Faşist Almaniyasının vazkeçilməz bir adamı var: Gebbels! Hitlerin təbliğat və xalqı maarifləndirmə naziri olan Gebbelsi “yalanın atası” da saymaq olar. O, təbliğatda yalandan istifadəni nəinki məqbul bilən, hətta bunu vacib hesab edib tətbiq edənlərdəndir. Bir neçə nümunə verək.
Gebbels deyirdi:
– Kiçik yalanlara xalq daha az inanır, inandırıcı olmaq üçün yalan böyük olmalıdır;
– Lazımdırsa yalan danışmaqdan utanmayın, çəkinməyin;
– Insanların beyni tənbəldir. Bunu bilin və yalanlarınızı ona görə qurun. Tənbəl beyin yalanı daha rahat həzm edər;
– Danışdığınız yalanlara inananlar mütləq çox olacaq. Önəmli olan kütləni inandıracaq və yuxuya daldıracaq yalanları deyə bilməkdir;
– Bir yalanı nə qədər bacarırsınız, o qədər çox təkrarlayın. Belə olanda kütlə bir gün o yalanın sizə yox, özünə aid olduğunu düşünəcək, yalanı “özəlləşdirəcək”;
– Qarşı tərəf haqlı olsa belə, hər hansı mövzuda xətalı olduğunuzu, səhv etdiyinizi əsla qəbul etməyəcəksiniz.
Bunları deputat mandatı daşıyan və Ilham Əliyevin “vuran əli” sayılan təbliğat ruporu Etibar Hüseynovun son yazı və çıxışını dinləyəndən sonra yazmağı vacib bildim.
Etibar, bildiyiniz kimi, qaçqın və məcburi köçkünlərin ünvanına təhqiramiz, öz mərifətinə sığınan formada ifadələr işlətmişdi. Təbii olaraq, bu hadisə cəmiyyətdə narazılıq yaratdı. Iş o yerə çatdı ki, adamın hakimiyyətdəki həmkarları belə, Etibarı qınamaqdan qalmadı.
Onu yarımçıq üzr istəməyə də vadar edə bildilər. Ara bir az sakitləşəndən sonra Etibar “üzrxahlığın” beyət etdiyi Gebbels prinsiplərilə ziddiyyət təşkil etdiyini anlayıb, yenidən ictimai rəy üzərinə hücuma keçdi. Bu dəfə də Gebbelssayağı!
Diqqət edək, Etibardan sitatlar…
– Nə yazıqlar olsun ki, bu gün jurnalistikada ən asan və cəlbedici şey təhqir və dezinformasiya yazmaqdır. Və təhqirin də dozası nə qədər yüksək olursa, o, daha tez və həvəslə tirajlanır;
– Mirşahin efirə çıxaraq, məni təhqir etdi. Olsun. Amma nə üçün məhz təhqir? Bəyəm sözün əsl mənasında söz xiridarı olan Mirşahinin məni utandırmaq üçün bir neçə cümlə deməyə fikir qıtlığımı var idi?
– Bu gün əli qələm tutan hər kəs Etibar Hüseynovdan yazır, tənqid, hətta bir qədər də uzağa gedib təhqir;
– Məxsus olduğum tərbiyə də yol vermir ki… birisini təhqir edəm…
Indi siz Allah, tənbəllik etməyib, bu adamın yazdıqlarını Gebbelsin fikirlərilə tutuşdurun. Ilahi, adamın üzü nə qədər qırmızı olmalıdır ki, bütün karyerasını təhqir və böhtan üzərində qurub, sonra da təhqirin pisliyindən dəm vurasan?!
Bizim ölkədə təhqir və böhtana görə orden təsis olunsa, bu adamın boynundan asılmalıdır. Illərlə yalan danış, böhtan at, şər yax, cəmiyyətin ləyaqətli kəsimini ləkələ, sonra da dur, de ki, bilirsinizmi, bu təhqir ki var, çox pis şeydi.
Etibar avam deyil, o bilir ki, məhz bu cür qırmızı yalanla öz keçmişini pərdələrə bilər. Axı Gebbels də onun kimilərə tövsiyə edib ki, yalanı daha böyük de, utanmadan de, yalana görə geri addım atma. Əminəm ki, Gebbels indi cəhənnəm odu içində Etibarın bu davranışını görüb, az da olsa, məmnunluq yaşayır. Bu məsələ ilə bağlı bir çətinliyim də var, biri mənə başa düşməyə kömək etsin. Bu adamın “Lider” TV-nin efirindən müxalifətin, ayrı-ayrı ləyaqətli adamların ünvanına demədiyi qalmayıb. Özünütanımaz olan bu şəxs son seçkidə Müsavat başqanı Isa Qəmbərin də haqqını oğurlayaraq parlamentə düşüb. Etibarın yaramazlığı o həddədir ki, indi, hətta hakimiyyətdə olanların bəziləri də cürət göstərərək, ondan iyrəndiyini dilə gətirir. Onunÿverilişini bağlamaq istiqamətində səylər var. Belə bir məqamda “Yeni Müsavat” Etibarı dəstəkləməkdən əl götürmür; onu müdafiə edən xəbərlərə səxavətlə yer ayırır, AXCP-ni təhqir edən video-rolikini saytından yayıb lütfkarlıq göstərir.
Yaxşı, başa düşdük ki, Rauf Arifoğluya görə, Əli Kərimlinin prezident olmağındansa, Ilham Əliyevin kürsüdə oturub xalqı talan etməsi yaxşıdır (onun özü bunu açıq formada bəyan edib). Yaxşı, bəs Etibarın müsavatçıları, başqanı, elə Rauf müəllimin özünü təhqir etməsi hara getdi?
Bu hərəkətin adı nədi?
Harda qaldı qürur?
Bəlkə Etibar adıçəkilənlər qarşısında günahlarını etiraf edib, bağışlanıb?