«Türkiyə toplumu avtoritarizm yaratmaq istəyən heç bir qüvvəyə bu imkanı verməz; Seçkilərdən AKP-yə də müəyyən mesajlar var»
Azərbaycan gündəmini artıq bir müddətdir ki, məşğul edən hadisələrdən biri də Türkiyədəki seçki marafonu idi. Qardaş ölkədə seçkiöncəsi baş verənlər budəfəki bələdiyyə seçkilərini sıradan seçki statusundan çıxarmışdı. Bu baxımdan seçkilərin nəticələri bəlli olduqdan sonra növbəti düşündürücü sual meydana gəldi. Seçkidən sonra Türkiyəni nə gözləyir? Müsahibimiz AXCP sədri Əli Kərimli ilə söhbətimizə elə Türkiyədəki seçkilərə münasibət öyrənməklə başlamaq qərarına gəldik. AXCP sədrinə Türkiyə ilə yanaşı gündəmdə olan digər sualları da ünvanladıq.
– Əli bəy, Türkiyədə keçirilən bələdiyyə seçkilərinin nəticələrini necə qiymətləndirirsiniz? Seçkinin nəticələri hansı reallığı ortaya qoydu?
– Türkiyədəki bələdiyyə seçkilərini çox diqqətlə izləyirdim. Çünki bələdiyyə seçkiləri olsa da, bu seçkilər faktiki Türkiyədə böyük önəm daşıyır. Türkiyədə cəmiyyətdə son vaxtlar qütbləşmə çox güclüdür. Belə bir şəraitdə bir qədər narahatçılığım da var idi ki, Türkiyənin seçki sistemi bu sınaqdan çıxa biləcək, yoxsa yox. Yaxşı haldır ki, Türkiyənin seçki sistemi sınaqdan çıxdı. Ən müxtəlif qarşılıqlı ittihamlar olsa da, Türkiyə cəmiyyəti seçkidə elə bir mexanizm formalaşdıra bilib ki, sandıq başında bütün partiyaların bərabər təmsilçiliyi təmin olunduğundan, seçkinin nəticələrini heç kim şübhə altına almır. Mənim üçün şəxsən önəmli olan budur. Əsası odur ki, Türkiyə xalqının seçib-seçilmək hüququ təmin olunur. Bu gün əldə olunan nəticə də Türkiyə xalqının iradəsidir. Belə görünür ki, AKP bu seçkilərdə də uğur qazanıb. Bu, AKP-nin böyük başarısıdır. Çünki son vaxtlar ona qarşı çox ciddi şəkildə ittihamlar, ağır tənqidlər var idi. Amma belə bir şəraitdə də AKP öz liderliyini Ərdoğanın başçılığı altında saxlayıb. Amma eyni zamanda o da diqqəti cəlb edir ki, AKP-nin qazandığı səslərdə eniş, müxalifətin – CHP və MHP-nin səslərində isə əksinə, artım var. Yəqin ki, Türkiyənin hökuməti baş nazir Ərdoğanın başçılığı ilə xalqdan gələn bu mesajları düzgün qiymətləndirəcək. Heç şübhəsiz ki, internetlə bağlı olan müəyyən basqılar ciddi nahatlıq yaradır. Ümid edirəm ki, bundan sonra bu məsələdə müəyyən nizam yaranacaq və Türkiyədə intenet azadlığına təhlükə yaranmayacaq. Eyni zamanda Türkiyə siyasi elitası ilə bağlı olan korrupsiya iddialarının da şəffaf bir şəkildə araşdırılması təmin edilməlidir ki, Türkiyə seçkisinin mesajları qəbul edilmiş olsun. Hər halda Türkiyənin demokratiyası, seçki sistemi bizimlə müqayisəyə gəlməyəcək dərəcədə üstündür. Mən hələ seçki başa çatmamış, seçki gününün axşamı “facebook” səhifəmdə yazmışdım ki, seçib-seçilmək hüququnu xalq özündə saxlayıb. Yəni bu günləri AKP-nin bir üstünlüyü qalırsa, bu yenə də seçicinin rəyi ilədir. Türkiyədə seçicinin sabah AKP-ni deyil, başqa bir partiyanı hakimiyyətə gətirmək mexanizmi qalır. Ona görə də önəmli olan bu ağır sınaqlardan Türkiyə demokratiyasının çıxmasıdır. Əlbəttə ki, Türkiyədəki qütbləşmə, qarşıdurma bizi də narahat edir. Çox istərdim ki, qarşı duran tərəflər seçkidən sonra münasibətləri bir qədər mülayimləşdirsinlər. Türkiyə üçün nə baş verəcəksə, xeyirli-uğurlu olsun. Biz Türkiyənin daxili siyasətinə xüsusi olaraq qarışmırıq. Orada xüsusi olaraq partiya təəssübkeşliyi etmirik. Əgər Türkiyədə seçki hüququ olmasaydı, Azərbaycandakı kimi durum olsaydı, əlbəttə ki, biz də azad seçkilər uğrunda mübarizə aparan tərəfə birmənalı dəstək verərdik. Amma bir halda ki, Türkiyə xalqının seçmək hüququ var. O zaman Türkiyə xalqının seçiminə də hörmətlə yanaşmaq lazımdır. Biz bütövlükdə Türkiyənin inkişafında, güclü olmasında maraqlıyıq. Türkiyə Azərbaycana müttəfiq dövlətdir. Orada baş verənlərin türk milləti, xalqı üçün bütövlükdə uğurlu olmasını arzulayırıq.
AKP-yə də müəyyən mesajlar var
– Ərdoğan seçkidən sonra zəfər çıxışında mühüm mesajlar verdi. O, “Gülən camatı”na qarşı “hüquq diliylə onları tapdalayacağıq” mesajını verib. Türkiyədə bundan sonra proseslər hansı istiqamətdə inkişaf edə bilər? Belə mülahizələr var ki, Ərdoğanın son zamanlar müəyyən dərəcədə avtoritarizmə meyillənməsi təhlükəli tendensiyadır?
– Türkiyənin siyasi həyatı ilə bağlı proqnozlar vermək istəmirəm. Amma birinci sualınıza cavab verərkən müəyyən işarələr etdim ki, hər halda Türkiyə seçicisinin qalib elan etdiyi AKP-yə də müəyyən mesajları oldu. Hər halda sonuncu seçkidən sonra AKP 4,5 faiz səs itirdi. Türkiyə baş nazirinin özünün də dediyi kimi yəqin ki, bu vəziyyət müzakirə olunacaq. Hesab etmirəm ki, bütövlükdə Türkiyə dövlətinin xeyrinədir ki, ölkə daxilində siyasi qüvvələr arasında qarşıdurma şiddətlənsin. Ona görə də hesab edirəm ki, hamı özündə güc tapmalı və etməli olduqlarını reallaşdırmalıdır ki, bu gərginlik aradan qalxsın. Bu zaman Türkiyədə hökumətin üzərinə düşən vəzifə türk vətəndaşlarında əminlik yaratmaqdır ki, AKP oponentlərinin iddia etdiyi kimi Türkiyədə diktatorluq qurmaq iddiasında deyil. Bunun üçün türk vətəndaşlarının konstitusion hüquq və özgürlüklərinə daha diqqətlə yanaşmaq, məhkəmənin işinə hər tərəfdən olan müdaxilələri aşağıya endirmək, qanunvericilik fəaliyyətini daha müstəqil qol kimi təmin edərək, icranın basqısından kənarda saxlamaq gərəkdir. Eyni zamanda internet və media azadlıqlarına daha ciddi təminatlar yaratmaq lazım gələr ki, Türkiyə cəmiyyətində avtoritarizmlə bağlı suallar səslənməsin, narahatlıq, qorxu yaranmasın. Çünki Türkiyə kifayət qədər inkişaf etmiş dövlətdir. Uzun illərdir demokratik seçkilər keçirir. Hökumətləri, parlamentləri xalq formalaşdırır. Türkiyənin yenidən geri qayıtmaq, avtoritar idarəetmə yaratmaq kimi lüksü yoxdur. Inanıram ki, AKP-nin də belə bir niyyəti yoxdur. Digər tərəfdən, Türkiyə toplumu avtoritarizm yaratmaq istəyən heç bir siyasi qüvvəyə bu imkanı verməz. Ona görə də cəmiyyətdəki narahatlıqları götürmək üçün qeyd etdiyim həssaslığa hökumət də diqqətlə yanaşacaq. Hesab edirəm ki, Türkiyə çətin bir dönəmdən keçir. Amma Türkiyənin həm dövlət qurumları, demokratiyası və ən əsası xalq bu sınaqdan çıxacaq. Dövlətinə də, demokratiyasına da sahib olacaq. Kimsə türk xalqını geriyə qaytarmaq fikrinə düşməyəcək, düşsə, başarı əldə etməyəcək.
Ukrayna xalqının böyük tarixi başarısı
– Əli bəy, hazırda gündəmdə olan mövzulardan biri də Krım böhranıdır. Bu böhranın son vəziyyətini necə dəyərləndirirsiniz? Tərəflərin hansı uduşları və hansı itkiləri oldu? Hadisələrin sonrakı inkişafını necə görürsünüz?
– Hesab edirəm ki, Krımda baş vermiş xoşagəlməz hadisələrə baxmayaraq, bütövlükdə proses Ukraynanın böyük uğurudur. Ukrayna artıq Avropa Birliyi ilə assosiasiya sazişini imzalayıb. Beynəlxalq Valyuta Fondu isə Ukrayna iqtisadiyyatının dirçəlməsi üçün gərəkli olan krediti verməyə razılıq verib. Ukraynada zəruri siyasi-iqtisadi islahatlar keçiriləcək və Ukrayna artıq Avropa siyasi məkanının bir parçasına çevriləcək. Bu, Ukrayna xalqının böyük tarixi başarısıdır. Mən Ukrayna xalqının bu uğuruna görə sevinirəm. Təəssüf ki, Rusiya dolayı yollarla olsa da, Krımda separatizmi dəstəkləməklə, bu ərazini Ukraynadan qoparmaqla bu böyük uğura, əlbəttə, kölgə salıb. Amma mən əminəm ki, Krımın Ukraynadan qopardılması müvəqqəti bir tədbirdir. Rusiyanın özündə də demokratikləşmə prosesi sürətlənəcək. Demokratikləşmə bütün millətlərin gedəcəyi ümumi, universal bir gələcəkdir. Perspektivdə Rusiyanın özündə demokratikləşmə geniş vüsət əldə etdikdən sonra o zaman Rusiyanın ayrı-ayrı zamanlarda səbəbkar olduğu etnik, separatist münaqişələr də həllini tapacaq. Krım da bu zaman həll olunacaq. Hələlik isə xeyli müddət ərzində Krım de-fakto Rusiya tərəfindən idarə olunacaq. Krımın Rusiyaya birləşdirilməsini dünya qəbul etməyəcək. BMT baş məclisindəki səsvermə də göstərdi ki, dünyanın mütləq əksəriyyəti referendumun nəticələrini tanımadı və Krımı Ukrayna ərazisi olaraq görməkdə davam edir. Krımın da taleyi təqribən Cənubi Osetiya, Abxaziya, Dnesteryanı, Qarabağ kimi oldu. Krım de-fakto başqa ölkə tərəfindən idarə olunacaq, necə ki, Qarabağ hazırda Ermənistanın nəzarətindədir. Amma de-yure bu torpaqlar Ukraynanın ərazisi olaraq qalacaq və yaxşı zamanların birində Ukrayna Krımdakı nəzarətini təmin edəcək.
– Əli bəy, maraqlıdır ki, Krımın işğalından sonra Azərbaycan hakimiyyətin nəzarətində olan KIV-lərdə Rusiyanın yürütdüyü siyasətin Azərbaycan üçün də təhlükəli məqamlarına xüsusi yer verilir. Bildirilir ki, Rusiyanın Azərbaycana qarşı da bu tip addımlar atmaq niyyəti ola bilər…
– Azərbaycan xalqını qorxuda saxlamaqdan ötrü, Rusiyanın aqressiv siyasətini olduğundan da artıq təbliğ etməyə çalışırlar. Milli Şuranın sonuncu iclasında bu barədə çıxış etmişəm. O zaman baş verənlərlə bağlı fikrimi bildirdim. Hələ o zaman ABŞ-ın dövlət katibi Kerri ilə Rusiyanın xarici işlər naziri Lavrov arasında görüş keçirilməmişdi. Amma o zaman mən dedim ki, Rusiya təhlükəsi Azərbaycanda bilərəkdən şişirdilir. Rusiya bu mərhələdə Krımın özünə bu şəkildə birləşdirilməsi ilə kifayətlənəcək. Çünki Qərb ölkələri daha ciddi sanksiyalar tətbiq etməklə bağlı tərəddüd içindəykən, Rusiya tərəfindən yeni bir aqressiv addımın atılması bu tərəddüdlərin hamısını heçə endirə bilər. Nəticədə həm Avropa Birliyi, həm də ABŞ daha radikal sanksiyalara təhrik edilmiş olarlar. Daha radikal sanksiyalar isə Rusiya iqtisadiyyatını çökdürə bilər. Təsəvvür edin ki, əgər Avropa Birliyi Rusiyanın qazından imtina etsə, Irana qarşı tətbiq olunan enerji blokadası Rusiyaya qarşı da reallaşdırılsa, dünya bazarında neft və qazın qiyməti aşağı salınsa, bu qısa müddət ərzində neft və qaz gəlirlərindən asılı olan Rusiyanın dövlət büdcəsinin tamamilə müflis olmasına gətirib çıxara bilər. Bu isə Rusiya üçün çox ağır nətiəcələr verə bilər. Amma bu elə sanksiyalardır ki, Qərb, özəliklə Avropa Birliyi üçün ağır fəsadlar törədə bilər. Ona görə Avropa Birliyi bu cür sanksiyalara getmək istəmir. Avropa Birliyi belə sanksiyalarsız Rusiyanı əvvəlki status-kvoya qaytarmaq istəyir. Belə bir məqamda Rusiyanın daha bir aqressiya həyata keçirməsi, bütün tərəddüdləri Kremlin əleyhinə çevirərdi. Fərq etməz, bu istər Ukraynada, istər Cənubi Qafqazda, istərsə də Moldovada olsun. Nəticədə həmin o ağır sanksiyalar labüd olardı. Ona görə də Rusiya Krımı əldə etməklə, Rusiyanın siyasi təcridinə və iqtisadi cəhətdən müflis edilməsinə əsas vermədən münaqişəni bu mərhələdə dondurmaq istəyəcək. Ona görə Azərbaycan cəmiyyətini bilərəkdən qorxutmasınlar. Həm də Azərbaycan cəmiyyəti ona görə qorxmamalıdır ki, biz Ukraynadan əvvəl real müstəqilliyə görə gərəkəni ödəmişik. Yəni faktiki olaraq bizi müstəqilliyimizə görə cəzalandırıb, torpaqlarımızın bir hissəsini işğal ediblər artıq. Azərbaycanda haranı işğal etmək imkanı var idisə, artıq o torpaqlar işğal olunub. Azərbaycan real müstəqilliyi üçün lazım olandan da artıq cərimə ödəyib. Ona görə də bundan sonra Azərbaycan xalqını daimi şantajda saxlamaq lazım deyil ki, guya Azərbaycan xalqı demokratiya, Avropaya inteqrasiya istəsə, yenidən Rusiya aqressiyası ilə üzləşər. Azərbaycan xalqı bu kimi qorxunun altında yaşamamalıdır. Əksinə, son baş verənlər əyani şəkildə göstərdi ki, inkişafın yolu sivil dünya ilə bərabər olmaqdan keçir. Indiki vəziyyət Azərbaycanı inkişafa aparmır. Ona görə də Ukrayna xalqı müəyyən itkilər bahasına olsa da, burada milli maraqlar baxımından çox tarixi, böyük bir əhəmiyyətli hadisə baş verdi. Bu hadisə Ukraynanın taleyini dəyişən olay idi. Əminəm ki, bu inqilab Ukrayna tarixinə müsbət hadisə kimi düşəcək və Ukraynanın zorən ayrıldığı Qərb sivilizasiyasına qovuşması kimi dəyərləndiriləcək. Bu hadisə eyni zamanda Ukraynanın qarşısında yeni üfüqlər açmış olacaq.
– Belə bir mülahizələr də var ki, Azərbaycanın BMT-də Ukraynaya dəstək verməsinə görə, Rusiya ölkəmizi cəzalandıra bilər. Bu baxımdan Dağıstanda rus qoşunlarının təlim keçməsi və orada cəmləşməsi təsadüfi deyil. Ona görə Rusiyadan hər hansı cavab addımı gözləmək olarmı?
ardı var
Xəyal Şahinoğlu