Prokurorluq təkcə bir rayonun təhsil şöbəsində 2 milyonluq mənimsəmə aşkarlayırsa, deməli, ölkə üzrə milyardlar yeyilir
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisdə məruzəsində deyib ki, rəhbərlik etdiyi qurum ötən il xeyli miqdarda vəsaitin dövlət büdcəsinə və müvafiq qurumlara qaytarılmasına nail olub. Onun sözlərinə görə, Hesablama Palatası ötən il 75 audit yoxlaması həyata keçirib.
Bu zaman aşkarlanan pozuntuların əksəriyyəti büdcə qanunvericiliyinin pozulması, mühasibat uçotunun yanlış aparılması ilə əlaqədar olub: “Hesablama Palatası ötən il büdcə qanunvericiliyinin pozulması nəticəsində aşkarlanan 4,3 milyon manat, 38 min avroluq vəsaitin dövlət büdcəsinə ödətdirilməsinə nail olub. Dövlət Sosial Müdafiə Fonduna 196 min manat köçürülüb. 232 min manata yaxın vəsait bərpa edilib. Vergilər Nazirliyi ilə birlikdə 2,5 milyon manatlıq əlavə vergilər hesablanıb. 1,7 milyon manatlıq əlavə iş və xidmət müəyyənləşdirilib. 1,2 milyon manatlıq inventar avadanlıq və dərman vasitələri alınaraq dövlət orqanlarına verilib”.
Bəlli olduğu kimi, bu qurum büdcə xərclərinə nəzarət etmək üçündür. Büdcədən yayınmalar isə, yuxarıda qeyd edildiyi rəqəmlərlə ölçülmür. Baş Prokurorluğun yaydığı məlumatlara əsaslansaq, təkcə bir rayonda 2 milyon manatlıq korrupsiya faktı aşkar olunursa, büdcədən cəmi 4 milyonluq yayınmanın olması barədə deyilənlər qətiyyən inandırıcı deyil.
Iqtisadçı-ekspert Nemət Əliyev deyir ki, digər dövlət orqanları kimi, Hesablama Palatası da görüntü yaratmaq naminə fəaliyyət göstərir. Orada işləyənlər və qurumun rəhbərliyində təmsil olunanlar heç vaxt iradə nümayiş etdirib ölkədəki korrupsiya faktlarını açıb ortaya qoymazlar: “Hamı bilir ki, ölkə iqtisadiyyatının yarısından çoxu kölgə iqtisadiyyatındadır. Azərbaycanda hamı büdcənin talanmasından məlumatlıdır. Hesablama Palatasının səsləndirdiyi 4 milyon manatlıq vəsait gözə kül üfürmək deməkdir. Azərbaycan xalqı onsuz da bu nağıllara inanmır. Onlar gözdən pərdə asmalıdır ki, bizdə korrupsiyaya qarşı mübarizə gedir. Amma çalışırlar ki, korrupsiya ilə məşğul olan insanların üzərinə də kölgə salmasınlar. Ona görə də 50-ci, 60-cı dərəcəli adamların yaxasından yapışırlar ki, yeyinti faktı aşkara çıxarsınlar. Hansı sahənin maliyyə təsnifatının istifadəsinə baxış keçirilsə, mütləq yeyinti faktı aşkara çıxacaq. Əslində, Hesablama Palatasının özünün fəaliyyəti yalnız ”gözdən pərdə asmağa” yönəlib”.
Nigar