“Rusiya Ukraynanı alıb Baltikyanı bölgəyə girməyə hazırlaşır”
ABŞ hərbi kəşfiyyatı prezident Barak Obamaya Rusiyanın Ukraynanın şərq və cənub regionlarını ələ keçirmək planları barədə həyəcanlı hesabat təqdim edib.
Virtualaz.org saytı Qərb KİV-lərinə istinadən xəbər verir ki, hərbi kəşfiyyatın hesabatı Konqresə də göndərilib.
Orada deyilir ki, “son üç-dörd gündə müşahidə edilən həyəcanlı simptomlar” Rusiya ordusunun Ukraynanın materik hissəsinə – şərq və cənub regionlarına müdaxilə hazırlığı içində olduğunu göstərir.
Öz növbəsində ABŞ Konqresinin Silahlı Qüvvələr Komitəsi prezident Barak Obamaya hadisələrin bu cür inkişafından ciddi narahatlıq ifadə edən hesabat göndərib. Komitə hətta Ukraynanın hücuma məruz qalacaq regionlarına da göstərib. Bunlar Luqansk, Donetsk və Xarkovdur.
Bundan əlavə, kəşfiyyat Moldovanın Dnestryanı bölgəsinin sərhədlərində də potensial təhlükənin yarandığını qeyd edib, hətta Rusiyanın bu ərazilərlə kifayətlənməyərək Baltikyanı regionuna da soxula biləcəyini istisna etməyib.