Nəqliyyat nazirinin inşa etdirdiyi otelin dəyəri milyonlarla manatla ölçülür
Nəqliyyat naziri Ziya Məmmədova məxsus “ZQAN-Holdinq” Qubada 105 hektar ərazidə otel kompleksi tikir. Bu barədə Modern.az-a Quba rayonunun icra başçısı Rauf Həbibov bildirib. Icra başçısı bildirib ki, 120 metr uzunluğu və 30 metr eni olan 8 mərtəbəli oteldə turistlər üçün bütün şərait yaradılacaq.
Bundan başqa, kompleksdə istifadəyə veriləcək 30 kottec bura istirahətə gələn turistlərin dincəlməsi üçün əlverişli yer olacaq. Burada ilk dəfə olaraq süni göl və şəlalə yaradılıb. Otel personalına xaricdən dəvət olunmuş mütəxəssislər təlimlər keçəcək. Istirahət obyekti yaxın aylarda istifadəyə veriləcək. Icra başçısı deyib ki, adı çəkilən istirahət kompleksi dünyada analoqu olmayan bir istirahət ocağı olacaq.ÿ
Qeyd edək ki, Ziya Məmmədov bir müddət əvvəl Qubada bütöv bir kəndi – Qırız Dəhnəni satın almışdı. Ümumiyyətlə, bu rayon nəqliyyat nazirinin nəzarətindədir. Icra başçısı Rauf Həbibovun da Ziya Məmmədova yaxın şəxs olduğu bildirilir. Qubada tikilən otelin dəyəri milyonlarla manatla ölçülür.
İnformasiya şöbəsi