Nurəddin Məmmədli: «YAP-ın ideoloqları, həm ideya baxımından, həm də şəxsiyyət kimi çoxdan tükənmiş insanlardı»
İctimai Palatanın təşkil etdiyi 2 aprel mitinqi hakimiyyəti narahat etməkdədir. Aksiyadan əvvəl başlayan antimüxalifət təbliğatı mitinqdən sonra da davam etdirilir. Qeyri-adi fikirləri ilə seçilən YAP icra katibinin müavini Siyavuş Novruzov bu dəfə də ənənəsinə sadiq qalıb. Müxalifətin xarici himayədarlarından dəstək alaraq aksiya təşkil etdiyini deyən YAP-çı deputat heç bir beynəlxalq təşkilatın adını çəkməyə cəsarət etməyib. O, eyni zamanda təkrar seçki tələb edən müxalifət nümayəndələrinə səslənərək belə bir seçkinin keçirilməsinə hazır olduğunu, istənilən müxalifət nümayəndəsi ilə seçki yarışına qoşula biləcəyini deyib. Onun bu fikirləri hər zaman olduğu kimi bu dəfə də cavabsız qalmayıb.
YAP nümayəndələrinin ənənələrinə uyğun ittihamlar səsləndirdiyini deyən AXCP sədrinin müavini Nurəddin Məmmədli təşkil edilən aksiyaların Azərbaycana olan sevgidən irəli gəldiyini bildirdi: “Minlərlə insanın küçə və meydanlarda polisin hər cür zorakılığına qarşı çıxması, bu zorakılığa dözməsi Azərbaycana olan sevgi ilə bağlıdır. Xarici ölkə ilə hər hansı bir əlaqəmiz yoxdur. Sadəcə olaraq beynəlxalq təşkilatlardan istədiyimiz öz mandatlarına uyğun olan missiyanı yerinə yetirməsidir. Dünyanın heç yerində insan hüquqlarının pozulması ölkənin daxili işi ola bilməz. Xalqın istəklərinə uyğun fəaliyyət göstərən bir partiyayıq və heç kim tərəfindən idarə olunmuruq”.
YAP yetkililərinin artıq tükəndiyini deyən N.Məmmədli seçkidə baş verən saxtakarlıqların hər kəsə bəlli olduğunu da vurğuladı: “Seçkinin necə keçirildiyini, orda hansı böyük saxtakarlıqların, zorakılıqların olduğunu bilirik. Siyavuş Novruzov başda olmaqla YAP-ın ideoloqları, həm ideya baxımından, həm də şəxsiyyət kimi çoxdan tükənmiş insanlardı. Onlar heç kimlə mübarizə apara bilməzlər və cəmiyyət çoxdan onları qəbul etmir. Bu cür danışıqlarla böyük olmaq mümkün deyil”.
Müsavat başqanının müavini Gülağa Aslanlı Siyavuş Novruzov və digər YAP-çı təfəkkürlü insanların söylədiyinin boş söz olduğunu qeyd etdi: “Onlar hələ özləri üçün dostla düşməni müəyyən etməyiblər. Obama ilə Ilham Əliyevin görüşünü təşkil etmək istəyirlərsə, onda ABŞ Azərbaycanın strateji müttəfiqi olur. Elə ki, Obama Azərbaycanda demokratiya istəyir, bütün dünyada demokratiyanın qalib gələcəyini söyləyir, onda ABŞ Azərbaycandakı müxalifəti maliyyələşdirən bir quruma çevrilir. Mübariz Qurbanlı deyir ki, müxalifətə pul veriblər. Özünün dediyinə görə, 28 milyard dollar pulu olan hakimiyyət utansın ki, guya 40 milyon dollar pul verilən müxalifətdən bu qədər qorxur, çəkinir”.
G.Aslanlı S.Novruzovun seçki çağırışına cavab verərək onunla bir dairədən namizədliyini irəli sürməyə hazır olduğunu da qeyd etdi: “Siyavuş Novruzovu 71 saylı Masallı seçki dairəsində namizədliyini mənimlə bərabər verməyə çağırıram. Ancaq seçkini BMT keçirsin. Görək normal seçki keçirəndə necə olur. MSK-nın sabiq üzvü kimi deyirəm ki, Azərbaycanda heç bir seçki dairəsində normal seçki keçirilməyib. O yolla seçilən adamların da heç biri legitim deyil. Məhz bu səbəbdən də Ictimai Palata parlamentin buraxılmasını və seçkilərin təkrar keçirilməsini tələb edir. Buna həm mənəvi, həm də hüquqi cəhətdən haqları var”.
Fizzə