«Hakimiyyət ölkəni quldurcasına idarə edir və xalqa mesaj verir ki, elə belə də davam edəcək»
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli AzadlıqRadiosunun “Işdən sonra” verilişinin qonağı olub. Əli Kərimli verilişdə AXCP-yə qarşı təzyiqlərdən, partiyanın qərargahından çıxarılmasından danışıb.
“Partlayış baş verəndə bunun təsadüf olmadığını düşündüm”
AXCP sədri əvvəlcə martın 3-də partiyanın qərargahında baş verən müəmmalı partlayışdan danışıb. Əli Kərimli bildirib ki, əvvəldən bu hadisənin təsadüf olmasına şübhə edib: “Bilirdim ki, hakimiyyət Xalq Cəbhəsinin normal fəaliyyətinə dözməyəcək. Xocalı faciəsini anma günü artıq hakimiyyətin bizimlə konfliktinin yeni mərhələsi başladı. Milli Şuranın ziyarətə izdihamlı şəkildə getməsi, gənclərin ”Şəhidlər ölməz vətən bölünməz” və s. bu kimi şüarlar səsləndirmələri kimlərisə narahat etdi. Və üstümüzə polis göndərdilər. Bu baxımdan qərargahda partlayış baş verəndə bunun təsadüf olmadığını düşündüm”.
AXCP sədri deyib ki, partlayışdan sonra hökumətin atdığı addımlar və binanın mülkiyyətçisi Azər Əsgərovun verdiyi açıqlamalar partlayışın təsadüf olmadığı barədə şübhələrin əsassız olmadığını ortaya qoydu: “Binan mülkiyyətçisi bildirdi ki, onu bu məsələyə görə hədələyiblər. Deyiblər ki, binanı AXCP-yə icarə verməkdən imtina etməsə, oranı ya partladacaqlar, ya da yandıracaqlar. Bundan əlavə bu gün (dünən-red) səhər tezdən Fövqəladə Hallar Nazirliyinin əməkdaşları qərargaha sərəncamla gəldilər ki, bina təcili sökülməlidir. Zirzəmidəki partlayışın gücü aşağı olmuşdu, sadəcə bir az təmirə ehtiyac yaranmışdı. Ancaq səhər saat 9-dan dirəniblər ki, bina sökülməlidir”.
“Bizi qərargahdan çıxarmaq üçün cinayət törədiblər”
Əli Kərimlinin sözlərinə görə, mülkiyyətçi Azər Əsgərov bu məsələ ilə əlaqədar onunla telefon danışıqlarını yazıb. O, səs yazısı olan diskləri jurnalistlərə paylayıb. AXCP sədri Azər Əsgərovun hakimiyyətə yaxın şəxs olması barədə səsləndirilən iddialara da münasibət bildirib. Əli Kərimli deyib ki, bu iddiaların əsası yoxdur: “Mən mülkiyyətçi Azər bəylə bir dəfə görüşmüşəm. Binanı təhvil götürəndə. Mən ona minnətdarlıq edirəm. Əvvəla, ona görə ki, Azər bəy lazım olan vaxtda vətəndaşlıq mövqeyi nümayiş etdirərək binanı bizə icarəyə verdi. Digər tərəfdən, Azər bəy hal-hazırda ona qarşı olan hədələri açıqlayıb, bununla bağlı faktları ictimaiyyətə təqdim edib. Bu halda o necə hökumət adamı ola bilər? Bizim cəmiyyət hər şeyə şübhə ilə yanaşır. ”Kurtlar Vadisi”nə çox baxırlar.
Ola bilər ki, Azər bəyin qardaşı vaxtilə vəzifədə işlədiyinə görə bu söhbətlər ortaya çıxıb. Amma hər bir halda ortada fakt var ki, Azər bəy hakimiyyəti ifşa edir. Məhz onun prinsipial mövqeyi nəticəsində hökumətin bizə qarşı qurduğu oyun mənasız oldu. Onsuz da bu hakimiyyət məhkəmədən, qanundan qorxmur. Deyir qanun da, məhkəmə də mənəm. Istəsəydilər bizi 2006-cı ildə olduğu kimi qərargahdan çıxarardılar. Amma guya bu dəfə texnologiya tətdiq etdilər. Belə rəy yaratmağa çalışdılar ki, guya Xalq Cəbhəsini özləri çıxarmır qərargahdan. Guya elə situasiya yaranır ki, biz onun nəticəsində qərargahdan çıxırıq. Amma daha pis alındı. Məlum oldu ki, bizi qərargahdan çıxarmaq üçün cinayət törədiblər. Xüsusi mülkiyyət olan bir binanı partladıblar. Ona görə əminliklə “partladıblar” deyirəm ki, qeyd etdiyim kimi binanın mülkiyyətçisini bu barədə xəbərdar ediblər. Binanı partladacaqlarını, yandıracaqlarını deyiblər”.
“Oyun qurmaq istədilər, amma ifşa olundular”
AXCP sədri bildirib ki, partlayış dəhşətli faciə ilə də nəticələnə bilərdi: “Ən dəhşətlisi budur ki, qərargahda hər gün cəbhəçilər növbətçi qalırdılar. Partlayış olan gün də iki nəfər gənc orada qalmışdı. Yanğınsöndürənləri də onlar çağırıb. Əgər barıtı çox etsəydilər, təsəvvür edin, necə faciə ola bilərdi. Bunlar rəqiblərini ofisdən çıxarmaq üçün görün necə dəhşətli işlər görürlər. Amma indi tamamilə ifşa olunublar. Artıq bilinir ki, bütün bunların hamısı Xalq Cəbhəsini ofissiz qoymaqdan ötrüdür. Və burada Azər Əsgərovun prinsipial mövqeyi heç də axırıncı arqument deyil”.
Əli Kərimlinin sözlərinə görə, binanın mülkiyyətçisinə kompensasiya ödəniləcək. “Əlbəttə ki, bazar qiyməti olmayacaq. Hökumətin müəyyənləşdirdiyi qiymətlə kompensasiya veriləcək”, – deyə o, əlavə edib.
AXCP sədri qeyd edib ki, rəhbərlik etdiyi partiya artıq 8-ci dəfədir ki, qərargahından çıxarılır: “Bunun 5-i Əliyevlər hakimiyyətinin dövrünə düşür. Bundan əvvəl 2011-ci ildə bizi qərarcahsız qoydular. Heç orada yerləşə bilmədik. Təzəcə müqavilə bağlamışdıq mülkiyyətçi ilə. Xırda təmir işləri aparılırdı. Xəbər tutdular və gəlib qərargahın qapısını qaynaq vurdular. Hələ də o qaynaq durur. Heç mülkiyyətçiyə də binadan istifadə etməyə imkan verilmir.
Bu qərargaha da köçəndə bizdən zarafatla soruşurdular ki, nə qədər oturacaqsınız burda? Cavab verməyə çətinlik çəkirdik.
Bir gün gənclər zarafatla dedilər ki, deyəsən bu dəfə qərargahın ömrü uzun olacaq. Çünki çox bahalı aparatlar gətirərək qərargahın qarşısında quraşdırıblar və çəkiliş aparırlar.
Görünür, bu dəfə bir neçə ay səbr etmələrinin səbəbi mülkiyyətçiyə təzyiq vasitəsilə bizim oradan çıxmağımıza nail olmaq olub. Ümid ediblər ki, mülkiyyətçini hədələməklə onu binanı bizə icarəyə verməkdən imtina etməsinə nail ola bilərlər. Amma bu dəfəki mülkiyyətçi prinspial çıxdı. Ona görə də bu cür oyun qurmaq istədilər. Amma ifşa olundular”.
“Azərbaycan xalqının öz haqlarına qovuşacağı gün uzaqda deyil”
Əli Kərimli bildirib ki, cəbhəçilərin həbsi, daha sonra partiyanın qərargahdan çıxarılması bir-birilə əlaqəli məsələdir: “Bunlar əlaqəli məsələlərdi. Hər iki hadisə AXCP-yə qarşı məqsədyönlü şəkildə aparılan təzyiq kampaniyasıdır”.
Onun sözlərinə görə, AXCP-nin hədəf seçilməsi təsadüfi deyil: “2013-cü ildə hakimiyyət çalışırdı ki, müxalifət bir araya gəlməsin, Milli Şura formatında birləşə bilməsin. Amma AXCP-nin israrı nəticəsində bu birlik baş tutdu. Seçkidən sonra da Milli Şuranı dağıtmağa çalışdılar. Amma yenə də AXCP-nin israrı nəticəsində Milli Şuranı dağıda bilmədilər. Milli Şuranın seçkidən sonrakı fəaliyyəti, tədbirlərdə kütləvilik göstərməsi hakimiyyəti narahat etdi. Bundan əlavə biz AXCP olaraq bəyan etdik ki, iki dəfə güclənəcəyik. Bütün bunlara görə AXCP hakimiyyətin hədəfindədir”.
Daha sonra Əli Kərimli Ukrayna hadisələrindən danışıb. O, bildirib ki, Azərbaycanda demokratiya uğrunda böyük hərəkat başlanacaq və xalq qələbə qazanacaq. AXCP sədri deyib ki, dünyanın ümumi inkişaf qanunauyğunluqları var və dünya artıq inkişafın o mərhələsinə gəlib çatıb ki, pula istinad edən avtoritar hakimiyyətlərin sonu yoxdur: “Onların hamısının hökmü verilib. O cümlədən Ilham Əliyevin. Azərbaycan xalqının öz haqlarına qovuşması uzaqda deyil”.
Mülkiyyətçini necə təhdid ediblər?
Verilişdə Azər Əsgərovun jurnalistlərə təqdim etdiyi audio yazı da səsləndirilib. Naməlum şəxs Azər Əsgərova deyir ki, o, binanı AXCP-yə icarəyə verməkdən imtina etməlidir. Əks təqdirdə ciddi problemlərlə üzləşə bilər. Azər Əsgərovla həmin şəxsin söhbətindən anlaşılır ki, o, mülkiyyətçiyə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun mesajını çatdırır. Həmin şəxs Azər Əsgərova açıq şəkildə bildirir ki, əgər deyiləni etməsə binaya zərər vurula bilər. Mülkiyyətçi hətta özünün və ailəsinin həyatı ilə təhdid edilir. Naməlum şəxsin sözlərindən belə aydın olur ki, hakimiyyət bu məsələdə hər addıma getməyə hazırdır. Azər Əsgərovu binanı AXCP-yə icarəyə verməkdən imtina etməyə sövq edən şəxs Azərbaycan hakimiyyətini mafiya ilə müqayisə edir. O, bildirir ki, Azər Əsgərovla mafiya qanunları ilə danışa bilərlər. “Səni elə peşman edərlər ki” deyərək Azər Əsgərovu təhdid edən həmin şəxs əlavə edir ki, ona qarşı nə baş verəcəksə kənardan olacaq. Yəni, məsələn, o küçədə gedərkən kim tərəfindənsə vurula bilər, yaxud avtomobil qəzaya salına bilər. Və heç kim də hakimiyyətdən şübhələnməz. Lakin Azər Əsgərov sona qədər mövqeyindən geri çəkilməcəyini deyir.
AXCP sədri Azər Əsgərovun bu sayaq hədələnməsinin dəhşətli hadisə olduğunu bildirib: “Baxın mesajı gətirən adam mafiyanı misal göstərir. Deyir ki, onlar mafiyadır, mafiya kimi işləyəcək. Baxın, ölkə mafiyanın əlindədir.
Əslində bu baş verənlər Azərbaycan vətəndaşları üçün aydın çağırışdır. Artıq heç nə gizli qalmayıb, hakimiyyət maskasını atıb. Ölkəni çox quldurcasına idarə edir və xalqa da mesaj verir ki, mən nə qədər hakimiyyətdəyəm elə belə də davam edəcəm”.
Əli Kərimli əlavə edib ki, xalq təşkilatnaraq sivil formada mübarizəni davam etdirməlidir.