“Lider” kanalının əxlaqı “ANS”ə də sıçradı. Yaşı 16-dan aşağı olan uşaqları ekran başından uzaqlaşdırdıq. Təxmin eləmək olardı ki, elə bir şey göstərəcəklər, 16 yaşdan aşağı uşaqlar o cür şey görməyib, o qələti eləməyib, görsələr pozulub dədələrinin başına daş salacaqlar.
Sən demə, Bernar Fasye pamperssiz gəzirmiş. Qarabağın düzündə sıxışıb və özünü verib çöllüyə. Peşov eləyib. Ona ar olsun!
Insan nə qədər əxlaqsız ola bilər ki, sidik kisəsi dolanda peşov eləmək istəyə. Qardaş, kasan dolub, səbr elə. Döz. Gözlə nə vaxt bir yaşayış məntəqəsinə çatarsız, onda bir tualet ararsan, özünü verərsən ora və dişinin dibi gizildəyənəcən şırhaşır qopararsan. Bax, dözüm yaxşı şeydi. Bizim xalqın da səbr kasası dolub, daşır. Ancaq gör səsini çıxarırmı? Özünü çölə-meydana verirmi? Xeyr! Tək-tük Fasye kimilərdi işi korlayan. Belə tərbiyəsiz adamlara cəmiyyətimizdə yer yoxdu. Qardaş, aşıb-daşsan da gərək dözəsən. Sənə deyirlər, get sürücülük məktəbinin həyətinə, orda xilas ol, get stadiona, oranı sula. Daha modern patavalı küçələrə çıxıb hakimiyyəti sulamaq nəyə lazım?
Fasyenin bizim mentalitetdən xəbəri yoxdu. Ona görə də özünü elə əxlaqsız aparıb. Bizim camaatı YAP elə öyrədib ki, ölsən də, qarnın cırılsa da üzünə bir təbəssüm verib, dilini dişinlə sıxmalısan, ama nə badə səsini çıxarasan. Təbii ehtiyacları ödəmək üçün ictimai yerlər var. Peşov eləmək üçün tualet varsa, azad toplaşmaq üçün də kinoteatrlara nə gəlib?
Sizi inandırıram ki, Fasye nəinki bizim torpaqları murdarladı, hətta xalqın azadlıq, domokratiya savaşının içinə də elədi. Camaat yeni-yeni ayılmağa başlayırdı, azadlıq, demokratiya eşqinə düşmüşdü. Avropa yolu arzulamaq üçün istixarə eləyirdi. Elə bu vaxt ANS xalqın gözünü açdı. Sən demə, Avropalılar çox əxlaqsız, tərbiyəsiz camaat imiş. Bayıra getmək istəyəndə yaxınlıqda tualet görməsələr, utanıb-qızarmadan özlərini verirmişlər çölün düzünə. Ama biz neynərdik? O süjeti çəkənlər neynərdi sıxışdığında? Efirə verənlər neynərdi? Heç nə – o cür heç bir əndazəyə sığmayan əxlaqsızlıq, tərbiyəsizlik eləməkdənsə altlarına elərdilər.
Fasye bizi məhv elədi. Biz artıq savaşı uduzduq. Irtica artıq qələbəsini bayram eləyə bilər. Xalqımız kor deyil, gözüylə gördü ki, Fasye peşov elədi, özü də açıqlıqda. Indi bundan sonra YAP hakimiyyətini necə dəstəkləməyəsən, necə azadlıq deyib qışqırasan? Fasyenin peşovundan sonra Əli Əhmədovun, Siyavuşun, Mübarizin imamzada olduğuna necə inanmayasan. Onlar belə iş tutardımı heç? Daha azadlıq istəməyə heç üzümüz qalmadı. Başına daş düşsün, Fasyeni əski üstə qoyan!
Indi, allahtərəfi deyək də, Fasyeni peşov eləyəndən sonra görən xalq Əliyev hakimiyyətini necə dəstəkləməsin? ATƏT Azərbaycan hakimiyyətini aksiyaları vəhşicəsinə dağıtmaqda ittiham etməmişdimi? Etmişdi. Fasye ATƏT-in Minsk qrupunun üzvü deyilmi? Üzvüdü. Elə çölün düzündə peşov eləyən də həmin bu Fasye deyildimi? Fasye idi. Demək, ATƏT əxlaqsız, mənəviyyatsızdı. Deməli, onun tənqid elədiyi tərəf başdan ayağa nurdu! YAP məmurları, böyüyündən kiçiyinə lap cəhənnəmin ortasında qalalar, sidik kisələri 10 ton maye ilə dola, onlar tualet olmadan kiçik və ya böyük bayıra çıxarlarmı? Heç vaxt. Başlarına güllə çaxasan, çıxmazlar. On gün avrotəmirli tualet tapmasalar, Fasyenin elədiyini eləməzlər. Neynərlər? Mən nə bilim.
Hər nə isə, Fasye bir çuval ənciri bərbad elədi. Onun peşovundan sonra YAP hakimiyyətinin dayaqlarının daha da möhkəmləndiyini hiss eləyirəm. Kadrı görən çocuqlar isə, heyrət içindədi. Hamısı bir-birindən soruşur ki, sən demə, peşov əxlaqsızlıq imiş. Yazıq uşaqlar elə bilirmiş ki, adamın içi dolanda bayıra çıxmalıdı. Hakimiyyət isə deyir ki, bütün dəlmə-deşiklərinizə çivkə vurun, çıxıntılı yerlərdən qıfıl asın. Əks halda onlar hakimiyyətdə qalmağa haqları olduğunu güman eləyəcəklər.