Və ya «Vəhşi kapital yığımı»na son…
5 yanvar müşavirəsindən sonra Vergilər naziri Fazil Məmmədov tele-müsahibəsində bildirdi ki, ölkədə ümumi gəlirlər bəyannamə sisteminə maliyyə amnistiyası olmadan keçmək olmaz. Ancaq hörmətli baş vergi toplayan (Azərbaycanda daha çox xərac kimi toplanır vergilər) demədi, izah etmədi ki, əvvəla, “Maliyyə amnistiyası” deyəndə o nəyi nəzərdə tutur, ikincisi isə, hansı hüquq normasına və ya hansı obyektiv iqtisadi qanuna görə, “Maliyyə amnistiyası” elan edilmədən ümumi bəyannamə sisteminə keçmək mümkün deyil? Belə bir qanun varmı? Təbii ki, söhbətin nədən getdiyini mütəxəssislər, siyasətçilər və… dövlətimizin sərvətlərini son 20 ildə tam nəzarətsiz və ölçüsüz bir şəraitdə talayanlar yaxşı bilir.
Sıravi vətəndaşların bilməsi üçün isə bəzi izahatlara ehtiyac var.
Əvvəla, “Amnistiya” nədir?
Bu söz Azərbaycan qanunvericiliyində Cinayət Məcəlləsinin 81-ci maddəsində işlədilir və tərifi də belə verilir: “Amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində AR-in Milli Məclisi tərəfindən qəbul edilir. Cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər”. Bu, rəsmi mətndir. Qanunu “yazanlar” onu “uruslardan” köçürüblər deyə amnistiyanın tərifi belə verilib. Sadə şirin ana dilimizdə ifadə etsək, belə olacaq: “Amnistiya – AR Milli Məclisi tərəfindən qəbul edilən ümumbağışlama aktıdır” və ya “amnistiya – şəxslərin cinayət məsuliyyətindən azad edilməsi, məhkum edilmiş şəxslərin isə cəzadan azad edilməsi… məhkumluğunun götürülməsi üçün AR MM-nin qəbul etdiyi ümumi bağışlama aktıdır”.
Bəri başdan qeyd edim ki, son 20 ildə qəbul edilən heç bir amnistiya haqqında Qanunda şəxslərin “cinayət məsuliyyətindən azad edilməsi” nəzərdə tutulmayıb. Amnistiya sadəcə “humanizm” nümayişi, təbliğat üçün verilib. Yəni amnistiyalar, yalnız haqqında qanuni qüvvəyə minmiş hökm olan şəxslərə şamil edilib. Halbuki amnistiya: ümumi əfv – ümumbağışlama aktı kimi, törədilmiş cinayət əməllərinə şamil edilir və ona görə də elan edildiyi günədək törədilmiş bütün cinayət hərəkətlərinə tətbiq edilməlidir: ibtidai istintaqda, məhkəmə gedişində və cəzaçəkmə prosesində. CM-nin 81.2-ci maddəsinin məzmunu da bunu göstərir.
Dünyanın bütün ölkələrində amnistiyalar, bir qayda olaraq, dövlətlərin, xalqların həyatında əlamətdar olan günlərdə, hadisələrdə və dəyişiklik dönəmlərində elan edilir. Bura daxildir: rəsmi bayramlar, dini və milli bayramlar, müstəqillik əldə edilməsi, qələbə ilə başa çatdırılmış müharibələr sonrası, hakimiyyət dəyişikliyi, seçki nəticəsində və s.
Diqqət etsəz görərsiz ki, bir çox ölkələrdə prezident və parlament seçkilərində iştirakçılar xalqa amnistiya vəd edirlər. Bu vədi isə yalnız müxalifət tərəfi, hakimiyyətə iddia edən tərəf verir. Bir çöx hallarda amnistiya, sözün əsl mənasında milli barışıq üçün zəruri addım kimi elan edilir: 1993-cü ildə 4 iyun qiyamı ilə bağlı Ə.Elçibəy hakimiyyətinin verdiyi amnistiya kimi. Əslində o vaxt hadisələrin böyüməsinin, daha çox qan tökülməsinin qarşısını həmin o amnistiya aldı. S.Hüseynovun tərəfdarları Gəncədə qətlə yetirdikləri 36 “qvardiyaçı”ya görə məhkum edilməyəcəklərinə qanuni təminat alandan sonra bir nəfərin də burnunu qanatmadılar, qarşılıqlı qisas hissinə son qoyuldu.
Bu mənada, amnistiya aktları bəzən dövlətləri dağılmaqdan, millətləri vətəndaş müharibələrindən xilas edən çox ciddi hüquqi aktlardan birincisidir. Türkiyə, Ingiltərə, Ispaniya və bir çox başqa ölkələr amnistiya aktlarından zamanında istifadə edərək dövlətçilk baxımından böyük uğurlar əldə etmişlər.
09 oktyabr 2013-cü il tarixli prezident seçkiləri öncəsi yazdığım məqalələrdə və 02 aprel 2013-cü ildə “Azadlıq” və “Yeni Müsavat” qəzetlərində dərc etdirdiyim “Azərbaycanın milli xilas düsturu” adlı yazımda mən də milli barışıq əldə edilməsi üçün belə bir amnistiyanın verilməsinin zəruriliyini əsaslandırmışdım. Ancaq diqqət edin: Milli barışıq üçün, ictimai-siyasi vəziyyətin, iqtidar-müxalifət münasibətlərinin normallaşdırılması üçün.
Bəs Fazil Məmmədov hansı məqsədlə və hansı amnistiyadan danışır?
Sadə vətəndaşlarımıza bunların istəklərini izah etmək üçün 2010-cu ildə Ağır Cinayətlər Məhkəməsində baş vermiş bir hadisəni olduğu kimi xatırladacağam. Öncədən üzr istəyirəm.
“Zərəçəkmiş şəxs (qadın): Mən təqsirləndirilən şəxsə verdiyim pullarımı tələb edirəm.
Sədrlik edən: Nə qədər pul veribsən ona?
Zərəçəkmiş şəxs: 28000 (iyirmi səkkiz min) dollar.
Sədrlik edən: Səndə bu 28000 (iyirmi səkkiz min) dollar hardan idi?
Zərəçəkmiş şəxs: Sizə nə var hardan idi?
Sədrlik edən: Əgər 28000 (iyirmi səkkiz min) dollar verdiyini iddia edirsənsə, sən əvvəl sübut etməlisən ki, bu pul həqiqətən də səndə olub ki, veribsən dəə… Sən 28000 (iyirmi səkkiz min) dolları haradan əldə etmişdin, harada işləyirsən, necə qazanıbsan, kimdən almışdın, de, bunlar protokola yazılsın axı.
Zərərçəkmiş şəxs: Hörmətli hakim, mən o pulu trasda q…….lik edib qazanmışdım. Həm də qazandığımın yarısı idi o pul. Yazın protokola.
Sədrlik edən: Tərbiyəli danış. Burada səndən başqa şey soruşmuram ki, belə özündən çıxıb ağzına gələni danışırsan. Özünü tərbiyəli apar. Adam kimi cavab ver.
Zərərçəkmiş şəxs: Tərbiyəsiz sizsiz ki, mənə belə suallar verirsiz. Sizin bu sualı vermək ixtiyarınız yoxdur.
Sədrlik edən: Mən burda iclasa sədrlik edirəm. Hansı sualı verməyi də özüm bilərəm. Sən mənə sual verməyi öyrətmə. Qovaram səni zaldan, ağlın başına gələr, soxaram səni içəri 1 aylığına, düzələrsən.
Zərəçəkmiş şəxs: Yoldaş sədr, bilirəm sədrsiz, hakimsiz və müstəqilsiz. Ancaq qanuna tabesiz. Qanun isə mənim tərəfimdədir bu məsələdə. Mənə də “xox” gəlməyin.
Sədrlik edən: O hansı qanundur elə, sənin pulunun mənbəyini öyrənməyi qadağan edir?
Zərəçəkmiş şəxs: Əvvəla, təqsirləndirilən şəxs ibtidai istintaqda da, məhkəmədə də etiraf edib məndən 28000 (iyirmi səkkiz min) dollar almağını. Ikincisi isə, Əbülfəz Elçibəy rəhmətliyin vaxtında, 1992-ci ildə “Varidata təminat verilməsi haqqında” Qanun qəbul edilmişdi. O qanuna görə heç kimdən mal-mülkünün mənbəyini soruşmaq olmaz.
Sədrlik edən: Nə Elçibəy, nə 92-ci il, indi 2010-cu ildir, bilirsən bunu?
Zərərçəkmiş şəxs: Mən 1992-ci ildən əvvəl bu pulu əldə etmişəm, necə, hardan Sizə dəxli yoxdur, gedin qanunları yaxşı oxuyun”.
Bu sual-cavabdan sonra məhkəmə təxirə salındı və proses qurtarana qədər sədrlik edən və hakimlər 8 nəfər zərərçəkmişin heç birinə təqsirləndirilən şəxsə verdikləri cəmi 120 000 (yüz iyirmi min) dolları haradan əldə etdikləri barədə sual vermədilər.
Əziz vətəndaş, maliyyə və ya iqtisadi amnistiyanın mahiyyəti budur: heç kim səndən var-dövlətinin mənbəyi, qanuni olub-olmaması barədə sorğu-sual edə bilməz.
Beləliklə də…
(Azərbaycan Respublikası, xalqımız SSRI imperiyasının əsarətindən xilas olub müstəqillik yoluna qədəm qoyanda biz gördük ki, sovetin vaxtında yüksək vəzifələrdə işləyən, müxtəlif qanuni-qanunsuz yollarla sərvət toplayan adamlar yeni hakimiyyətdən qorxub var-dövlətlərini gizlədir, üzə çıxarmır, yeni iş yerlərinin açılması, yəni dövlətimizin inkişafı üçün yatırımlar etmirlər. Ona görə də Ə.Elçibəyin rəhbərliyi altında (bu barədə ona şəxsən təklif verənlərdən biri də mən olmuşam) gənc hakimiyyətimiz “Varidata təminat verilməsi haqqında” 15 yanvar 1992-ci il tarixli Qanun qəbul etdi. Qanun olduqca sadə, aydın və lakonikdir. 4 bənddən ibrətdir…
ardı var, Qurban Məmmədov, 12 fevral 2014-cü il