Məmməd Mikayılovun «vurulmasının» bir səbəbi də mərhum Ağababa Babayevlə yaxınlığı olub
Suraxanı rayonunun sabiq polis rəisi Məmməd Mikayılovun işdən çıxarılmasının səbəbləri ilə bağlı redaksiyamıza maraqlı məlumat daxil olub. Xatırladaq ki, Məmməd Mikayılov yanvar ayında işdən çıxarılıb. Bunun səbəbi kimi sabiq rəisin daxili işlər naziri Ramil Usubovla münasibətlərində soyuqluq göstərilirdi.
Bildirilirdi ki, Məmməd Mikayılov DIN-in sabiq əməliyyat müvəkkili, adam oğurluğu və bir sıra başqa ağır cinayətlərdə təqsirləndirilərək ömürlük azadlıqdan məhrum edilən Hacı Məmmədovun həbsindən sonra Ramil Usubova qarşı başlanan kampaniyada Məmməd Mikayılov əks tərəfdə olub. Bu, nazirin xoşuna gəlməsə də, o zaman Xətai polisinin rəisi olan Məmməd Mikayılovu daxil işlər orqanlarından uzaqlaşdıra bilməyib. Polis rəisinin Hacı Məmmədov işi ilə bağlı kifayət qədər məlumatlı olması Ramil Usubovun onunla ehtiyatlı davranmasına səbəb olub. Nazir hətta Məmməd Mikayılovun danışa biləcəyindən ehtiyat edərkən onu daha yuxarı vəzifəyə – Interpolun Bakı Bürosunun rəisi vəzifəsinə təyin edib. “Hacı Məmmədov qalmaqalı” və Ramil Usubova qarşı kampaniya səngiyəndən sonra nazir onun vəzifəsini aşağı salaraq Nəsimi Rayon Polis Idarəsinə rəis təyin edib. Indi isə Məmməd Mikayılov şəhərin mərkəzindən bir qədər də ucqara – Suraxanıya sürgün edilib. Daha sonra isə ümumiyyətlə polis orqanlarından uzaqlaşdırılıb.
Dünən əldə etdiyimiz məlumatlara görə isə Məmməd Mikayılovun işdən çıxarılmasının bir səbəbi də onun Ağır Cinayətlərə Dair Məhkəmənin keçmiş hakimi, mərhum Ağababa Babayevlə yaxınlığı olub. Bu həmin Ağababa Babayevdir ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayev onunla söhbətinin videosunu yaymışdı. Həmin söhbətdə isə Ağababa Babayevin daxili işlər nazirinin müavini Vilayət Eyvazovun, ümumiyyətlə DIN-in ünvanına ittihamlar səsləndirmişdi. Bu videodan sonra Ağababa Babayev hakimlikdən uzaqlaşdırıldı. Bir müddət sonra isə dünyasını dəyişdi. Məlumatlara görə, Məmməd Mikayılov onu himayə edən şəxslərdən olub. Məhz bu amil də Məmməd Mikayılovun hədəfə gəlməsinin səbəblərindən biri kimi qiymətləndirilir. Məlumatlara görə, həmin video yayılandan onun işdən çıxarılması qərara alınıb. Lakin naməlum səbəblərdən məsələ bir qədər uzanıb.