«Qərargahda «komendant» olmağım oranı partlatmaq planını cızanların diqqətindən yayınmayıb»
AXCP Cəlilabad şöbəsinin sədri Təzəxan Mirələmli martın 14-də azadlığa buraxılıb. Təzəxan Mirələmli fevralın 27-də polis tərəfindən saxlanılıb. Şöbə sədrinə polisə müqavimət ittihamı irəli sürülüb. Elə həmin gün Nərimanov məhkəməsi Təzəxan Mirələmli barəsində 15 sutka inzibati həbs qərarı verib.
Evdən azca aralanmışdım ki, yanımda bir “CIP” dayandı…
Dünən “Azadlıq”ın qonağı olan Təzəxan Mirələmli həbsi barədə qəzetimizə maraqlı faktlar açıqlayıb: “Həmin gün, yəni fevralın 27-si partiyanın qərargahında idim. Günorta saatlarında nədənsə özümü narahat hiss etdim və evə gəldim. Evə yenicə çatmışdım ki, yaxın bir adam zəng edərək mənimlə görüşmək istədiyini bildirdi. Mən də 5-10 dəqiqəyə Nərimanov parkında (yaşadığım yer ”Nərimanov” metrosuna yaxındır) görüşə biləciyimizi dedim və evdən çıxdım. Evdən azca aralanmışdım ki, yanımda bir “CIP” dayandı, içindən iki nəfər düşüb özlərini cinayət axtarış şöbəsinin əməkdaları kimi təqdim edərək məni maşına əyləşdirdilər. Onlardan Elman adlı şəxs Nərimanov Rayon Polis Idarəsinin rəisi Muradəli Babayevin mənimlə danışmaq istədiyini bildirdi və məni polis idarəsinə gətirdilər. Maşında dərhal telefonu əlimdən aldıqlarına görə heç kimə xəbər verə bilmədim. Həmin Elman adlı polis əməkdaşının otağında bildirdim ki, saxlanmağımın səbəbi izah olunmalı, yaxınlarımla və vəkillə əlaqə saxlamağıma imkan verilməlidir. Bunların heç birinə əməl olunmadı. Saxlanmağımın sifariş olduğunu bildirdilər. IXM-nin 310.1 maddəsi ilə protokol tərtib olundu və məndən də izahat yazmağımı istədilər. Verilən ittihamı rədd edərək yuxarıda dediyim qanun pozuntularını izahatda sadalamaqla protokola imza atmaqdan imtina etdim. Məhkəmədə də həmin pozuntuları bildirib dövlət hesabına ayrılmış vəkildən imtina etdim və tanıdığım vəkillərin biri ilə əlaqə saxlamaq istədiyimi bildirdim. Bu tələbim də təmin olunmadı. Hakim protokolda adları qeyd olunan iki polis əməkdaşından yalnız birinin, Məhşur adlı polis baş leytenantın şahidliyi ilə (digər Qafar adlı əməkdaş isə məhkəmə zalında olduğu üçün onun ifadəsinin əhəmiyyəti olmadığını bildirdim və ifadə vermədi də) mənə sanki əvvəlcədən yazılmış 15 sutkalıq qərarı oxudu”.
Təcridxanada qanunsuzluq baş alıb gedir
Təzəxan Mirələmlinin sözlərinə görə, əvvəlcə güman edib ki, həbsi sosial şəbəkələrdə martın 3-də Cəlilabad şəhərində mitinq keçiriləcəyi barədə xəbərlərin yayılması ilə bağlıdır: “Lakin digər cəbhəçilərin də həbs olunması barədə məlumatlar aldıqda bunun AXCP-yə qarşı yeni kampaniya olduğunu anladım.
Eyni zamanda düşünürəm ki, mənim həbsim qərargahla bağlı olub. Məsələ burasındadır ki, mən son zamanlar qərargahda “komendant” kimi fəaliyyət göstərirdim və ətrafdakı bütün baş verənlərə daha diqqətli idim. Görünür, oradakı kameralar vasitəsi ilə bu fəaliyyətim oranı partlatmaq planını cızanların da diqqətindən yayınmayıb. Yeri gəlmişkən, həbs olunan zaman bayırda yığışıb qalmış bir sürü şəxsi problemlərə görə narahat idim, amma qərargahla bağlı həmin xəbər mənə daha çox təsir etdi, necə deyərlər bütün dərdlərim kölgədə qaldı”.
Şöbə sədri daha sonra saxlanıldığı təcridaxana barədə danışıb: “Inzibati həbs cəzası alanlar üçün nəzərdə tutulan Binəqədidəki təcridxana elə də qorxulu və dəhşətli yer deyil. Amma ölkənin hər yerində olduğu kimi orada da qanunsuzluq baş alıb gedir. Deyəcəyim bəzi məsələlər inanmıram ki, kimdəsə ruh düşkünlüyü yarada, kimisə mübarizədən çəkinməyə sövq edə, odur ki oradakı bəzi problemləri dilə gətirmək istəyirəm. Əvvəla, kameralarda yataq dəstləri normal deyil, həbs olunanlar bir-birini əvəz etsə də, döşəkağıları və digər yataq ləvazimatları dəyişdirilmir. Hamam şəraiti demək olar ki, yox səviyyəsindədir. Ancaq təmizliyi sevənlər kameralardakı sanitar qovşağında yuyunurlar. Gündə üç dəfə yemək verilsə də (səhər yeməyinə yağ-çörək, nahar yeməyinə mərci və ya lobya supu, şam yeməyinə isə nahar üçün nəzərdə tutulan ikinci yemək) onların miqdarı və keyfiyyəti bəzən qənaətbəxş səviyyədə olmur. Onu da qeyd edim ki, oranın yemək təminatını Daxili Işlər Nazirliyi həyata keçirir. Orada saxlanılanlar üçün maksimum yer 34 nəfərlik olsa da, bəzən həbs olunanların sayı 40 nəfəri keçir. Bu fakt özü də bəzən yemək və sanitariya sahəsində problemlərə səbəb olur. Əsas problemlərdən biri də qəbul olunan sovqatlarla bağlıdır. Sovqat kimi yalnız peçenye və bəzi şirniyyat növləri qəbul olunur. Ən əsası odur ki, vitaminlərlə zəngin qidalar və meyvələrin qəbuluna qadağa qoyulub. Bu qısa müddətə həbs olunanların səhhətində problemlər yaratmasa da, daha uzun müddətə (20, 30 gün və daha çox) saxlanılanların səhhətində bu çatışmazlıqların simptomları özünü biruzə verir. Sovqatların qəbulu ilə bağlı belə məhdudiyyət istintaq təcridxanalarinda və cəzaçəkmə müəsisələrində də yoxdur. Bu barədə mən həmin müəsisənin rəhbərliyinə və Işgəncələr üzrə komissiyanın sədri Elçin Behbudova da iradlarımı bildirdim. Elçin Behbudov bu məsələ ilə bağlı Daxili Işlər Naziri Ramil Usubova məlumat verəcəyinə söz verdi”.
Elçin Behbudov “Sovetski” məhbusları ilə görüşmədi
Təzəxan Mirələmli bildirib ki, əvvəllər təcridxananın daimi “sakinləri” “avtoşlar” idisə, indi aliment və bank kreditlərinə görə sutkalıq həbs alanlar daha çoxluq təşkil edir. “Son günlər ”Sovetski” adlanan ərazidə söküntülərə etiraz aksiyası zamanı həbs olunanların da sayı 5 nəfər idi. Onlardan hətta ağır xəstə olan Mirislam adlı bir nəfərə də inzibati həbs verilmişdi, halbuki belə xəstələr cinayət məsuliyyətindən də azad olunurlar. Sonradan həmin şəxs Apelyasiya məhkəməsində həbsdən azad olundu. Elçin Behbudov ora gələndə “Sovetski” məsələsinə görə həbs olunanlarla görüşmədi, halbuki saxlanılan zaman daha çox işgəncəyə məruz qalan onlar idi. Həbs olunanlar arasında az da olsa narkotik istifadəsinə görə inzibati məsuliyyətə cəlb olunanlar da var idi. Bu özü də qanunlarda olan boşluğun təzahürudür. Belələrinin əslində müalicəyə daha çox ehtiyacı var. Belə hallar oradakı iş rejiminin də pozulmasına səbəb olur. Çünki həmin xəstələr ağrılar artdıqca tez-tez təcili yardım çağırmaq məcburiyyətində qalırlar”, – deyə şöbə sədri əlavə edib.