"Hakimiyyətdə bu hərəkatın fəaliyyətini məhdudlaşdırmağa çalışan başqa bir qrup da var"
Elxan Şahinoğlu: "Gülənin tərəfdarlarının sayı o qədər çoxalıb ki, hamısına nəzarət etmək mümkün deyil"
Türkiyədə "Gülən camaatı" ilə Ərdoğan hakimiyyət arasında baş qaldıran ziddiyyətlər Azərbaycandan da yan keçməyib. Son günlər ölkəmizdə "nurçu"larla bağlı məsələnin tez-tez gündəmə gəlməsi bunun görsənişidir. Onu da qeyd edək ki, Fətullah Gülənin səs yazılarında "nurçu"ların Azərbaycanda böyük dayaqlarının olduğu üzə çıxıb. Azərbaycan rəsmiləri bunu qətiyyətlə təkzib etsə də, ortaya çıxan məlumatlar bu faktların əsassız olmadığını deməyə əsas verir. Belə olan halda Türkiyədə proseslərin axarı Azərbaycana da bilavasitə təsir edəcək. Məsələ ilə bağlı "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun fikirlərini öyrədik.
– Türkiyədə baş verənlərin Azərbaycana sıçradığını əminliklə demək olar. Azərbaycanda hakimiyyət dairələrində "nurçu"ların təmsil olunduğu deyil, eyni zamanda bu təriqədə qarşı çıxanlar da mövqelərini nümayiş etdirir. Bu prosesin artıq hakimiyyət daxilində qruplar arası qarşıdurmaya çevrildiyini demək olarmı?
– Azərbaycan hakimiyyətində "Gülən hərəkatı" ilə bağlı olan insanlar var. Amma bunun qrup olub-olmadığını demək çətindir. Ən azı bu adamlar "Gülən hərəkatı"nın maraqlarından çıxış edirlər və öz adamlarını hakimiyyətdə yerləşdiriblər. Eyni zamanda hakimiyyətdə "Gülən hərəkatı"nın fəaliyyətini məhdudlaşdırmağa çalışan başqa bir qrupun olduğunu da istisna etmirəm. Onların da əlinə yaxşı fürsət düşüb. Çünki Ərdoğan da Azərbaycanda "nurçu"ların fəaliyyəti barədə fikirlər bildirib. Yayılan səs yazılarında Zakir Həsənovu təbrik etmələri ilə bağlı faktlar, digər tərəfdə də başqa siyahılar var. Hakimiyyət digər qrupa "nurçu"ları sıxışdırmağa imkan verir. Son zamanlar deputatların adlarının çəkilməsini, müəyyən sənədlərin yayılmasını təsadüfi hesab etmirəm. Fikrimcə, bu sənədlər həm saytlara, həm də müxalifət mətbuatına hakimiyyətin içindən ötürülüb. Deməli, hər halda hakimiyyət içində müəyyən savaş gedir. Amma bu heç də o demək deyil ki, bu hakimiyyət savaşıdır deyə biz seyrçi qalmalıyıq. Əgər "nurçu"ların təhsil və yardımdan kənar fəaliyyəti Azərbaycana təhlükəyə yaradırsa, buna fikirlərimizi bildirməliyik.
Qafqaz Univesiteti və Xəzər televiziyası hakimiyyətin nəzarətinə keçib
– Belə bir fikir var ki, hakimiyyət içində olan "nurçu"lara münasibət Türkiyədəki hadisələrin gedişindən asılı olacaq. Siz necə hesab edirsiniz?
– Burda müəyyən qədər həqiqət var. Azərbaycanda "nurçu"lar hərəkatına başçılıq edənlər özlərini bir qədər diskomfort hiss edirlər. Çünki Ərdoğan "nurçu"lara qarşı faktiki savaş açıb və açıq deyir ki, bu məktəblər bizə lazım deyil, övladlarınızı o məktəblərdən çıxarın. Ərdoğanın bir başqa açıqlaması da var idi ki, bu hərəkatın Azərbaycan üzərində qara planları var. Bu həm də mesajdır ki, Azərbaycan hakimiyyəti burda eyni işə başlasın, "Gülən camaatı"nı sıxışdırsın. Amma Azərbaycan hakimiyyəti özü də gözləmə mövqeyindədir. Çünki hələlik bu hərəkatı özü üçün təhlükə kimi görmür. Əksinə, o hərəkatın Azərbaycandakı nümayəndələri hakimiyyətin dediklərini can-başla yerinə yetirirlər. Qafqaz Universiteti SOCAR-ın idarəetməsinə verilib. Xəzər televiziyası da faktiki hakimiyyətin nəzarətinə keçib. Baxmayaraq ki, orda rəhbər heyəti Gülənə bağlı insanlardır. Bu baxımdan hakimiyyət "Gülən hərəkatı"nı özü üçün təhlükə hiss etmir və onlara qarşı fəaliyyətə başlamır. Ancaq Ərdoğan mesaj göndəribsə, bu mesajı da diqqətə almaq məcburiyyətindədir. Çünki hakimiyyət Ərdoğanla sıx münasibətlərin davamına çalışır. Digər tərəfdən, səs yazıları yayılır, telefon dinləmələrində Azərbaycan nazirlərinin adları hallanıb. Azərbaycan hakimiyyəti buna biganə qala bilməz. Hakimiyyətdə "nurçu"ların əl-ayağının yığışdırılmasına çalışan qrup var. Bunu nəzərə alsaq, yaxın gələcəkdə "Gülən hərəkatı"nın Azərbaycanda nəzarətə alınması istiqamətində hakimiyyətin müəyyən addımlar atacağını demək mümkündür. "Gülən hərəkatı" Türkiyədə telefonları dinləyə bilirsə, Azərbaycanda da bunu edə bilər. Başqa bir önəmli məsələ var. Fətullah Gülən Pensilvaniyadan açıqlamalar verir ki, dinləmələr mənim təlimatımla həyata keçirilmir. Əslində bu hərəkat o dərəcədə şişib ki, kimisə dinləmək, nəzarətə götürmək üçün Gülənin icazəsini almaya da bilərdilər. Yəni hərəkat şişib konsey yaradıb və özü qərar verir. Əlbəttə, ola bilər ki, Gülən Ərdoğanı dinləməklə, yaxud Azərbaycanda naziri təbrik etməklə bağlı təlimat verməz. Müəyyən idarə heyəti var ki, dövlət qurumlarına yerləşiblər, onların əlində media qurumları da var. Özləri yığışıb qərar verə bilərlər. Sadəcə Güləni bu qərarın nəticəsi ilə tanış edərlər. Gülənin nəzarətindən kənar bir qrup ola bilər ki, həm Azərbaycanda, həm Türkiyədə bu fəaliyyətləri həyata keçirir. Sadəcə olaraq fəaliyyətlərinin nəticəsi haqqında Gülənə ümumi məlumat çatdırılır. Bu da hər iki ölkə üçün böyük təhlükədir.
"Bu hərəkat bir qədər feodal qaydalarla idarə olunur"
– Türkiyədə "nurçu"lar məğlub olsa da, tam səhnədən çıxıb getməməyəcək. Azərbaycanda onlar gələcəkdə hansı problemlər yarada bilərlər?
– Burda qarşıdurma sırf müharibə anlamında deyil ki, kimsə məğlub olsun. Söhbət insanlardan gedir. "Gülən hərəkatı"nda bir neçə milyon insan var. Onları məğlub etmək mümkün deyil. Ola bilsin kimlərsə mövqeyini dəyişər. Amma Gülənə sadiqlikliklərini saxlayanlar da olacaq. Əslində bu hərəkat bir qədər feodal qaydalarla idarə olunur. Yəni "Xocam nə deyir, düz deyir". Bunun özü də əslində təhlükəlidir. Bu, avtoritar idarəetmə üsuluna bənzəyir. O ki qaldı bu savaşın nəticələrinə, Ərdoğan "Gülən hərəkatı"na qarşı daha da sərtləşəcək. Amma görünür, bu hərəkat da nə Türkiyədə, nə Azərbaycanda öz missiyasından əl çəkən deyil. "Gülən hərəkatı"nı dayandıran yegənə nə ola bilər? Siyasi fəaliyyətlərindən, mediaya nəzarətdən, öz adamlarını dövlət qurumlarında yerləşdirməkdən əl çəkərlərsə, ancaq təhsil və yardımla məşğul olarsa, Türkiyədə və Azərbaycanda yenə də öz işlərini davam edə bilərlər. Amma bunun özü də çətindir. Gülənin tərəfdarlarının sayı o qədər çoxalıb ki, hamısına nəzarət etmək mümkün deyil. Avtonom qruplar yarana bilər və onlar özbaşına qərarlar verə bilərlər. Həm siyasətə müdaxilə edər, həm telefonları dinləyərlər. Bir avtonom qrupun o birində heç xəbəri olmaya bilər. Azərbaycanda "Gülən hərəkatı"nın ən güclü arqumentləri odur ki, burda məktəbimiz, unviersitetimiz var, Azərbaycanda ən keyfiyyətli təhsili biz veririk. Bu sözlərdə həqiqət var. Amma bu təhsil müəssisələri pulsuz deyil. Orta və kasıb təqəbəqədən olanlar orda oxuya bilmir. İkincisi də, fəaliyyətinizi təhsillə məhdudlaşdırmırsınız. Şirkətləriniz, nəşriyyatınız, radionuz, televiziyanız var. Bunun təhsilə heç bir aidiyyəti yoxdur. Bütün bunlarla bağlı ortada suallar çoxdur.
Fizzə