Təvəkkül Ağayevə qarşı vəzifə cinayətləri ilə bağlı ittiham irəli sürüldüyü bildirilir
Bakının Suraxanı rayonunun hərbi komissarı Təvəkkül Ağayev dünən həbs olunub. Təvəkkül Ağayev barəsində Respublika Hərbi Prokurorluğunda cinayət işi başlanıb, intintaq aparılır.
“Azadlıq” qəzetinə verilən informasiyaya görə, Hərbi Prokurorluq tərəfindən konkret hansı cinayətdə ittiham olunduğu hələlik açıqlanmasa da, T.Ağayevə qarşı vəzifə cinayətləri ilə bağlı ittiham irəli sürüldüyü ehtimal olunur. Eyni zamanda bildirilir ki, Respublika Hərbi Prokurorluğu hazırda komissarlıqda yoxlamaları davam etdirir.
Başqa bir mənbənin məlumatına görə isə, Təvəkkül Ağayevin rüşvət alma və hakimiyyətdən və ya qulluq mövqeyindən sui-istifadə etmə, hakimiyyət həddini aşma cinayətlərində ittiham olunacağı istisna edilmir. Məlumat redaksiyaya gec saatlarında daxil olduğu üçün onu rəsmi qurumlar vasitəsilə dəqiqləşdirə bilmədik.
Xatırladaq ki, “Azadlıq” olaraq bir müddət əvvəl Binəqədi rayonunun hərbi komissarı Feyzi Ağabəyovun da vəzifə cinayətləri ilə bağlı ittihamla həbs olunduğu bəradə bildirmişdik. Eyni motivlə ikinci oxşar həbsin həyata keçirilməsi artıq rayon komissarlarının həbsinin kampaniya xarakteri aldığını və hələ bundan sonra da davam edəcəyini göstərir.
Növbəti sayımızda məsələni daha geniş şərh etməyə çalışacağıq.