Fərahim Ilqaroğlu: «Hesab edirəm ki, video görüntülər olduğuna görə həmin şəxslərin tapılması sürətləndirilməli idi»
Aprelin 25-də döyülən “Yeni Müsavat” qəzetinin əməkdaşı Fərahim Ilqaroğlu dünən yenidən Nizami rayonu, 24-cü polis bölməsinə gedib. O, “musavat.com”a açıqlamasında bildirib ki, 24-cü polis bölməsinin rəisi Lətif Cahangirovla görüşüb və irəli sürülən versiyalar üzərində fikir mübadiləsi aparıblar: “Rəis mənə axşam təhdid zənglərinin gəlib-gəlmədiyini soruşub, mən də zəng olmadığını bildirdim.
Daha sonra bir neçə versiya irəli sürüb, həmin versiyaları mənimlə dəyərləndirdi. Həmçinin yenidən məhkəmə tibbi ekspertizadan keçdim. Baş nahiyəmdən ağır travma almışam, dişlərim sınıb, dodaqda ikitərəfli partlama, qollarımda qançırlar var. Bədənimin müxtəlif nahiyələrindən zərbələr aldığım müəyyən olunub. Ekspertizadan 24-cü polis bölməsinin göndərişi əsasında keçmişəm. Polis bölməsində mənə bildirdilər ki, iş araşdırılır, Daxili Işlər Nazirliyindən gələn göstəriş əsasında xüsusi əməliyyat qrupu yaradılıb və araşdırmalar aparılır”.
Jurnalist hələlik araşdırmanın gedişindən narazı deyil: “Hələlik yaxşı gedir, ancaq hesab edirəm ki, video görüntülər olduğuna görə həmin şəxslərin tapılması bir qədər sürətləndirilməli idi. Artıq ikinci gündür şübhəli şəxs və şəxslər qismində heç kəs saxlanılmayıb. Eyni zamanda, video kadrlardan da aydın olur ki, mənə üç nəfərlik dəstə planlaşdırılmış halda hücum edib. Konkret bir nəfərin hücumu olub, digər iki nəfər isə ətrafda müşahidə aparıb. Bacım kadrlara baxdı və mənə bildirdi ki, bu şəxsləri iki gündür mən səhər işə gedəndə maşınımın yanında görüb. Bacım onları hadisə baş verməzdən bir qədər əvvəl də maşınımın yaxınlığında görüb”.
F.Ilqaroğlu ona dəstək olan hər kəsə təşəkkürünü bildirib: “Işlədiyim ”Yeni Müsavat” qəzeti və əməkdaşlıq etdiyim “APA-Holdinq”in rəhbərliyi məsələ ilə bağlı Daxili Işlər Nazirliyinə müraciət edib. Yəqin ki, müraciətin nəticəsi olacaq. Düşünürəm ki, bunun əsasında göstəriş verilib və işimin araşdırılması üçün əməliyyat qrupu yaradılıb. Tələbim odur ki, tez bir zamanda həmin şəxslər tapılsın və cəzalandırılsın”.