Azərbaycanda ən maraqlı deputat seçki-şousu 2005-ci ildə olmuşdu, ərindən boşanan, arvadı ilə yola getməyən, nakam, qəlbiqırıq, köksüdağlı, bağrıyanıq, könlüsınıq kim varsa, deputatlığa namizəd olmuşdu, xeylisi də arzusuna çatmışdı. Mən o vaxtkı unikal, universal, fundamental və monumental deputatlığa namizədlərin bir çoxunu indi də xatırlayıram, onlardan biri zəlzələşünas Elçin Xəlilov idi.
Bu yoldaş namizədliyini deyəsən, Yasamaldan irəli sürmüşdü. O vaxt teleçıxışı zamanı elə beləcə də demişdi: “Ya yasamallılar məni deputat seçməlidirlər, ya da mən zəlzələ olsa, qabaqcadan xəbər verməyəcəyəm”.
***
Dünən isə oxudum ki, həmin bu Elçin Xəlilovu həbs ediblər. Səbəb? Gəlin rəsmi xəbəri oxuyaq: “Aparılmış istintaqla müəyyən edilib ki, Elçin Xəlilov Müdafiə Nazirliyinin Elmi-Tədqiqat Mərkəzinə rəhbərlik etdiyi müddət ərzində vəzifə səlahiyyətlərini aşmaqla külli miqdarda dövlət əmlakını talayıb”.
Indi isə gəlin Elçin Xəlilovun bioqrafiyasına ötəri bir göz ataq:
Geologiya-mineralogiya elmləri doktorudur. 1984-cü il üçün elm və texnika sahəsində Azərbaycanın Lenin Komsomolu Mükafatı laureatıdır. Zəlzələlərin proqnozu və vulkan püskürmələrinin öyrənilməsi sahəsində 1990-cı ildə Lomonosov adına MDU-da (Moskva şəhəri) doktorluq dissertasiyası müdafiəsi edib.
1999-cu ildən AMEA Rəyasət Heyəti yanında Daimi Komissiyanın həmsədri, Prezident yanında Ali Attestasiya Komissiyasının üzvü, 2000-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Ekspert Şurası Sədrinin müavini təyin olunub.
2001-ci ildə Beynəlxalq Elmlər Akademiyasının (Avstriya, Insbruk) həqiqi üzvü (akademiki) və Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan Bölməsinin prezidenti seçilib.
2002-ci ildə elmi tədqiqatlarına görə Beynəlxalq Elmlər Akademiyasının qızıl döş nişanı, 2003-cü ildə E.Xəlilov, Nobel mükafatı laureatı P.N.Kapitsanın “Elmi kəşfin müəllifinə” adı altında, gümüş medalla təltif edilib.
2003-cü ildə AMEA akademiki Şəfaət Mehdiyev, Rusiya Elmlər Akademiyasının akademiki V.E.Xain və s. ilə birlikdə “Vulkan püskürmələrinin zaman-məkan paylanmasının qanuna uyğunluğu” adında elmi kəşfin 239 saylı diplomunu alıb.
2006-cı ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Yer Elmləri üzrə Ekspert Şurasının sədri təyin olunub.
2006-cı ildə “Zəlzələyə davamlı tikinti üzrə yeni texnologiya” NATO Beynəlxalq Layihəsinin Direktoru vəzifəsinə təsdiq edilib.
2007-ci ildə Beynəlxalq Elmlər Akademiyasının S&E vitse-prezidenti, 2008-ci ildə Rusiya Təbii Elmlər Akademiyasının akademiki, eyni ildə Ümümdünya Elmi Əməkdaşlıq Təşkilatının (London) vitse-prezidenti seçilib.
2009-cu ildən Zəlzələlərin Proqnozlaşdırılması üzrə Qlobal Şəbəkə (GNFE)-nin (London) baş direktorudur.
2009-cu ilin dekabrında, geoloci ətraf mühitin global dəyişikliklər üzrə beynəlxalq komitənin əsaslı iclasında, 30 ölkənin alimlərini birləşdirən Geodəyişiklik Beynəlxalq Komitəsinin prezidenti seçilib.
Bu bioqrafiyada bəhsi keçən vəzifələrin, təltiflərin hansının nə qədər mötəbər olub-olmadığı dartışıla bilər. Amma hər halda görünən odur ki, adam pis-yaxşı alimdir, həyatını elmə həsr edib.
Indi isə…
Indi isə korrupsiyada, dövlət əmlakını talamaqda suçlandırılır.
Bu, Azərbaycanın nə qədər dəhşətli, acınacaqlı günlərə düşdüyünü göstərir.
Görün ölkədə necə çirkin bir sistem hakimdir ki, onun parçasına çevrilən alim belə, oğru, korrupsioner olmağa məhkumdur. Başqa yol sadəcə, yoxdur.
Biz dönə-dönə yazırıq ki, bu sistem qaldıqca kimin harada hansı vəzifə tutması önəmsiz, anlamsızdır. Kim olursan ol, sistemin parçası oldunmu, xirtdəyəcən pisliyə, çirkaba bulaşmağa məcbursan.
Elçin Xəlilovla bağlı baş verənlər bu deyilənlərin nə qədər doğru olduğunu gün kimi aydın göstərdi.
Inanın, Qaliley, yaxud Nyuton gəlsə və bu sistemin vintciyi, təkərciyi rolu oynasalar, onları da başqa aqibət gözləməzdi.
Bu elə bir sistemdir ki, kim olur olsun, hamıdan eyni şeyi tələb edir: talamağı, yağmalamağı!
Başqa nə yazım? Gerisini artıq özünüz düşünün. Düşünün və nəticə çıxarın.
***
Hələ mən onu demirəm ki, Elçin müəllim bundan sonra yəqin acığa düşüb təkcə yasamallıları yox, bütün Azərbaycanı zəlzələdən əvvəlcədən xəbərdar eləməsə, biz başımıza haranın daşını salacağıq?!