Natiq Güləhmədoğlu
Hörmətli Ramil müəllim!
Hüquq müdafiəçisi Leyla Yunusa qarşı sizin polislərin insanlığa yaraşmayan, qanacaqsız davranışını izlədikdən sonra bu məqaləni yazmaq ehtiyacı hiss etdim.
Qəbul edirəm ki, Leyla Yunusun şərlənməsi, tutulması sizin iradənizdən üstün məsələdir. Xoşbəxtlikdən qibleyi-aləm Ilham müəllim bir ictimai-siyasi fəalı damlamaq qərarını hələ ki, özündə saxlayır, bu lütfü sizə qıymır. Bu kimi məsələlərdə polis və sizlər tez-tez dediyiniz və bizim də inandığımız kimi, buyruq quludur.
Amma antik Roma və Yunanıstandan üzü bəri qulun, qulluqçunun da bir ədəbi-ərkanı var ki, sizin polislər onlara da tüpürür və mən də bundan danışacağam.
Hətta sivil dövətlərdə belə, polis əmrə tabe olduğundan, özfəaliyyət imkanları məhdudlaşdığından, bizim kimi ölkədə isə tam avtoritarizm hökm sürdüyündən, yəqin, Azərbaycan polisi ilə sizin aranızda bərabərlik işarəsi qoysam, məndən inciməzsiniz. Mən bütün polisləri sizin obrazda görürəm. Ona görə də Leyla Yunus məsələsilə əlaqədar hansısa X polislə yox, sizinlə həmsöhbət olmaq niyyətindəyəm.
Cənab nazir, mən xaraktercə hər şeydə bir müsbət cəhət axtaran, görən adam olduğumdan, sizinlə bağlı da bu istiqamətdə araşdırma etmişəm. Qənaətimcə, üç məsələdə sizin barənizdə müsbət danışmaq olar.
Bir: Deyirlər ki, siz polislərə vətəndaşların mülkiyyət “rozborka”larına qarışmamaq barədə göstəriş vermisiniz;
İki: Rauf Arifoğlunun kitabında yazdıqlarına inansaq, millətsevər birisiniz;
Üç: Sizə və ya sizə yaxın adamlara aid olduğu iddia edilən şadlıq saraylarında, restoranda haram ətdən təamların hazırlanması qəti qadağandır. Etiraf edək ki, bütün bu müsbətlər dərin tənqidə dözümsüzdü. Çünki onlar qulaqdan dolma informasiyalara əsaslanıb, azı 3 mənbədən təsdiqini tapmayıb və s. Əlbəttə, bu, sizin başqa müsbət xüsusiyyətlərinizin olmasını istisna eləmir. Yəqin ki, başqa müsbət məziyyətləriniz də var, fəqət, məlumunuz olsun ki, geniş xalq kütlələri və bəndeyi-həqiriniz onlardan xəbərsizdir. Bilsəydim, yazardım, niyə xəbislik edim ki…
Sadaladığım kövrək “müsbətlərin” fonunda sizin xeyli neqativ, hər bir azərbaycanlının barmaqla sayıb qurtarmayacağı qədər mənfi cəhətləriniz var. Görəsən bunlardan məlumatlısınızmı? Başa düşürəm, özünüzə təskinlik üçün dünyanın hər yerində polisin o qədər də mərhəmətli obrazının olmadığını deyirsiniz. Özünüz bilərsiniz, amma bunu da unutmaq lazım deyil ki, “müsbətlər”iniz kimi, bu təsəlli də çox kövrəkdir.
Ramil müəllim, biz totalitar sovet sistemindən çıxmışıq, siz o sistemdə milis formasını qazanmısız: dönüb keçmişə baxmaq sizin üçün hamıdan asandır, dönün bir baxın, milisin el içində hörməti necə idi, indi necədir?
Ramil müəllim, sizin etdikləriniz (bir daha xatırladıram ki SIZ xüsusi yox, ümumini – Azərbaycan polisini əhatə edir), artıq son həddir, bu nə yerə sığandı, nə göyə.
Bəli, siz hələ qarnımızı güllə ilə dəlmə-deşik eləmirsiz, lakin etdikləriniz bunun yanında çox dəhşətli, əzablıdır. Ləyaqətli insanların qürurunu sındırmaq, onu böhtana tuş etmək, şərəfini alçaltmaq, göz istənilən yerdə başı kəsib gətirmək… Bunlar ölümdən də betərdi.
Leyla Yunusa qarşı o davranışın adı nə idi? Nə etmək istəyirsiz, nədən bu zavallı xalqla bu cür davranırsınız? Bizlər nəyin günahkarıyıq? Vallahi, bu xalqı qəzəbləndirəcəksiniz, içindən bir Qandi çıxacaq və heç nə yox, təkcə “filankəsin restoranlarında toy etməyin, orada yediyiniz ərzaq deyil, irindi-qandı” şüarı ilə səfərbər olub, biznes şəbəkəsini boykota çağıracaq. Buna dözə biləcəksinizmi? Ağlım kəsmir!
Ramil müəllim, sizin bir dəfə “mən Heydər Əliyevə görə nəvə-nəticələrimə düşmən qazanmışam” etirafınıza şahidəm. Mərhəmətinizə sığınıb, sizi bu barədə təkrar düşünməyə dəvət edirəm: Əlahəzrət, demişkən, bəlkə bir az yavaşlayasız, bəlkə düşmən qazanmağınız kifayətdi. Ölüm-itim dünyasıdır, ağsaqqal yaşındasınız, məncə, dost qazanmağınızın zamanı nəinki gəlib, artıq o zamanı da itirirsiz.
Siz özünüzü təriflətdirdiyiniz adamları dost saymayın, onlar sabah, vəziyyət dəyişəndə kürəyinizə birinci xəncər taxanlardan olacaq. Necə ki, Əli Insanov, Rəfael Allahverdiyev, Sirus Təbrizli məqamını itirəndə biz bunu açıq-aydın gördük. Sizi ruhdan salmaq istəmirəm, ancaq sizə görə zaman da xasiyyətini dəyişən deyil. Belə gedişatla, sizi də o aqibət gözləyir.
Ramil müəllim, anlayıram ki,ÿcəmiyyəti demokratik yolla idarə etmək bacarığınız yoxdu, buna heç həvəs də göstərmirsiniz. Siz “zor olan yerdə ağla nə ehtiyac var”, prinsipinə səcdə edirsiz. Lakin zordan da, gücdən də gərək əndazədə istifadə edəsən. Siz isə zor məsələsində də israfçılıq edirsiniz.
Qardaş, siz cəmiyyəti qorxu, xofla idarə etmək istəmirsiniz? Edin. Amma olmazmı, bunu da müəyyən ədəb, insanlıq prinsipləri çərçivəsində edəsiniz.
Adi bir məsələ: hələ indi də valideynlər uşaqlarını qaba və kəsə yolla tərbiyələndirmək üçün onların barmağını isti bir şeyə xəfifcə toxundurub, “cızza” deyir və bununla da xeyli dərəcədə uğura nail olurlar. Bu kobud yoldu, amma keçiləsidir, effektivdir.
Sizin doğrudan da niyyətiniz cəmiyyətdə asayişi qorumaq, sahman yaratmaqdısa, fəqət, bu işi kobud yolla etməkdirsə, nümunə verdiyim valideynlər kimi edin.
Sizsə belə edirsiz: uşaq heç istiyə meyl göstərmədən, onun cibinə nəşə qoyur, qoluna qandal vurur, sonra əlini biləkdən kəsib isti qəhvədana salırsız və deyirsiz ki, bir də istiyə toxunma, toxunsan, əlin yanacaq (halbuki, əli artıq kəsmisiniz), cibindən də nəşə çıxacaq, türməyə gedəcəksən!
Belə olmaz, vallah, belə olmaz. Siz cəmiyyəti hara sürükləyirsiz, fərqindəsinizmi? Leyla Yunusu gözü yaşlı, qəhərlənmiş formada insanlara göstərməklə demək istəyirsiniz ki, baxın, bu da sizin 30 ildir insan hüquq və azadlığı ilə məşğul olanınız… Nə istəyirik, onun başına gətiririk! Qanuni əsas olmadan tuturuq, bu müddətdə də elementar hüquqların icrasına fürsət vermirik…
Cənab general! Bu mesajı vermək istəyirsinizsə, Allaha dua edin ki, cəmiyyət o mesajı başa düşməsin. Çünki bu insanları açıq-aşkar zorakılığa sürükləməkdir, hüquqdan imtinaya təhrik etməkdir, qanunlara inamsızlıq aşılamaqdır. Təkamül insanlar hüququn işləmədiyi yerdə, məsələn, cəngəllikdə belə, ayıdan, qabandan, şirdən müdafiə olunmaq, onların üzərində zəfər qazanmaq vərdişi, təcrübəsi əldə edib.
Ay, şir hara, sizin polislər hara… Atavizmlərə həyat verməyin, Ramil müəllim!