Vitali Kliçko namizədliyini tanınmış oliqarxın xeyrinə geri götürdü
UDAR lideri Kiyev meri olmaq istəyir
Ukraynada mayın 25-də keçiriləcək növbədənkənar prezident seçkilərinin taleyini həll edəcək mühüm hadisə baş verib. Dünən Kiyevdə UDAR Partiyasının 11-ci qurultayı keçirilib. Qurultayda çıxış edən partiyanın lideri Vitali Kliçko prezident seçkisində namizəd olmayacağını bəyan edib. O, seçkidə tanınmış iş adamı və ictimai-siyasi xadim Pyotr Poroşenkonu dəstəkləyəcəyini açıqlayıb. Kliçko hər zaman demokratik qüvvələr tərəfindən prezidentliyə vahid namizəd irəli sürülməsinə tərəfdar olduğunu xatırladaraq hazırda ölkənin müharibə vəziyyətində olduğu bir dövrdə bu məsələnin daha da aktuallaşdığını vurğulayıb:
“Hazırda elə vəziyyət yaranıb ki, səhv etmək olmaz. Siyasi populizm dövrü keçib, məsuliyyətli qərarlar dövrü yetişib. Prezidentliyə namizəd vətəndaşların maksimum dəstəyini almalı və qələbəyə maksimal şansı olmalıdır. Bu gün belə namizəd Pyotr Poroşenkodur”. Kliçko və Poroşenko seçkilərdə vahid qüvvə kimi çıxış etməklə bağlı bəyannamə də imzalayıblar. Kliçko Kiyev şəhər meri vəzifəsinə namizəd olacağını elan edib. O, Kiyevi Avropa tipli paytaxta çevirəcəyini bildirib. Xatırladaq ki, prezident seçkiləri ilə mer seçkiləri eyni anda keçiriləcək.
Poroşenko kimdir?
Ölkədə keçirilən son sosioloji sorğularda Pyotr Poroşenkonun ən yüksək reytinqi olduğu ortaya çıxıb. 1965-ci il təvəllüdlü P.Poroşenko həm məşhur oliqarx, həm də müxtəlif dövlət vəzifələrində çalışmış təcrübəli siyasətçidir. O, Viktor Yuşşenkonun prezidentliyi dövründə Milli Müdafiə və Təhlükəsizlik Şurasının katibi, Milli Bankın sədri, xarici işlər naziri vəzifələrində, Viktor Yanukoviçin hakimiyyəti dövründə isə qısa müddət ticarət və iqtisadi inkişaf naziri vəzifəsində çalışıb. P.Poroşenko məşhur “Roshen” qənnadı və “Bogdan” avtomobil korporasiyalarının sahibidir.
Poroşenko bildirib ki, Ukraynada yeni həyat qurmağın vaxtı çatıb: “Ilk növbədə, biz ölkəmizin suverenliyini müdafiə edən ləyaqətli Silahlı qüvvələri olan dövlət qurmalıyıq. Eyni zamanda hər bir vətəndaşın hüquq və təhlükəsizliyini qoruyan yeni hüquq mühafizə orqanları yaratmalıyıq. Vergiləri ödəyən, yeni iş yerləri açmağa qadir işgüzar adamlar üçün münbit investisiya iqlimi yaratmalıyıq. Gənclərə imkan yaratmalıyıq ki, onlar Ukraynada yaşamaları ilə fəxr etsinlər. Buna görə də mən prezident seçkilərində iştirak edəcəyəm”.
Timoşenko da namizəddir
“Batkivşina” isə öz qurultayında partiyanın lideri Yuliya Timoşenkonun namizədliyini rəsmiləşdirib. Timoşenkonun sənədləri qeydə alınmaq üçün artıq MSK-ya göndərilib.
“Azadlıq” partiyası da seçkiyə öz sədrinin namizədliyi ilə gedir. Oleq Tyaqnibok partiya qurultayının yekdil qərarı ilə prezidentliyə namizəd irəli sürülüb. Tyaqnibok qalib gələcəyinə inamını ifadə edib.
Hakim partiyanın namizədi bəlli oldu
Hakimiyyətdən devrilmiş Regionlar Partiyası isə Xarkovun keçmiş qubernatoru Mixail Dobkinin namizədliyini irəli sürüb. Partiyanın namizədi kimi daha 3 nəfər də qurultay iştirakçılarının seçimənə təklif olunub. Dobkin 315 nümayəndənin səsini almaqla rəqiblərini xeyli qabaqlayıb və prezidentliyə namizəd irəli sürülüb.
Yanukoviç Regionlar Partiyasından xaric edildi
Regionlar Partiyası həmçinin keçmiş prezident Viktor Yanukoviçi partiya sıralarından xaric edib. Partiya sıralarından keçmiş baş nazir Nikolay Azarov, keçmiş gəlirlər və yığımlar naziri Aleksandr Klimenko, keçmiş baş nazirin müavini Sergey Arbuzov və digərləri də xaric olunub.
Obama Putini ordunu geri çəkməyə çağırdı
Rusiya və ABŞ prezidentləri Ukraynadakı böhranın həlli yollarını müzakirə ediblər. Bu barədə Kremlin mətbuat xidməti məlumat verib: “Putin Obamanın diqqətini Kiyevdə və Ukraynanın müxtəlif bölgələrində ekstremistlərin dinc sakinlərə, hökumət strukturlarına, hüquq mühafizə orqanlarına qarşı təhdidlərinə çəkib. Bu çərçivədə Putin vəziyyətin sabitləşməsi yolunda beynəlxalq ictimaiyyətin mümkün əməkdaşlığının nəzərdən keçirilməsini təklif edib”. ABŞ Prezidenti Barak Obama isə Rusiyalı həmkarı Vladiimr Putini rus ordusunu Ukrayna ilə sərhəd ərazilərdən geri çəkməyə çağırıb. ABŞ dövlət başçısı QərbinÿMoskvanın Ukraynanın şərq hissəsini mümkün işğalından narahat olduğunu ifadə edib. Barak Obama, həmçinin, Ukrayna hökumətinin böhranın yumşalması, konstitusiya islahatları və demokratik seçkilər istiqamətində çalışdığını bildirərək, Moskvanı bu prosesi dəstəkləməyə, təxribatlardan boyun qaçırmağa çağırıb. Yekunda prezidentlər bundan sonra görüləcək işlərin Rusiya və ABŞ xarici işlər idarələrinin rəhbərləri tərəfindən müzakirə edilməsi barədə razılığa gəliblər.
Putin BMT baş katibinə söz verdi
“Rusiyanın Ukraynaya qarşı heç bir hərbi müdaxilə niyyəti yoxdur”. Birləşmiş Millətlər Təşkilatının baş katibi Pan Gi Mun Rusiya prezidenti Vladimir Putinin sözlərinə istinadən bu cür açıqlama verib. BMT-nin Nyu-Yorkdakı iclasında çıxışı zamanı Pan Gi Mun Rusiya və Ukraynanı regionda gərginliyi azaltmağa çağırıb: “Mən hər iki ölkə liderini ehtiyatsız hərəkətlərdən çəkinməyə çağırdım. Tərəflər problemləri həll etmək məqsədilə təcili olaraq birbaşa konstruktiv dialoqlara başlamalıdırlar. Hazırkı gərgin vəziyyətdə isə kiçik bir qığılcım belə, tərəflər arasında ağır fəsadlar doğura bilər”.
Lukaşenko vasitəçi olmağa hazırdır
Belarus prezidenti Aleksandr Lukaşenko Ukrayna ilə Rusiya arasında münaqişənin nizamlanmasında vasitəçi olmağa hazır olduğunu bildirib. Lukaşenko apreldə Rusiya prezidenti Vladimir Putinlə görüşəcəyini deyib:ÿ”Əgər mənə desələr ki, bu Ukrayna və Rusiya üçün vacibdir, o zaman mən vasitəçi olmağa hazıram. Mən Turçinov və hakim koalisiyanın üzvləri ilə əlaqə saxlayıram. Yaxın zamanlarda biz Turçinovla görüşərək ikitərəfli əlaqələri müzakirə edəcəyik. Biz axı qonşuyuq”. Lukaşenko Viktor Yanukoviçi Ukrayna prezidenti kimi tanımadığını da bildirib.
Rusiya Ukraynanın federallaşmasını tələb edir
Rusiyanın Ukrayna sərhədlərini keçmək planları yoxdur. Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bəyan edib: “Bizim qətiyyən belə niyyətimiz yoxdur. Biz sadəcə istəyirik ki, iş kollektiv xarakterli olsun və Qərb dövlətlərinin etdiyi özbaşnalıqlara son qoyulsun. Istəyirik ki, onlar öz məsuliyyətini dərk etsinlər”. Lavrov onu da bildirib ki, Rusiya Ukraynanın federallaşmasına təkid edir. Çünki bu, cənub və şərq regionlarının tələbidir. Lavrov mayda Ukraynada keçiriləcək prezident seçkilərinə qədər Maydanın saxlanması barədə Ukrayna hakimiyyətinin qərarını rüsvayçılıq adlandırıb.
“Ukraynanı federallaşdırmaq ideyası ”idiotizmdir”
Belarus prezidenti Aleksandr Lukaşenko Lavrovun Ukraynanın federallaşması ilə bağlı təklifinə də münasibət bildirib. O bildirib ki, bu ideya “idiotizmdir”: “Buna yol vermək olmaz. Ukraynanı bölünməmiş vahid bir ölkə kimi qoruyub saxlamaq lazımdır. Bu baxımdan federallaşma ilə bağlı hər hansı referendumun keçirilməsinə lüzum yoxdur”.
Lukaşenko onu da qeyd edib ki, özünü “Avropanın sonuncu diktatoru” hesab etmir və rusiyalı həmkarı Vladimir Putin bu mənada onu qabaqlayıb: “Putinə deyirəm ki, sən məni bu məslədə qabaqladın və önə keçdin. Indi məndən əl çəkib sənin yaxandan yapışacaqlar. Bunu deyəndən sonra o da, mən də gülürük”. Özünü diktator hesab etməyən Lukaşenko bunun səbəbini açıqlayıb: “Əgər mənim imkan və resurslarım olsaydı, o zaman mən diktator olmaq istərdim. Bunun üçün Stalin olmaq lazımdır, SSRI olmalıdır, ən əsası isə nüvə silahın olmalıdır. Ondan sonra diktə etmək olar. Amma biz belaruslar yerimizi yaxşı bilirik. Belarusda özünü diktator hesab etmək üçün gərək ağılsız olasan”.
Kerri Lavrovla görüşmək üçün təyyarəni geri döndərdi
Səudiyyə Ərəbistanından Vaşinqtona qayıdan ABŞ dövlət katibi Con Kerri Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşüb. Kerri Ukrayna məsələsini müzakirə etmək məqsədi ilə təyyarəni geri döndərib. Dövlət katibi Lavrovun ölkəsinin Ukraynaya soxulmaq niyyətində olmadığı ilə bağlı son bəyanatından sonra belə bir qərar verib.