ARDNŞ prezidenti deyib ki, neft şirkətinin ərazisində tikilən evlər sənədləşdirilməyəcək
ARDNŞ-ə məxsus ərazilərdə qanunsuz tikililərə cəhdlər artmağa başlayıb. ARDNŞ prezidenti Rövnəq Abdullayevin sözlərinə görə, hazırda şirkət bu işlərin qarşısını almaqla məşğuldur:
“Mənə verilən məlumata görə, hər gün bu ərazilərdə yüzlərlə “gecəqondu” tikintiləri başlayır, biz bunlarla mübarizə aparmağa çalışırıq”. Dövlət Neft şirkəti ona məxsus torpaq sahələrində qanunsuz tikililərin vəziyyəti ilə tanış olmaq üçün həmin ərazilərdə jurnalistlərin iştirakı ilə reyd keçirmək niyyətindədir: “Bu gündən reydlərə başlanmalıdır. Hər gün bir rayonda vəziyyəti araşdıraq və görək ki, onlar bu evləri hansı icazə və sənədlə tikirlər”.
Şirkət rəhbəri bildirib ki, həmin şəxslər bu tikililərin sənədləşdiriləcəyinə ümid etsələr də yanılırlar:”Həmin evlər sənədləşdirilməyəcək”.
R.Abdullayevin sözlərinə görə, ARDNŞ-in torpaqlarının kadastrı hazırlanaraq hökumətə təqdim edilib və sənəddə torpaq sahələrində olan vəziyyət izlənir: “Biz oradakı vəziyyəti günbəgün monitorinq edirik”. Qeyd edək ki, bir müddət əvvəl dövlət başçısı Ilham Əliyev sənədsiz evlərin qanuniləşdirilməsilə bağlı tapşırıq vermişdi.