Elçin Behbudov: «Vidadi İsgəndərli yalan danışır»
Vidadi İsgəndərli: «Mənim üçün artıq Elçin Behbudov adlı hüquq müdafiəçisi yoxdur»
İctimai Palatının 2 aprel mitinqində həbs edilənlər həm polis bölmələrində, həm də Binəqədi rayonundakı Müvəqqəti Saxlanma Təcridxanasında işgəncələrə mərzu qalıblar. Inzibati qaydada bir neçə sutka həbsdə saxlanılanlardan üçü – “Demokratiyanın Müdafiəsinə Kömək” Ictimai Birliyinin rəhbəri Vidadi Isgəndərli, Müsavat partiyası başqanının müavini Tofiq Yaqublu və partiyanın Məclis üzvü Mustafa Hacıbəyli dünən mətbuat konfransı keçirərək, başlarına gətirilənləri mediaya açıqlayıblar.
Mətbuat konfransında Vidadi İsgəndərli həmkarı, Işgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudovu ittiham edib: “Mən ona bizə verilən işgəncələrlə bağlı yazılı müraciətimi çatdırmaq istədim. Dedi ki, bu polislər qardaşlardır, qoy hamıya baş çəkim, sonra sizə baş çəkərəm. Bir də xəbər tutdum ki, artıq Elçin Behbudov çıxıb gedib”.
V.İsgəndərlinin ittihamıyla bağlı Elçin Behbudovun da fikirlərini öyrəndik. Hüquq müdafiəçisi “Azadlıq”a açıqlamasında V.Isgəndərlinin söylədiklərinin yalan olduğunu bildirdi: “Vidadinin dedikləri tamamilə yalandır. Nəsimi Rayon Polis Idarəsində olanda dedi ki, şəkərim var, dərman verilmir. Mən də onun şikayətini qaldırdım ki, niyə dərman verilmir. ”Polis qardaşdır” – mən belə ifadə işlətməmişəm. Ancaq desəm belə, bu ifadədə qəbahət heç nə yoxdur. Polis də Azərbaycan xalqının bir övladıdır. Polisin qardaş olduğunu öncə Vidadi Isgəndərli deməlidir. Axı o vaxtilə prokurorluqda işləyib və polisə nəzarət edib…”
E.Behbudov deyir ki, həbs olunanlarla görüşərkən Tofiq Yaqubluya da baş çəkib: “Tofiq bəy dedi ki, ağrılarım var. O dəqiqə Təcili Tibbi Yardım çağırdım və mənim yanımda onu müayinə etdilər. Sonra o, mənə məruz qaldığı işgəncələrlə bağlı müraciət etdi. Məndə o müraciəti aidiyyəti qurumlar qarşısında qaldırdım”.
V.Isgəndərlinin də bir şikayəti olduğunu deyən E.Behbudov həmin məsələni də polislərin diqqətinə çatdırdığını qeyd etdi: “Düzdür, mən Vidadiyə demişəm ki, səninlə sonra görüşərəm. Amma mən bunu niyə dedim? O, mənim yanımda hazırda adlarını çəkmək istəmədiyim bir neçə məmuru təhqir etdi. Axı mən ora getməmişəm ki, o, kimlərisə təhqir etsin… Mənim işim saxlanılanlarla görüşməkdir”.
V.İsgəndərli isə mətbuat konfransında səsləndirdiyi fikirlərin arxasında dayandığını deyir: “Elçin Behbudov mənimlə iki dəfə görüşdü. Birinci dəfə Binəqədidəki Müvəqqəti Saxlanma Təcridxanasında ona dedim ki, şəkərim var, dərmanlarımı alıblar, vermirlər. Ikinci şikayətimi ona Nəsimi Rayon Polis Idarəsində olarkən çatdırdım. Binəqədidən aprelin 6-da axşam saatlarında bir neçə nəfəri, o cümlədən məni Nəsimi polisinə gətirmişdilər. Ertəsi gün Elçin Behbudov ora gəldi. Mən ona dedim ki, sizə yazılı müraciətim var. Dedi ki, o birilərlə görüşüb sonda sənin yanına gələcəm. Bir də xəbər tutdum ki, artıq Elçin Behbudov çıxıb gedib. Mən də hamının yanında yüksək tonla bildirdim ki, bu gündən mənim üçün Elçin Behbudov adlı hüquq müdafiəçisi yoxdur, artıq elə adamı tanımıram”.
V.İsgəndərlinin sözlərinə görə, təcridxanada olarkən ora Ombudsman Elmira Süleymanovanın nümayəndələri də gəlib. Ombudsmanın nümayəndələrinə işgəncələr barədə məlumat verilib və məsələnin ictimailəşdirilməsi xahiş olunub. Lakin gözlənildiyi kimi, onlar məsələyə əhəmiyyət verməyiblər.
V.İsgəndərlinin sözlərinə görə, həm Elçin Behbudov, həm də Ombudsman Aparatının nümayəndələri saxlanılanlardan hər hansı problemlə üzləşdiklərini məhz polislərin yanında soruşublar ki, bu da düzgün deyil: “Işgəncə verən şəxslərin yanında bizə olan münasibəti öyrənmək nə dərəcədə düzgündür? Məni döyənin yanında desəm ki, filankəs məni döyür, o gedəndən sonra yenə işgəncə veriləcək”.
V.İsgəndərli 2 aprel mitinqilə əlaqədar həbs olunan şəxslərin işilə bağlı bir qrup hüquq müdafiəçisinin daxili işlər naziri Ramil Usubovla görüşməsinə də münasibət bildirdi: “Nədən görüş zamanı mənim məsələmi qaldırmayıblar? Əgər bir ölkədə insanların haqlarını qoruyan hüquq müdafiəçisini tuturlarsa, hansı məntiqlə ölkədə qanunun aliliyindən danışa bilərik?”
Ramin DEKO