərbəst toplaşmaq və söz azadlığına olan aqressiv münasibətini bir daha göstərdi. Eynulla Fətullayevin həbsdə qalması Azərbaycanda söz azadlığının hər ötən gün daha da pisləşdiyindən xəbər verir. Azərbaycanda müstəqil mediaya qarşı hücumlar davam edir. Jurnalistlərin fiziki hücumlara məruz qalması və həbs olunması adi hala çevrilib. Beynəlxalq təşkilatlar və demokratik dünya dəfələrlə Azərbaycan hakimiyyətini insan haqları, demokratiya və söz azadlığının kobud şəkildə pozulmasına görə sərt tənqid edib”.
Müəlliflər beynəlxalq insan haqları təşkilatlarını və demokratik dövlətləri Azərbaycan hakimiyyətinə qarşı sərt addımlar atmağa çağırıb. Onlar eyni zamanda, Əliyev hakimiyyətinə də insan haqlarına hörmət etməyə, Eynulla Fətullayevi azadlığa buraxmağa, vətəndaşların sərbəst toplaşmaq hüququnu tanımağa dair çağırış edib.
İnformasiya şöbəsi