İsveçdən gələn qərar bunu zəruri edir
Bu günlərdə, deyəsən, spiker Oqtay Əsədovun belə bir açıqlaması yayıldı ki, Azərbaycanlı mühacirlər ölkəyə qaytarılacaq. Parlamentin sədri çox böyük vəzifədir və bu məqamdan səslənən fikrə mötəbər yanaşmaq lazımdır. Azərbaycanlı siyasi mühacirlərin ölkəyə qaytarılması üçün hökumətin hansı addımlar atacağı, bu ,,qaytarma əməliyyatı,, üçün nə qədər yazışma və əziyyət çəkmək lazım gəlir. Nəyə görə? Mühacirləri geri qaytarmaq üçün uğraşmağın heç bir mənası yoxdur. Sadəcə olaraq, insanları öılədən didərgin salan səbəbləri ortadan qaldırmaq lazımdır. O halda, bütün mühacirlər ğzləri geri qayıdacaqlar. Parlament sədri müdrik adamdır yəqin, belə hikmətləri bilməmiş deyil. Amma «biz mühacirləri geri qaytaracağıq» ifadəsinin arxasında qisas məqsədi də dayana bilər. Hökumət bütün imkanlarını səfərbər edib bir neçə nəfəri geri qaytarmaq və onları öz almində, necə lazımdır, cəzalandırmaq fikrinə düşə bilər ki, həm qisas alsın, həm də başqalarına görk olsun. Məsələn, sabiq polis işçisi Tural Məhərrəmov olayında olduğu kimi.
Tural Məhərrəmov İsveçə sığınıb. Azərbaycan hökuməti israrla onu geri qaytarmağa çalışır və bunun üçün bütün diplomatik səylərini səfərbər edib, pul xərcləyir. Ən azı, 2013-cü ilin fevral ayından üzü bəri Azərbaycan Ədliyyə Nazirliyinin qərarı elan olunandan indiyə qədər İsveç və Azərbaycan ədliyyələri arasında şıdırğı və gərgin yazışma gedir.
Tural Məhərrəmovu geri qaytarmaq üçün düşünülmüş variantların detallarına varmamaq da olar. Sadəcə olaraq, iş budur ki, guya polis əməkdaşı Tural Məhərrəmov saxta nömrə nişanlı avtomobil idarə edirmiş, nəsə-filan. İsveç hökumətinin və ədliyyəsinin bu epizod üzrə cavabı da sadədir. Ki, bu maddə üzrə ekstradisiya ola bilməz, çünki bekara şeydir və buraxın bu zarafatı. Amma əsas məsələ İsveç ədliyyəsinin verdiyi cavabdır. Bu cavab Azərbaycan haqqında rəsmi təsəvvürlərin (həm də yalnız İsveçdə deyil, bütün Avropafa) Oqtay Əsədovun arzularına uyğun gəlmədiyinin gerçək təsdiqidir.
«…12 Xarici İşlər Nazirliyindən alınan Azərbaycandakı insan hüquqlarına dair olan 2011-ci ildə yazılan raportdan məlum olur ki, ölkədəki (Azərbaycandakı) məhkəmə sistemi icra orqanlarından asılı olmadan hərəkət etmir.
Həmçinin, rəsmi mənbələrdə ölkədəki hakimlərin səriştəsiz olduqları… vurğulanır. Polis bölmələrində, dustaqxanalarda və digər dövlət orqanları tərəfindən idarə olunan işgəncə, yaxud qeyri insani və ya ləyaqəti alçaldan rəftar çox geniş yayılmış problemdir….».
Bu və buna bənzər başqa səbəblərə görə Tural Məhərrəmov Azərbaycana verilmir. Və bu, İsveç hökumətinin Azərbaycan haqqında qənaətindən doöan rəsmi qərardır. Oqtay Əsədov bu gerçəkliyi dəyişmək üçün təşəbbüs göstərə bilərmi? Göstərməlidir. Çünki o, vətənpərvərdir, ölkədəki və dünyadakı hər bir azərbaycanlını dəlicəsinə sevir və ölkədən didərgin düşən azərbaycanlıların geri qaytarılması üçün əlindən gələni etməyə hazır olmalıdır.
Oqtay müəllim, Azərbaycandakı gerçəkliyi dəyişin! Siz təşəbbüs göstərin və sizə hər cür dəstək olacaq. Millət sizin arxanızda duracaq!
Azad Akifoğlu