Natiq Ədilov: «Bu, hakimiyyətin sifarişi ilə həyata keçirilən qeyri-qanuni əməldir»
Qəzetimizin ötən sayında AXCP sədri Əli Kərimlinin təqib olunduğu barədə məlumat dərc edilib. Belə ki, AXCP sədrinin olduğu maşını üç avtomobil izləyib. Həmin avtomobillərdə olanlar hətta Əli Kərimlinin müşayiət edən cəbhəçiləri tutmağa da cəhd edib. Qeyd edək ki, bu, ilk belə izlənmə halı deyil. Son günlər partiyanın digər üzvlərinə qarşı da bu basqılar var. Məsələ ilə bağlı partiya hansı addımı atmağa hazırlaşır?
Sualımızı cavablandıran AXCP mətbuat xidmətinin rəhbəri Natiq Ədilov Əli Kərimlinin mülki şəxslər deyil, hüquq-mühafizə orqanları nümayəndələrinin izlədiyini deyir: “Bizim heç bir şübhəmiz yoxdur ki, bu, hüquq-mühafizə orqanlarının hərəkətidir. Bu da hakimiyyətin sifarişi ilə həyata keçirilən qeyri-qanuni əməldir. Məqsəd isə Əli Kərimlinin fəaliyyətini nəzarətdə saxlamaq, ona yaxın adamların həbsinə nail olmaqdır”.
N.Ədilov məhz bu səbəbdən hüquq-mühafizə orqanlarına müraciət etmək fikrində olmadıqlarını bildirdi.
Mətbuat xidmətinin rəhbəri məsələ ilə bağlı ictimaiyyəti, beynəlxalq təşkilatları məlumatlandırdıqlarını da qeyd etdi: “Tələbimiz odur ki, hakimiyyət bu cür qanunsuz hərəkətdən imtina etsin”.
Fizzə