Seymur Orucov əvvəlcə «zəhmətkeşlər»in aksiyasından xəbərsiz olduğunu, daha sonra bunu özlərinin təşkil etdiyini bildirdi
AXCP sədri Əli Kərimlinin evi qarşısında keçirilən “zəhmətkeşlər”in aksiyası ilə bağlı yeni məlumatlar almışıq. Ötən sayımızda qeyd etmişdik ki, bu aksiya YAP rəhbərliyinin təşkilatçılığı, ARDNŞ prezidenti Rövnəq Abdullayevin maliyyə dəstəyi ilə keçirilib. Dünən əldə etdiyimiz məlumatlara görə, aksiyaya Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları da qatılıb. Onların başında FHN-nin protokol xidmətinin rəhbəri Ismayılov Mehman Heydər oğlu dayanıb. Bundan başqa aksiyada YAP-çı deputat Siyavuş Novruzovun qardaşı oğlu, Gənclər və Idman Nazirliyində idarə rəisi olan Novruzov Nəcəf Əhəd oğlu da iştirak edib.
Əli Kərimlinin evi qarşısında keçirilən aksiya ilə bağlı daha bir maraqlı məqam YAP-ın gənclər təşkilatının sədri Seymur Orucovun iki bir-birinə zidd açıqlamalarıdır.
Seymur Orucov “Bizim Yol” qəzetinin dünənki sayına açıqlamasında deyib ki, aksiyanın onlara aidiyyatı yoxdur: “Bu aksiya YAP-ın Gənclər Təşkilatı tərəfindən hazırlanmayıb və təşkil edilməyib. Mən bildiyim qədər müstəqil gənclər tərəfindən keçirilib və bunun bizə aidiyyəti yoxdur. Onlar müstəqil gənclərdir. Necə ola bilər ki, biz aksiya keçirək və sonra da deyək ki, bunu biz təşkil etməmişik. Indi hətta bir terror aktı olanda onu terrorçu qruplar öz üzərinə götürür. Odur ki, bu haqda deyilənlər əsassızdır”.
Bundan sonra Seymur Orucov “Trend”ə əvvəlki fikirləri ilə tamamilə ziddiyyət təşkil edən açıqlama verib. Əvvəlki açıqlamada aksiyanı müstəqil gənclərin keçirdiyini iddia edən Seymur Orucov bu dəfə deyib ki, Əli Kərimlinin evi qarşısındakı aksiyanı YAP-ın gənclər təşkilatı keçirib: “Əli Kərimlinin evi qarşısında keçirilən aksiya Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin fəalları tərəfindən təşkil olunub”. Onun sözlərinə görə, aksiya icazəsiz olduğundan polisin müdaxiləsi ilə dağıdılıb: “Polisin müdaxiləsi nəticəsində askiyanı tam başa çatdıra bilmədik, ancaq gənclər öz etirazlarını bildiriblər”.
Görünür, Seymur Orucov Əli Kərimlinin evi qarşısında keçirilən aksiyanın ictimaiyyət tərəfindən pislənildiyinin fərqində olub. YAP gənclərinin rəhbəri aksiyanın əks effekt verdiyini görüb, bu iyrənc kampaniyanın məsuliyyətini üzərindən atmağa çalışıb. Təşkilatçı olduğunu deməyə xəcalət çəkib. Lakin sonradan “yuxarılar” Seymur Orucovun “yaxşı oğlan olmaq” istəməsinə görə ona möhkəm təpiniblər. YAP-ın gəncləri də məcbur qalıb bu idbarlığın onlar tərəfindən həyata keçirildiyini etiraf edib.
Oxucuların diqqətinə çatdıraq ki, Seymur Orucov YAP-ın gənclər təşkilatının sədri olmaqla yanaşı Iqtisad Universitetində prorektor vəzifəsində çalışır. O, universitetin rektoru, deputat Şəmsəddin Hacıyevin kürəkənidir.
Seymur Orucovun necə prorektor olması və universitetdə hansı əməlləri törətməsi barədə redaksiyamıza məlumatlar daxil olub. Bəzi dəqiqləşdirmələr apardığımızdan hələ ki, həmin məlumatları dərc etmirik. Növbəti saylarımızda bu barədə ətraflı məlumat verməyə çalışacağıq.
İnformasiya şöbəsi