Bu posta Eldar Ibrahimov yox, Azər Əmiraslanov təyin edilir
Azərbaycan hakimiyyətinin kadrların seçilməsində heç bir mütərəqqi meyarı yoxdur. Bu zaman yalnız hakimiyyətdaxili klanların maraq döyüşü və bu döyüşdə kimin üstün gəlməsi əsas götürülür. Daxil olan məlumatlardan bəlli olur ki, kənd təsərrüfatı naziri Ismət Abbasovun vəzifəsindən uzaqlaşdırılması sadəcə şayiə deyil. Əsas səbəb də odur ki, hakimiyyətdaxili qruplardan ən böyüyü – Ramiz Mehdiyev və Kəmaləddin Heydərov onun işdən çıxarılmasına çalışır. Hakimiyyət daxilində bunu belə adlandırırlar – Naxçıvan klanı Qərbi Azərbaycan qruplaşmasını tam çökdürmək istəyir. Ismət Abbasov isə müdafiəsiz bir adamdır. Üstəlik, kənd təsərrüfatında ciddi problemlər o qədərdir ki, onun haqqında mənfi rəy yaratmaq çox asandır. Üstəlik, Ismət Abbasovun gözdən salınması prosesində elə hakimiyyət KIV-ləri də iştirak edir.
Xatırladaq ki, indiyəcən bu posta Milli Məclisin aqrar siyasəti daimi komitəsinin sədri Eldar Ibrahimovun gətiriləcəyi haqda məlumatlar daxil olurdu. Belə bir istək doğrudan da olub. Lakin Ismət Abbasovun sonunu hazırlayanlar bu addımın əks-effekt verəcəyini düşünüb. Axı Eldar Ibrahimov da Naxçıvan bölgəsindəndir. Odur ki, indi bu vəzifəyə Ramiz Mehdiyevin çevrəsində olan Prezident Administrasiyasının aqrar siyasət məsələləri şöbəsinin müdiri Azər Əmiraslanov hazırlanır. Məqsədə çatmaq üçün sonuncunun daha peşəkar kadr olduğu önə çəkilir. Lakin digər qruplar bunu yalnız Azər Əmiraslanovun Ramiz Mehdiyevlə bağlılığı kimi qəbul edir və müqavimət göstərməyə çalışır. Çünki bu hakimiyyətdə peşəkarlıq, savad və bacarıq yox, komandaya xidmət, daha arxalı olmaq əsas rol oynayır.
Bir sözlə, taxıl bitənəcən Azərbaycan yeni kənd təsərrüfatı nazirini görə bilər. Əkin-biçində nəyinsə dəyişəcəyinə isə ümid azdır.
Informasiya şöbəsi