Təzəlikcə “Azadlıq”dan oxuyub öyrəndik. Ki, məgər Azərbaycan dünyada uşaqpulunun məbləğinə görə dünyada axırıncı imiş: 75 manat.
Ermənistanda bu rəqəm 135 dollar. Üstəlik, üçüncü uşaqda bu məbləğ 1200 dollara qədər qalxır. Qoy “regionun lider dövlətiyik” deyə yaxa-başını cıranlar bu faktın qarşısında utanmaqda olsunlar (onlarda hələ də belə bir hiss qalırsa), biz isə rəqəmlərin dili ilə danışmağa davam edək.
Təqaüdlərin məbləğinə görə MDB-də sonunculardanıq – 85 manat.
MDB-nin ən çox dubinka vurub, ən az maaş alan polisi – Azərbaycanda: 400-500 manat. Yaptokratların ağlınca regionun lider dövləti olmayan Gürcüstanda polis nə qədər maaş alır? 1200 dollar. Buradan bizim polislərə çatan mesaj nədir? Az dubinka vurun ki, sabah çox maaş ala biləsiniz.
Müəllimin maaşı bizdə – 200 manat ola, ya olmaya. Bu gün inqilab rüzgarlarının əsdiyi Liviyada isə müəllim 1500 dollara qədər maaş alır. Sonra da deyirlər, inqilab Azərbaycana gələ bilməz. Sonra da deyirlər, Liviyada baş verənlərin Azərbaycanda baş verməsi üçün heç bir səbəb yoxdur. Amma təkcə müəllim maaşlarının müqayisəsindən çıxan nəticə nə deyir? Liviya üsyanının burada təkrarlanması üçün səbəb oradakından 7 dəfə çoxdur.
Indi isə gəlin valı dəyişək. Eşşək almışdılar xaricdən xatırlayacaqsınız. Neçəyə? Biri 40 min dollardan artığa. Yəni anlayacağınız, yeni doğulan uşağı 75 manata, xarici eşşəyi 40 min dollara qiymətləndirən bir sistemlə qarşı-qarşıyayıq.
Hansısa olimpiya oyununda bir dəfə o baş-bu başa çapacaqdılar deyə qotur fransız atına nə qədər saymışdılar? 3 milyon avro. Yəni anlayacağınız təqaüdçünü 85 manata, fransız atını 3 milyon avroya dəyərləndirən bir zehniyyətlə üz-üzəyik.
Keçənlərdə Hirkan qoruğuna bir dəstə ceyran buraxdılar. Mərasimə bizzat kral həzrətlərinin özü getdi. Rəsmi xəbərdə ceyranların yaşayış şəraiti ilə şəxsən maraqlandığı deyilirdi Ilham Əliyevin. Müvafiq göstərişlər verdiyi deyilirdi. Kimsə çıxıb soruşdumu: ceyranların yaşayış şəraiti ilə şəxsən maraqlanırsan da, bəs insanların yaşayış şəraitinə niyə bu qədər biganəsən, laqeydsən.
Niyə bu ölkədə insan hər şeydən ucuzdur: xaricdən gətirilən eşşəklərdən, fransız atından, ceyranlardan. Niyə körpülər bu qədər bahadır Azərbaycanda, amma o körpülərdən keçən insanlar bu qədər ucuzdur? Niyə hər şeyin qiyməti qalxır bu ölkədə, amma insanın qiyməti yox?
Ən əsası, bir kəlmə sözü ilə yumurtanın qiymətini sala bilən Ilham Əliyev niyə insanların qiymətini qaldırmır bu ölkədə? Niyə insanı hər şeydən dəyərli bir varlığa çevirmir?
Əlbəttə, bu sualların çox sadə cavabı var: insanı ucuz tutacaqsan ki, bahalı yollar çəkə biləsən. Insanı ucuz tutacaqsan ki, bahalı eşşəklər ala, bahalı fontanlar quraşdıra biləsən. Insanı ucuz tutacaqsan ki, Mayamidən Dubayacan bahalı villaların olsun.
Bu, bütün sümürücü, yağmaçı, ədalətsiz rejimlər kimi, Ilham Əliyev hakimiyyəti üçün də “qızıl qayda”dır.
Nə fikirləşirsiniz, sevgili vətəndaşlarım, daha nə qədər ucuzlaşacaqsınız? Yoxsa doğrudanmı, hələ də aşağı yeriniz var?
Bir dəfə gülümsəmək
Xalqsız xalq yazıçısı Anar kulis.az saytına müsahibə verib. Müsahibəni təbəssümsüz oxumaq mümkün deyil.
Məsələn, AYB-nin ədəbiyyat adına təhqirdən başqa bir şey olmayan qəzet və jurnallarına güldən ağır söz deməyə dili dönməyib, hətta həmin orqanları “demokratik” adlandırıb.
Məsələn, qarşıdakı qurultayda da 20 il oturduğu sədrlik postundan getmək fikrində olmadığını deyib.
Məsələn, “Nobel” mükafatını allahın “Şöhrət” ordenindən də urvatsız eləyib. Nobel mükafatçılarını necə var şərləyib, onlara itin sifətini verib.
Yəni onun müsahibə boyu bütün fikirləri ağıllı adamda gülüşdən başqa bir şey doğurmur. Di gəl ki, Anar müəllim o boyda gülməli müsahibə ərzində cəmi bir dəfə gülüb – onda da öz dediyinə yox, jurnalistin sözlərinə.
Bir insanın tükəndiyi də məhz bundan bəllidir: gülməli danışıb, amma gülə bilməməsindən…