Rusiya bu strateji torpaqları ələ keçirmək üçün zaman-zaman müharibələr aparıb
Türkiyə Kiçik Qaynarca müqaviləsini xatırladır
Ötən ilin sonlarında Ukraynanın Avropaya yönəlik siyasət yürütməsinə razılıq verməyən Yanukoviç hakimiyyətinə etiraz edən xalqın üç aydan artıq davam edən mübarizəsi məntiqi sonluqa nəticələnsə də, Rusiya Ukrayna xalqına sona qədər sevinməyə imkan vermədi.
Moskva Rusiyameylli Yanukoviçin xalqın etirazları nəticəsində hakimiyyətdən getməsi ilə barışmaq istəmədi və Ukraynanın ərazisinə qoşun yeritdi. Bu addımı ilə dünya ictimaiyyətinin, beynəlxalq qurumların və aparıcı dövlətlərin qınaq obyektinə çevrilən, həmçinin sanksiyalarla üzləşən Rusiya rəhbərliyinin əsas niyyəti isə müxtəlif bəhanələrlə Krımı Ukraynadan qoparmaqdır. Bunun üçün hətta gah Krımdakı rusdilli əhalini qoruduğunu bəhanə edir, gah da tarixə istinad edir. Əslində Krım Rusiya ilə Ukrayna arasında ara-sıra mübahisə mövzusuna çevrilib. Əslində Krımın tarixi hara gedir çıxır və Rusiyanın gətirdiyi əsaslar nə dərəcədə normal hesab oluna bilər? Bunun üçün Krımın tarixinə nəzər salmaq lazım gəlir.
Tarix nə deyir?
Qara dənizdə yerləşən Krım yarımadası bütün dövrlərdə Rusiyanın marağını cəlb edib. Son illər Rusiyada hətta Krımın bu ölkəyə birləşdirilməsi ilə bağlı müxtəlif səviyyələrdə çağırışlar da səslənirdi. Hazırda Rusiya Ukraynadan qoparmaq istədiyi yarımadada böyük dəniz donanması saxlayır. Rusiya və Ukrayna arasında əldə olunan razılaşmaya əsasən, ehtiyac olacağı təqdirdə Moskva Krımdakı hərbi kontingentini 20 minə qədər artıra bilər.
Ruslar Krımı tarixi torpaqları saysa da, əslində Rusiya ölkənin bir çox regionları kimi bu yarımadanı işğal nəticəsində ələ keçirib.
1441-1783-cü illərdə Krım yarımadasında Krım Tatar Xanlığı mövcud olub. 1478-ci ildə Krım Xanlığı Osmanlı dövlətinin müttəfiqi olur. 1768-1774-cü illərdə davam edən Osmanlı-Rus Müharibəsinin nəticəsində imzalanan Kiçik Qaynarca müqaviləsi imzalanana qədər Krım bu durumda qalır. Müqavilə nəticəsində Krım Xanlığı Rusiyanın nəzarətinə keçir. 1783-cü ildə Krım Xanlığı Rusiya tərəfindən işğal edilir. Rus çariçası II Katerina dönəmində Krım tamamilə rusların nəzarəti altına keçdi.
1787-1791-ci illərdə Osmanlı Imperiyası ilə Rusiya arasında daha bir müharibə baş verir. Osmanlı imperiyası 1768-1774-cü illərdə itirdiyi Krımı geri qaytarmağa çalışsa da, buna nail ola bilmir.
Osmanlı imperiyası ilə Rusiya arasında 1853-1856-ci illərdə Krım müharibəsi baş verib. Müharibəyə Böyük Britaniya və Fransa da qoşulmuşdu. Osmanlı imperiyası tərəfində döyüşən Britaniya və Fransa Rusiyanın Avropa və Aralıq dənizinə girməsinə imkan vermək istəmirdilər. Müharibə müttəfiqlərin qələbəsi ilə nəticələndi. Rusiya bu müharibədə Osmanlı donanmasını məğlub etdi.
Ikinci dünya müharibəsində Krım mühüm rol oynadı. Adolf Hitler şərqdə Rusiyaya qarşı açdığı cəbhədə 1941-ci ildə vacib qələbə qazandı. Həmin ilin sonunda Krım yarımadasının böyük hissəsi almanların nəzarəti altına keçdi və 1942-ci ilədək bura nəzarət edə bildilər. Krım Hitler üçün strateji əhəmiyyət daşıyırdı. Almanlar Krım vasitəsilə Qafqaza çıxmağı planlaşdırırdı.
Xruşşov, yoxsa Yeltsin?
Rusiya mənbələrinə görə, Mərkəzi Komitənin o zamankı birinci katibi Nikita Xuruşşov hələ 1944-1947-ci illərdə, Ukrayna Nazirlər Kabinetinin birinci katibi olduğu vaxtlarda Krımın Ukraynaya birləşdirilməsi barədə düşünüb. 1954-cü ilin yanvarın 25-də Krımın Rusiyadan alanaraq Ukraynanın tərkibinə keçirilməsi haqqında məsələ Mərkəzi Komitənin Rəyasət Heyətində müzakirəyə çıxarılıb və Krımla bağlı təklif qəbul olunub. Nəticədə Krım Rusiyadan alınaraq Ukraynaya verildi.
Bir versiyaya görə, Krım Ukraynanın Rusiyaya birləşdirilməsinin 300 iliyinə görə Ukraynaya hədiyyə verilib.
Nikita Xruşşovun oğlu Sergey Xruşşov isə Krımın Ukraynaya verilməsində görə atasını tənqid edənlərə cavabında bu məsələdə Yeltsinin daha çox günahının olduğunu deyib. Çünki 1991-ci ildə Belovejsk sazişində – Rusiya, Ukrayna və Belarus rəhbərlərinin SSRI-nin dağılması haqqında sənəd imzaladıqları görüşdə Ukrayna rəhbəri Kravçuk Rusiya prezidenti Boris Yeltsindən “Krım məsələsi necə həll ediləcək?” soruşduqda Yeltsin “istəyirsən götür” cavabını verib.
Lakin tarixi mənbələrdə Krımın Ukraynaya verilməsi ilə bağlı sənədlərin hələ 1953-cü ildə, Stalinin sağlığında hazırlandığı göstərilir.
Əslində bu ərazilər heç Rusiyaya məxsus deyil. Rusiya Krımı zəbt edəndən sonra yerli əhali repressiyalara məruz qalıb.
Türkiyənin iddiaları
Krımı Rusiyadan qoparmaq üçün tarixə istinad edən ruslar Osmanlı Imperiyası ilə çar Rusiyası arasında bağlanmış Kiçik Qaynarca müqaviləsinə görə yarımadanın müstəqillik hüququnun olmadığını unudur. 1783-ci ildə II Yekatrinanın imzaladığı müqavilədə yazılıb ki, yarımada öz müstəqilliyini elan edə və üçüncü ölkəyə verilə bilməz. Belə olan halda Krım Türkiyənin ərazisi hesab olunacaq.
Bu məsələ bu günlərdə Türkiyə mətbuatında da öz əksini tapdı.
Qeyd edək ki, Türkiyə Ukraynada baş verən böhran fonunda öz siyasi hüquqları uğrunda mübarizədə Krım tatarlarını dəstəkləyəcəyini bəyan etdi. Baş nazir Rəcəb Tayyib Ərdoğan belə bir açıqlama ilə çıxış edib.
Türkiyə mətbuatının yazdığına görə, bu ölkənin Krım yarımadasına hüquqları geniş müzakirə olunmağa başlayıb. Siyasi şərhçilər məhz 1783-cü ildə II Yekatrinanın imzaladığı razılaşmaya istinad edir. Razılaşmada Krımın Osmanlı Imperiyasından Rusiyaya verilməsi şərtləri göstərilir. Bu sənədə əsasən, əgər Krım müstəqillik elan etsə, yaxud üçüncü tərəfə verilməsi məsələsi gündəmə gəlsə, Türkiyə Krıma sahib olmaq hüququnu bərpa etmək haqqına sahib olur. Türkiyədə hesab edirlər ki, Krımın Rusiyaya birləşməsi məsələsi gündəmə gəlsə, onda yuxarıda qeyd olunan birinci hal yaranır. Çünki bunun üçün Krım gərək əvvəl Ukraynadan ayrıla.
Hətta artıq Türkiyə ilə Rusiya arasında bu məsələ ilə bağlı gərginliyin olduğu deyilir. Buna misal kimi ötən həftə baş verən bir insident göstərilir. Belə ki, Türkiyə altı F-16 qırıcı təyyarəsini havaya qaldıraraq Qara dəniz üzərində beynəlxalq hava məqamında dövrə vurub. Ötən həftə hətta iki belə hal baş verib.
Fizzə