«Dalğa» Gənclər Hərəkatı: «Azərbaycanın gələcəyi naminə buna adekvat cavab verməyə hazırıq»
Samir Əsədli: «Bu aksiyaların iştirakçıları özləri səsləndirdikləri şüarlara layiqdirlər»
AXCP sədri Əli Kərimlinin evinin qarşısında keçirilən aksiyalara qarşı etiraz davam etməkdədir. Ötən gün “Dalğa” Gənclər Hərəkatı bu aksiyaları pisləyən bəyanat yayıb. “Dalğa” bunun AXCP sədrinə qarşı aparılan əxlaq normalarından kənar “qara piar” olduğunu bildirir: “Biz, ”Dalğa” Gənclər Hərəkatı olaraq qeyri-etik siyasi davranışların tez bir zamanda aradan qaldırılmasını tələb edirik. Bu gün bir siyasi liderə qarşı bu əxlaqsızlığı edənlər öz liderlərinə, vətənlərinə, xalqa hörmət etmirlərsə, özlərinə hörmət etsinlər. Biz hesab edirik ki, bu və bu kimi mədəniyyətsizliklər ölkəmizdəki normal siyasi mühitin yaranmasına, insanların özünü ifadəsinə mane olur. Ən əsası isə əxlaqsızlığın yaratdığı mühitsizlik insanların radikallaşmasına, nifrətin artmasına və hətta vətənindən küsüb getməsinə gətirib çıxarır”.
Daha sonra bəyanatda vurğulanır: “Gənclərdən istifadə olunaraq əxlaqsızlıq nümunəsi cəmiyyətimizdə dominantlıq təşkil edəcəksə, biz bunun qarşısını alacağıq. Tələb edirik ki, Əli Kərimlinin evi qarşısında təşkil olunan aksiyalar və heç bir insanlığa sığmayan şüarlar səsləndirmək fikrindən vaz keçilsin. Əks təqdirdə, biz Azərbaycanın gələcəyi naminə buna adekvat cavab verəcəyik”.
Gənclər Hərəkatının fəalı Rövşən Nəcəfov qəzetimizə açıqlamasında bildirdi ki, AXCP sədrinin evi qarşısındakı aksiyalar əxlaqsızlığın nümayişidir və bu cür addımlara son qoyulmalıdır. Belə çirkin əməllərdə gənclərdən istifadənin üzücü olduğunu deyən R.Nəcəfov qeyd etdi ki, əgər bu aksiyalara son qoyulmasa “Dalğa”çılar özlərinə xas formada əks addımlar atmağa hazırdırlar.
VHP Siyasi Şurasının üzvü Samir Əsədli də bildirdi ki, onlar da Ə.Kərimliyə qarşı çirkin kampaniyanı pisləyir: “Bu, əxlaqa uyğun olmayan hərəkətlərdir. Əli Kərimli əsas müxalifət partiyalarından birinin sədridir. Ona qarşı aksiyalar yalnız ona qarşı zərbə deyil. Bu aksiyaların iştirakçıları özləri səsləndirdikləri şüarlara layiqdirlər”.
Xəyal