Onun hakimiyyəti illərində iqtisadi baxımdan ölkə inkişaf edib
Azərbaycanın «analoqsuz inkişafı» bu ölkəylə müqayisəyə belə gəlmir
Ukraynada Yanukoviç erası başa çatdı. Ölkədə siyasi böhranla yanaşı iqtisadi problemlərin də olduğu deyilir. Bunun kökündə isə Yanukoviç hakimiyyətinin korrupsiyaya meylli olması və ölkənin sərvətlərinin talanması dayanır. Şübhəsiz ki, hakimiyyət dəyişikliyi baş verən ölkələrdə keçmiş hakimiyyətlərin qüsurları daha çox qabardılır. Ukrayna da istisna deyil.
Bəs Ukrayna əhalisi Yanukoviçin dövründə necə yaşayıb. Keçmiş prezidentin hakimiyyəti əhalinin həyatına hansı müsbət və mənfi dəyişikliklər gətirib?
Ölkədə uşağa görə verilən müavinətə azərbaycanlı ailəsi həsəd apara bilər
Yanukoviçin dövründə ölkədə minimum əmək haqqı 87 dollardan 128 dollara qədər artıb. Yaşayış minimumu isə 118 dollardır. Sənayedə çalışanların minimum əmək haqqı 365 dollar, səhiyyə və təhsil sahəsində çalışanların minimal əmək haqqı isə 300 dollardır. Məşğul əhalinin minimum əmək haqqı 315 dollar olub. Ölkədə orta aylıq əmək haqqı yaşayış minimumundan iki dəfə çoxdur. Son bir ildə ölkədə orta aylıq əmək haqqı 10 faiz artıb.
Bu ölkədə uşaqlar üçün nəzərdə tutulan müavinət isə həsəd aparılacaq səviyyədə yüksəkdir.
Məhz Yanukoviçin hakimiyyəti dövründə qəbul edilmiş qanuna əsasən, dövlət birinci uşağa görə ailəyə yaşayış minimumunun 30 misli, yəni 3540 dollar, ikinci uşağa görə 60-7080 dollar, üçüncü uşağa görə isə 120 misli qədər – 14 min dollar müavinət ödəyir. Eyni zamanda birinci uşağa görə 12 ay, ikinciyə görə 24 ay, digər uşaqlara görə isə dövlət 36 ay müddətində 714 dollar məbləğində müavinət ödəyir.
Müqayisə üçün deyək ki, ölkəmizdə işləyən ana analıq məzuniyyəti dövründə hər ay üçün 20 manat müavinət alır. Uşağa 1 yaş yarıma çatanadək ana evdə oturarsa, eyni müavinət, 3 yaşadək isə 15 manat ödənilir. Işləməyən analar isə bundan da məhrumdur. Onlar yalnız birdəfəlik 75 manatlıq yardım alır.
Ukraynada minimum pensiya 140 dollar təşkil edirdi. Ölkə qanunlarına görə, pensiya yaşayış minimumundan aşağı ola bilməz. Buna görə də yaşayış minimumu artdıqca, pensiyalar da artırılır.
Ukrayna və Azərbaycanı müqayisə etdikdə…
Əgər Yanukoviçin prezidentliyinə qədər əhali əmək haqqının 11 faizini kommunal xərclərə sərf edirdisə, indi bu göstərici 8 faizi ötmür. 2010-cu ilə qədər ölkədəki minimum əmək haqqına 410 çörək almaq olurdusa, Yanukoviç hakimiyyəti dövründə minimum əmək haqqına 511 çörək almaq mümkün idi. Eyni məbləğə 262 litr benzin almaq mümkündür. Qeyd edək ki, neft ölkəsi olan Azərbaycanda minimum əmək haqqına bundan təxminən iki dəfə az benzin almaq olur. Əgər on il əvvəl hər 13 ukraynalının avtomobili var idisə, indi hər 7 nəfərdən biri şəxsi nəqliyyat vasitəsinə sahibdir.
Şübhəsiz ki, Yanukoviçin hakimiyyəti illəri Ukrayna iqtisadiyyatı üçün ən uğurlu dövr deyil. Korrusiyanın səviyyəsinin yüksək olması iqtisadiyyatın bütün sahələrinə zərbə vurub. Ancaq yuxarıda göstərilən rəqəmləri “uğurla inkişaf edən” Azərbaycanla müqayisə edəndə görmək olur ki, xalqın qəzəbi ilə hakimiyyətdən uzaqlaşdırılan Yanukoviçin idarəçiliyi dövründə bu ölkədə vəziyyət Azərbaycandan xeyli yaxşı olub.
Fizzə