“Biz cənab Hacıyevin həbsi və onunla rəftar barədə aldığımız son məlumatlardan sarsılmışıq”
Bəxtiyar Hacıyevin məzunu olduğu Harvard Universiteti Kennedi idarəçilik məktəbinin icraçı direktoru John High 14 nəfərlik müəllim və professor adından Azərbaycan prezidenti İlham Əliyevə məktub göndərib.
Məktubda deyilir: “Biz, Harvard Kennedi İdarəçilik məktəbinin icraçı direktoru, fakultə dekanı və professor heyəti olaraq, öz şəxsi təşəbbüsümüzlə burada tələbə olduğu müddətdə cənab Bəxtiyar Hacıyevlə şəxsən görüşmək imkanı əldə etmiş şəxslər kimi öz narahatlığımızı bildirir və diqqətinizi onun Azərbaycandakı həbsinə yönəltməyə çağırırıq.
Harvard Kennedi İdarəçilik məktəbinin fakultə, heyət və tələbələri olaraq hər birimiz ortaq missiyamıza nail olmaq, dünyanı daha yaxşı etmək üçün yarışıriq. Cənab Hacıyev də bu missiyaya dərindən riayət edir. Cənab Hacıyevin keçmiş professorları və məsləhətçiləri olaraq biz onu özünü Azərbaycanın ictimai maraqlarına xidmət etməyə həsr edən ağıllı, dürüst biri kimi tanıyırıq.
Biz cənab Hacıyevin həbsi və onunla edilən rəftar barədə aldığımız son məlumatlardan sarsılmışıq və səhhəti ilə bağlı çox narahatıq.
Biz Azərbaycandakı cavabdeh şəxslərdən onu işgəncə, hər cür fiziki və mənəvi təzyiqlərdən qorumalarını tələb edirik.
Biz həm də cənab Hacıyev üçün hüquqa uyğun proses və açıq məhkəmə aparılmasını tələb edirik.
Biz həmçinin polis məntəqəsində ona edilmiş işgəncə və təzyiqlər barədə istintaqın başlanmasını və məhkəməyə qədər onu azadlığa buraxmağa çağırırıq”.
Bəxtiyar Hacıyevə dəstək kampaniyasının bildirdiyinə görə, məktub Azərbaycan prezidentinə martın 25-də göndərilib və indiyədək hər hansı cavab alınmayıb (“Turan”).