«Nazir İran və Rusiya ilə hərbi əməkdaşlığın bütün sahələri üzrə fikirlərin üst-üstə düşdüyünü deyib»
Sülhəddin Əkbər: «Ölkə rəhbərliyi Azərbaycanın yürütdüyü hərbi-təhlükəsizlik siyasəti ilə bağlı ictimaiyyətə məlumat verməlidir»
Azərbaycanın müdafiə naziri Zakir Həsənov Moskvada Beynəlxalq Təhlükəsizlik Konfransı çərçivəsində rusiyalı həmkarı Sergey Şoyqu və iranlı həmkarı Hüseyn Denhqanla görüşlər keçirib. APA-nın məlumatına görə, nazir hər iki ölkə ilə hərbi əməkdaşlığın bütün sahələri üzrə fikirlərin üst-üstə düşdüyünü deyib.
Nazirin bu açıqlaması Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarın və Ağ evin ünvanına sərt ittihamlar və hədələr səsləndirdiyi bir vaxta təsadüf edir. Ramiz Mehdiyev fürsət düşmüşkən başqa Qərb diplomatlarını da hədəfə alıb.
Rusiya ilə Qərbin Ukrayna məsələsinə görə toqquşduğu bir dövrdə Azərbaycan hakimiyyəti Qərbi hədəfə alır və Kremlə yönəlik jestlər edir. Lakin xatırlatmaq yerinə düşər ki, bir neçə ay əvvəl Rusiya və İranla münasibətləri gərgin olan rəsmi Bakı Vaşinqtona nümayəndə heyəti göndərərək cənub və şimaldan əzildiyini deyirdi.
ABŞ-ın onu şimal və cənub qonşularından qorumağa çağıran Azərbaycan hakimiyyətinin mövqeyini belə kəskin dəyişməsi nə ilə bağlıdır?
Azad Demokratlar Partiyasının təşkilat komitəsinin sədri, təhlükəsizlik məsələləri üzrə ekspert Sülhəddin Əkbər hesab edir ki, ölkə rəhbərliyi Azərbaycanın yürütdüyü hərbi-təhlükəsizlik siyasəti ilə bağlı ictimaiyyətə məlumat verməlidir. Azərbaycanla Rusiyanın hansı hərbi maraqlarının üst-üstə düşdüyünə aydınlıq gətirilməlidir. Ən azı müdafiə nazirliyinin mətbuat xidməti bununla bağlı açıqlama verməlidir. Bu sözlər həm Rusiyaya, həm də İrana aiddir.
Ekspertin sözlərinə görə, görünür belə mövqe yeni yaranmış hansısa beynəlxalq konyektura ilə bağlıdır. Azərbaycan tərəfi çalışır ki, geopolitik vəziyyətin gərginləşdiyi bir durumda təhdid gözlədiyi tərəflərin hamısını razı salan açıqlamalar versin. Ona görə də bu tip açıqlamalar gözləniləndir. Digər tərəfdən bu Rusiya qorxusundan irəli gəlir: «Hakimiyyət hətta müxalifətin bu istiqamətdə açıqlamalarına qıcıqla cavab verir ki, qonşularla münasibətləri korlamaq istəyirlər. Güya qonşularla münasibətlər çox normaldır və onu kimlərsə korlamaq istəyir».
Fizzə