Nəqliyyat naziri komitə sədrinə məxsus ASC-yə kompensasiya ödəmək istəmir
Nəqliyyat naziri Ziya Məmmədovla Əmlak Məsələləri üzrə Dövlət komitəsinin sədri Kərəm Həsənov arasında qarşıdurma yaranıb. Bu barədə “Bizim Yol” qəzeti məlumat yayıb. Məmurlar arasında mübarizə 3 milyon manatdan çox vəsait üstündə gedir.
Məlumatda deyilir ki, “Bakı Əlvan Metal” ASC Nəqliyyat Nazirliyinə qarşı kompensasiyanın ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müracət edərək, onlara dəymiş 6 milyon manat məbləğində zərərin ödənilməsini tələb edib. Hakim Kəmalə Abiyevin sədirliyi ilə keçirilən baxılan məhkəmə prosesində nəqliyyat naziri Ziya Məmmədov və “Azəryolservis” ASC-nin sədri Cavid Qurbanovun lehinə qərar çıxarılıb.
“Bakı Əlvan Metal” ASC Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin (ƏMDK) sərəncamı ilə 2000-ci ildə Bakı Əlvan Metalların Emalı Zavodunun bazasında yaradılıb. Cəmiyyətin nizamnamə kapitalı 1 milyon 620 min manat müəyyən olunub. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi 5 dekabr 2000-ci ildə ASC-nin 810 192 səhmini dövlət qeydiyyatına alıb. Bir səhmin dəyəri isə 2 manat müəyyən edilib.
Hazırda ASC-nin 30 faizi dövlət mülkiyyətindədir, yəni ƏMDK-nın əmlakıdır. Səhmlərin 52 faizi 1 nəfərə, 17 faizi isə 200 səhmdara məxsusdur. ASC-nin əsas səhmdarı (52 faiz paya malik) isə ƏMDK-nın sədri Kərəm Həsənova yaxın şəxsdir. Dolayısı ilə səhmdar cəmiyyətin əsas sahibi Kərəm Həsənovdur.
Müəssisə Buzovna qəsəbəsində yerləşir. Prezidentin 8 iyul 2008-ci il tarixli, 2930 saylı sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərinin nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün Tədbirlər Planı”nın 2.3-cü bəndinə uyğun olaraq Heydər Əliyev Beynəlxalq Hava Limanı- Bilgəh qəsəbəsi və Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi ilə əlaqədar “Bakı-Əlvan-Metal” ASC-yə məxsus olan torpaq sahəsi və onun üstündə olan tikililər sökülüb. Əvəzində isə heç bir kompensasiya ödənilməyib. Müəssisəyə məxsus torpaq sahəsi və üstündə olan tikililərin bir hissəsi Buzovna avtomobil yolunun üzərinə düşdüyü üçün sökülməsi qərara alınıb və müvafiq icra hakimiyyəti orqanları tərəfindən bu barədə layihə hazırlanıb. Bununla bağlı 27 sentyabr 2010-cu ildə akt tərtib olunaraq, sözügedən əmlakların ilkin dəyəri 3 milyon manat qiymətləndirib.
Həmin ərazilərdə tikinti işləri 2011-ci ilin dekabr ayında tamamlanıb və istifadəyə verilib. Heydər Əliyev Hava Limanı-Mərdəkan dairəsi-Bilgəh qəsəbəsində avtomobil yolunun 6 cərgəli hərəkəti üçün yenidən qurulmasına və əmlakların özgəninkiləşdirilməsinə dövlət büdcəsindən 373,8 milyon manat xərclənib.
Bununla əlaqədar ASC Nəqliyyat Nazirliyinə və “Azəryolservis”ə müraciət edərək mülkiyyətin dəyərinin ədalətli şəkildə ödənilməsini, dəymiş 6 milyon manat ziyanın 10 gün ərzində ödənilməsini tələb ediblər. Amma Komitənin və səhmdarların tələbinə əhəmiyyət verilməyib. Nəticədə ASC məhməkəyə üz tutmalı olub.
Cavabdeh qismində cəlb olunan “Azəryolservis” ASC-isə 31 may 2013-cü il tarixində məhkəməyə çox ilginc bir məktub yollayıb. Məktubda deyilir ki, “Bakı Əlvan Metal” ASC-nin mülkiyyətində olan torpaq sahəsinin bir hissəsi Heydər Əliyev Hava Limanı-Mərdəkan dairəsi-Bilgəh avtomobil yolunun həmin hissəsində inşa edilən tunelin tikintisinin altına düşüb: “ASC-nin səhmlərinin isə 30 faizi dövlətə məxsusdur. Dövlət mülkiyyətində olan torpaq sahələri isə dövlət ehtiyacları üçün alınmır. ”Bakı Əlvan Metal” ASC-yə məxsus, yolun tikintisi altına düşməyən digər tikililərin sökülməsi isə “Azəryolservis”ə heç bir aidiyyəti yoxdur və buna görə məsuliyyət daşımır”, – deyə qeyd edib.
Məktubdan və məhkəmənin çıxardığı qərardan belə aydın olur ki, yolun tikintisinə müəssisənin 25 faiz düşüb, o da dövlət mülkiyyətində olduğuna görə kompensasiyanın ödənilməsindən imtina edilib. ASC-yə məxsus əmlakların digər hissələrinin söküntüsündə Nəqliyyat Nazirliyi iştirak etsə də, kompensasiyanın onların vermək səlahiyyətində olmadığı məlum olur. O zaman sökülən digər tikililərin dəyərini ödəmək kimin səlahiyyətinə düşür? Layihə çərçivəsində işlərin həyata keçirilməsi Nəqliyyat Nazirliyi, Maliyyə Nazirliyi və Iqtsadiyyat və Sənaye Nazirliyi həvalə edilib?
Əmlak Məsələləri üzrə Dövlət Komitəsi isə məhkəməyə ünvanladığı məktubda səhmlərinin 30 faizi dövlətə məxsus olan cəmiyyətə dəymiş zərərin ödənilməsi ilə əlaqədar qadırılmış iddianı əsaslı hesab etdiyini göstərib.