Türkiyədəki yerli yönətimə yönəlik seçim sürəjini bütün gecə izlədim. Gördüm, bildim, sevindim, üzüldüm. Ortada gerçək demokratiya göstərisi, gerçək demokratiya panoramı vardı – bunu bəri başdan vurğulamağı özümə borc bilirəm. Xırda çatışmazlıqlar ən demokratik dövlət seçimlərində də olur. Başlıcası bu deyil, başlıcası toplumla birgə dövlətin demokratik dəyərlərə, demokratik prinsiplərə bağlı qalmasındadır.
Türkiyədəki yerli yönətimə bağlı seçimi başdan sonadək yaxından izləməyimin ilginc nədənləri var. Türkiyə bizim üçün eləcə qardaş dövlət deyil. Indi ortaya bəlli sınırlar atılsa da, mən bu sınırların gec-tez götürüləcəyinə çox inanıram. Türkiyə, Azərbaycan (eləcə də Iran), çox uzaq illərin iç-içə toplumları, iç-içə dövlətləridir. Istəsək də, bu gerçəklikdən qaça bilmərik. Gerçəklik isə olduqca önəmli, aparıcı, yönətici faktordur. Elə Ərdoğanın indiki uğuru da gerçəklik faktoruna çox bağlıdır. Ərdoğanın balkon çıxışında müxalifətlə bağlı belə bir düzgün dəyərləndirmə oldu: “Onlar hər seçimə gedirkən hazırlıqsız yaxalanırlar”. Biz bu görsənişlə illərdir öz ölkəmizdə qarşılaşırıq. Niyəsinə baş vuranda isə kəskin təpkilərlə üzləşirik. Aylardan bəri Türkiyədəki seçim sürəcini izlədikcə mən illərlə özümüzdə baş verənləri özlüyümdə analiz edirdim, sonadək də bunu etdim – bu yöndə böyük bir yazı yaza bilərəm, ancaq… Indilikdə Türkiyədə baş verənlərlə bağlı bir köşəylə yetərlənirəm.
Öncələrdə ortaya çıxan bir sıra uğursuz görsənişlər üzündən Ərdoğanın indiki seçimi uduzması gözlənilən olduğu kimi, müxalifətin də bu seçimi udması gözlənilən idi: Ərdoğan Türkiyə tarixində görünməmiş böyük yolsuzluq-korrupsiya suçlaması ilə üzləşmişdi. 2013-cü il prezident seçkisi qabağı I.Əliyevin üzləşdiyi görsənişə uyğun bir görsəniş. I.Əliyev seçkini udduğu kimi, Ərdoğan da uddu. Ancaq burada çox önəmli bir ayrıntı var: I.Əliyev seçkini sağa-sola, yaxınlara-uzaqlara ötürdüyü milyonlar, milyardlar, eləcə də bütünlüklə işə saldığı administrativ resurslardan, Ərdoğan isə daha çox demokratik olanaqlardan böyük bacarıqla yararlanmaqla uddu. I.Əliyev seçkini uduzmaq qorxusundan müxalifətin üzünə televiziyaları bütünlüklə qapamış, pullu efirə belə, yol verməmişdi. Türkiyədə isə demokratik dövlət olaraq televiziyalar hakimiyyət kimi müxalifətin də üzünə açıq idi. AKP-dən, CHP-dən, MHP-dən, BDP-yədək partiyalar bütün ölkə boyunca istədikləri, bacardıqları kimi seçki kampaniyalarını qurub apara bilərdilər. Bu yöndə hamının yolu açıq idi.
Hamı üçün açıq yoldan-olanaqdan ən çox qazanan Ərdoğan oldu. Kimlərsə bunu dövlət resurslarından tutmuş, bir çox yerlərə yoza bilərlər. Ancaq gerçəklik budur: Ərdoğan yalnız parlaq xarizması, yüksək liderlik bacarığı ilə deyil, eləcə də müxalifətin yetərsiz bacarığı üzündən özünü uçurumdan dartıb çıxara bildi. Müxalifət ən azı, özünün uğurlu gələcəyi üçün bu faktı gərəyincə dəyərləndirməyi bacarmalıdır. Ərdoğan bu seçkini udmaq üçün yorulmadan çalışmalarla səsini batırmağadək gedib çıxdı. CHP və MHP seçki kampaniyası dönəmində Ərdoğana-AKP-yə qarşı liderlikdən tutmuş, proqramadək keçərli alternativ çıxarmalı idi – onlar bunu edə bilmədilər. Indi onların edəcəkləri bir iş qalır – hər iki partiyada köklü-kardinal dəyişikliyə getmək!
Əliyevçi hakimiyyətlə Ərdoğan hakimiyyəti arasında o başdan bu başa çoxlu oxşarlıqlar-paralellər görmək olar. Onların yürütdükləri siyasətlər də oxşardır, ancaq birinin çoxillik uduşları Azərbaycan gerçəkliyindən, o birinin çoxillik uduşları Türkiyə gerçəkliyindən qaynaqlanır. Aradakı oxşarlıqlardan biri də balkon çıxışına Ərdoğanın ailəsi ilə birgə gəlişində göründü. Bəlli yolsuzluq faktları sarıdan bu, tək müxalifətə deyil, böyük çoxluğa da mesaj idi: biz bizik! Iç savaşlara yönəlik siyasətlərlə yönətilən “yeni” Azərbaycan, “yeni” Türkiyə – daha bir oxşarlıq!