Fuad Qəhrəmanlı: «İndiki statusumla nələri edib-etməməyimi hüquqşünaslarla məsləhətləşməliyəm»
“İctimai Palatanın aprelin 16-da keçirəcəyi mitinqdə iştirak etməyim barədə hələlik bir şey deyə bilmərəm. İndiki statusumla nələri edib-etməməyimi hüquqşünaslarla məsləhətləşməliyəm. Qərarımı bundan sonra verəcəyəm”.
Bunu APA-ya açıqlamasında AXCP sədrinin müavini Fuad Qəhrəmanlı deyib. F.Qəhrəmanlı bildirib ki, ona qarşı Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə ittiham irəli sürülüb: “Məhkəmə təqsirləndirilən şəxs qismində istintaq müddətində polis nəzarətində olacağım haqda qərar verib. Irəli sürülən ittihamlarla razılaşmıram. 2 apreldə keçirilən aksiya dinc xarakter daşıyırdı və bizim tərəfimizdən də heç bir zorakılıq halları olmayıb. Müəyyən təxribat hərəkətləri törədilib ki, bundan sonra da aksiya iştirakçılarına qarşı müəyyən ittihamlar irəli sürülüb. Baş verən proseslər onu göstərir ki, ölkədə sərbəst toplaşmaq azadlığına qadağa qoyulub”. F.Qəhrəmanlı bildirib ki, müəyyən məhdudiyyətlərin tətbiq olunmasına baxmayaraq, siyasi fəaliyyətini davam etdirəcək: “Amma təqsirləndirilən şəxs olduğumdan siyasi fəaliyyətimdə məhdudiyyətlər olacaq. Məhkəmədə təqsirli olmadığımı sübut etməyə çalışacağam”.