Ştrasser siyasi məhbuslarla bağlı konfrans təşkil edir; tədbirdə Azərbaycan iqtidarının tənqidçiləri olacaq
Xədicə İsmayıl: «Siyasi məhbusların olmamasını arzulama hansısa ölkənin necə əleyhinə ola bilər, bunu anlamıram»
İyunun 2-də Berlində Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Azərbaycanda siyasi məhbuslar məsələsi üzrə keçmiş məruzəçisi Kristofer Ştrasser “Siyasi məhbuslarsız Avropa yolunda” adlı konfrans təşkil edir. Konfransın təşkilatçısı qismində hazırda Almaniyanın insan haqları üzrə müvəkkili olan Kristofer Ştrasserlə yanaşı Azərbaycanla bağlı “kürü diplomatiyası” hesabatının müəllifi olan Avropa Sabitlik Təşəbbüsü (ESİ) çıxış edir. Konfransa maliyyə dəstəyini isə Açıq Cəmiyyət Fondu verir.
Konfransa avropalı siyasətçilər, parlamentarilər və hüquq müdafiəçiləri dəvət olunub. Onlar Avropa Şurası, Avropa İttifaqı və beynəlxalq insan haqları təşkilatlarının Avropada siyasi məhbuslar problemini yaxın vaxtlarda necə aradan qaldıra biləcəklərinə dair müzakirələr aparacaqlar.
Konfransın mövzusu bilavasitə Azərbaycanla bağlı olmasa da, artıq hakimiyyətə yaxınlığı ilə seçilən bəzi saytlar bu konfransı anti-Azərbaycan tədbiri adlandırmağa başlayıb. İstisna deyil ki, yaxın günlərdə hakimiyyət mətbuatı növbəti anti-Almaniya kampaniyasına start verəcək.
Konfransa məruzəçi qismində “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayıl da dəvət alıb.
Digər məruzəçilər isə Norveç Helsinki Komitəsinin baş katibi Byern Enqesland, Azərbaycan hakimiyyətinin özü üçün arzuolunmaz şəxs elan etdiyi Almaniya federal hökumətin insan haqları siyasəti və humanitar yardım üzrə keçmiş komissarı (ombudsman) Markus Löninq, Azərbaycan hakimiyyətini tənqid etməsi ilə tanınan İrlandiyadan deputat Maykl Maknamara, Berlində yaşayan blogger, “Meydan” TV-nin rəhbəri Emin Milli, Rusiyada istintaq təcridxanasında öldürülən vəkil Sergey Maqnitskinin işlədiyi “Hermitage Capital” investisiya fondunun baş direktoru, ABŞ-da Rusiyaya qarşı “Maqnitski aktı”nın qəbul edilməsi üçün genişmiqyaslı kampaniya aparmış Bill Brauder və digərləridir.
«Azadlıq» qəzetinə açıqlamasında Xədicə İsmayıl Avropada siyasi məhbusların olması əleyhinə böyük bir kampaniyanın başlandığını bildirdi. Onun fikrincə, bu, Azərbaycan xalqının və Avropa ərazisində siyasi məhbuslarla bağlı pis təcrübəyə yol verən başqa ölkələrin xalqlarının faydasına olan bir tədbirdir: «Həmin tədbirdə danışmağa dəvətliyəm. Eyni zamanda Avropanın, Almaniyanın, İngiltərənin bir sıra siyasətçiləri dəvətlidirlər. Azərbaycandan bir neçə hüquq müdafiəçisi dəvətlidir. Bu konfransda çıxış yolları axtaracağıq ki, necə edək, Avropada siyasi məhbuslar olmasın».
X.İsmayıl bu konfransı anti-Azərbaycan tədbiri adlandıranları anlamadığını vurğuladı: «Siyasi məhbusların olmamasını arzulamaq hansısa ölkənin əleyhinə necə ola bilər, bunu anlamıram. Bu xəstə təxəyyülü təsəvvürümə gətirə bilmirəm».
Fizzə