“İlham Əliyev qızıl külçələri evinə aparıbsa…”

«Həm dövlət çevrilişi, həm də korrupsiya cinayətini çox ağır formada həyata keçirmiş prezidentimiz var…»

Əli İnsanov məhkəmədə yenə sərt ittihamlar səsləndirdi və etiraz olaraq prosesdə iştirakdan imtina etdi

Keçmiş səhiyyə naziri Əli Insanov ötən məhkəmə iclasında zala gətirilərkən Ilham Əliyevin ünvanına kəskin ittihamlar səsləndirmişdi. Keçmiş nazirə bu dəfə eyni fürsəti yaratmamaq üçün dünən məhkəməni izləməyə gələnləri bir otağa saldılar. Həmin müddətdə Əli Insanovu gətirib səskeçirməz şüşə kabinəyə salıb qapını bağladılar. Bundan sonra prosesi izləməyə gələnlər zala buraxıldı.
Dünən də Əli Insanovun səsi eşidilmirdi. Məhkəmənin gedişində hakim uyğun bildiyi vaxt əlinin altındakı düymə vasitəsilə kabinədəki mikrofonu işlək vəziyyətə gətirir, o zaman keçmiş nazirin səsi eşidilirdi. Hakim istədiyi vaxt da düyməni basıb mikrofonu söndürür və nəticədə Əli Insanovun dedikləri eşidilməz olurdu.

Əli İnsanovun vəkilindən Vəkillər Kollegiyasına şikayət

Məhkəmənin əvvəlində Əli Insanovun vəkili Ağaveyis Şahverdi ilə hakimlər arasında mübahisə yaşandı.
Məhkəmə prosesinə sədrlik edən hakim Qədim Babayev:
– Məhkəmə iclasına təyin olunduğu vaxtda gəlmədiyinizə görə sizə rəsmi şəkildə xəbərdarlıq edilir.

– Bu nə deməkdir? Tutaq ki, mən gəlmirəm, o biri vəkil buradadır. Həm də mən başqa məhkəmə prosesində idim, bu səbəbdən gecikdim.

– Biz bunu bilmirdik, gərək xəbər eləyəydiniz.

– Necə bilmirdiniz, sizin katibiniz o biri zalda qapını açıb gördü ki, orada məhkəmədəyəm.

– Biz bilməmişik.

– Niyə deməyib sizə?

– Əyləşin, elə eləməyin ki, sizin barənizdə müvafiq qurumlara müraciət edək.

– Bu nə deməkdir?

Məhkəmə heyətinə daxil olan digər hakim Mirzəli Abbasovun müdaxiləsi isə vəziyyəti daha da gərginləşdirdi:
– Sizə deyirlər, əyləşin. Prosesi pozmayın.

– Yalnız sədrlik edən irad bildirə bilər. Siz kimsiniz?

Məhkəmə bu olayla əlaqədar Ağaveyis Şahverdi barəsində tədbir görülməsi üçün Vəkillər Kollegiyasına müraciət etmək qərarı verdi.

“Niyə Əli İnsanovu danışmağa qoymursuz?”

Daha sonra Iqtisadi Inkişaf Nazirliyi Aparat rəhbəri olmuş Samir Vəliyev və nazirliyin maliyyə şöbəsinin keçmiş müdiri Rüstəm Aslanov şahid qismində dindirildi. Adları çəkilən şəxslər 2006-cı ildə Iqtisadi Inkişaf Nazirliyində aparılmış yoxlama aktlarına qeyd-şərtlə imza atıb. Həmin aktlarda dövlət müəssisələrinin, o cümlədən səhiyyə obyektlərinin özəlləşdirilməsindən də söhbət gedir.
“Mən o aktın tərtib olunmasında iştirak eləməmişəm. Çünki biz yoxlanılan tərəf idik. Qarşı tərəf kimi hər iki aktla tanış olduğuma dair imza atmışam. Aktlara əlavəm olub. Göstərmişəm ki, Özəlləşdirmə Departamenti Nazirliyin Aparata daxil olmadığından o məsələlər barədə məlumatım yoxdur”, – deyə şahid Samir Vəliyev bildirdi.

Əli Insanovla şahid arasında sual-cavab oldu.

Əli Insanov:
– Məlumatınız olmadığı halda, niyə o aktları ümumiyyətlə imzalamısız? Sizin naziriniz və mən də nazir olaraq, həbs olunmuşdum. Bizə ittihamların əsasında da bu aktlar dayanırdı. Bu qədər diqqətsiz, biganə yanaşmaq olardımı? Belə bir məsul vəzifədə çalışan adam sənədi oxumadan imzalayırsa, bu hökumətin vay halına…

Hakim Qədim Babayev:
– Sualınız varsa, sual verin.

Əli Insanov:
– Var. Belə çıxır ki, şahid orada yazılanların doğru olduğunu təsdiqləmir…

Hakim Qədim Babayev:
– Sual çıxarılır, əyləşin.

– İmkan verin, suallarımı verim.

– Əyləşin.

Əli Insanovun digər vəkili Toğrul Babayev hakimin bu cür münasibətinə etiraz etdi: “Bu, Əli Insanovun məhkəməsidir. Bu adam danışmalıdır. Onu danışmağa qoymursuz, sual verməyə qoymursuz. Bu necə məhkəmədir?”

Hakim bildirdi ki, Əli Insanova və onun müdafiəçilərinə bütün imkanlar yaradılır.

Digər şahid Rüstəm Aslanov da təxminən eyni məzmunlu ifadə verdi. Əli Insanovun bu şahidə maraqlı sualı oldu:
– Mənə də, sizə də məlumdur ki, orada göstərilən obyektlərin heç birinin mənə aidiyyəti yoxdur. Iqtisadi Inkişaf Nazirliyinin maliyyə şöbəsinin rəisi olmuş adam kimi, bu qədər dövlət əmlakının özəlləşdirilməsindən Azərbaycanın büdcəsinə cəmi 0,5 milyard manat vəsait köçürülməsinin səbəbi barədə sizə nə məlumdur?

Hakim Əli Insanovun sualını çıxartdı.

Keçmiş nazirin vəkili Ağaveyis Şahverdi Əli Insanovun kabinədən çıxarılıb onların yanında əyləşməsi barədə vəsatət qaldırdı: “Əli Insanovun hüquqları açıq-aşkar pozulur. Hər dəfə onun sözünü kəsirsiz, danışmağa imkan vermirsiz. Biz onunla məsləhətləşə bilmirik. Xahiş edirik, onun səskeçirməyən kabinədən çıxarılıb yanımızda əyləşməsi barədə qərar qəbul edəsiniz”.

Əli Insanov da prosesin aparılma qaydasına etiraz etdi:
– Təəssüf, siz mənə imkan vermədiniz ki, özəlləşmədən gələn 30 milyardın hara getdiyini şahiddən soruşum. O boyda Jak Şirak məhkəməyə çağırıldı…

Hakim:
– Vəsatətə münasibət bildirin.

Əli Insanov:
– Azərbaycan dövləti…

Hakim kabinədə mikrofonu söndürüb Əli Insanovun sözünü kəsdi.
Prokuror vəsatətin əleyhinə çıxdı. Elə məhkəmənin qərarı da onun mövqeyinə uyğun oldu – vəsatət təmin edilmədi.
Vəkillər eyni zamanda, müraciət zamanı Əli Insanovun “məhkum” adlandırılmasına etirazlarını bildirdilər. Qeyd etdilər ki, onun barəsində qüvvəyə minmiş məhkəmə hökmü yoxdursa, ona “məhkum” deyilə bilməz.

Nazirlər və komitə sədrləri yenə məhkəməyə çağırıldı

Ardınca vəkil Ağaveyis Şahverdi bir sıra nazir, komitə sədrlərinin məhkəmədə dindirilməsi barədə vəsatət qaldırdı: “Səhiyyə obyektlərinin özəlləşdirilməsində Əli Insanovun heç bir rolu olmayıb. Özəlləşdirmə barədə qərarlara, alqı-satqı müqavilələrinə də Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənov imza atıb: ”Amma buna görə Əli Insanova ittiham verilib. Ona görə də Kərəm Həsənovun dindirilməsi vacibdir. Səhiyyə naziri Oqtay Şirəliyevin də dindirilməsinə ehtiyac var. Əli Insanova Moskvada çap olunub, Azərbaycanda həkimlərə paylanmış kitablara görə ittiham verilib. Həmin kitablarla bağlı Əli Insanovdan sonrakı nazir Oqtay Şirəliyev də müqavilə bağlayıb və kitablar alınıb. Bu necə olur, Əli Insanova buna görə ittiham verilir, amma Oqtay Şirəliyevə heç bir irad tutulmur. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bugünlərdə təsdiqləyib ki, Əli Insanov barədə hüquq-mühafizə orqanlarına məktub göndərib. Gəlib burada bu məsələyə aydınlıq gətirməlidir. Həmçinin Prezident Aparatında həmin sahənin kuratoru olan Fatma Abdullazadə də məhkəmədə dindirilməlidir. Işdə yoxlama aktına qeyd-şərtlə imza atanlar arasında iqtisadi inkişaf nazirinin müavini olmuş, hazırda isə təhsil naziri olan Mikayıl Cabbarov da var. Onun da dindirilməsi zəruridir”.

Əli Insanov da vəkilinin vəsatətinə münasibət bildirdi:
– Bu gün bura dəvət etdiyiniz şahidlər aktda göstərilən faktların olmadığını söylədilər. Onlardan “yuxarıdakıları” biz çağırırıq, siz dəvət etmək istəmirsiz. Ədliyyə naziri Fikrət Məmmədov…

Hakim:
– Vəsatətə münasibət bildirin. Vəsatəti müdafiə edirsiz?

– Edirəm…

Hakim Əli Insanovun fikrini davam etdirməsinə imkan vermədi.

Adları çəkilən məmurların məhkəmədə dindirilməsi barədə vəsatət isə təmin olunmadı.

“Qızıl külçələri məhkəməyə gətirin!”

Ardınca Əli Insanov məhkəməyə müraciət edərək, vəsatət vermək istədiyini dedi. Keçmiş nazir vəsatətlə bağlı çıxışına da hakimə ironik sual verməklə başladı:
– Guya, siz nəyisə araşdırırsınız da…

Hakim:
– Sizə xəbərdarlıq edirəm, məhkəməyə hörmətlə davranın.

– Siz də mənə hörmət edin…

– Mahiyyətdən kənar danışsanız, çıxışınız dayandırılacaq.

– Bura – kabinəyə mənşəyi məlum olmayan tüstülü hava buraxılır, xahiş edirəm, deyin, onu bağlasınlar.

Hakim Əli Insanovun sözünü kəsdi və bir daha xəbərdarlıq etdi.

Əli Insanov:
– Yaxşı, burada əsl dağ havası var, heç keçməli deyil. Şanlı Milli Təhlükəsizlik Nazirliyi məni həbs edən gün evimdə axtarış aparanda guya, evdən qızıl külçələr tapılıb. Telekanallarda qızıl külçələrlə bağlı video nümayiş etdiriblər. Vəsatətim var ki, həmin külçələr tapılıb bura gətirilsin, biz də görək. Əgər bu mümkün deyilsə, Ilham Əliyev onları evinə aparıbsa…

Hakim dərhal mikrofonu söndürdü:
– Sizə sonuncu dəfə xəbərdarlıq edirəm, bir də mahiyyətdən kənar nəsə danışsanız, ümumiyyətlə, sizi məhkəmə zalından çıxarıb, prosesi sizin iştirakınız olmadan davam etdirəcəyik.

Əli Insanov:
– Mənə və qohumlarıma aid olduğu iddia olunan qızıl külçələr və onların videogörüntülərinin məhkəmədə araşdırılmasını tələb edirəm.
Lakin məhkəmə vəsatəti də təmin etmədi.
Vəkil Ağaveyis Şahverdinin daha bir vəsati oldu. Vəkil bildirdi ki, Ağır Cinayətlərə Dair Işlər üzrə Məhkəmədə baxılarkən prosesdə ifadə verən şahidlərin ifadələri məhkəmə iclas protokollarına düz yazılmayıb. Şahid ifadələri, eləcə də Əli Insanovun son sözü təhrif olunub. Amma həmin məhkəmə əvvəldən axıra qədər videolentə alınıb. Vəkil həmin kasetlərin bu məhkəmədə nümayiş etdirilməsi və bu yolla protokollardakı təhrifin üzə çıxarılması, həmçinin videonun surətinin müdafiə tərəfinə verilməsi barədə vəsatət qaldırdı.

Əli İnsanovla bağlı protokol MTN-də yoxa çıxıb

Vəkilin digər vəsatəti isə Əli Insanov həbs olunan gün tərtib olunmuş dindirmə protokolu barədə oldu. Müdafiəçi bildirdi ki, həmin gün Əli Insanov MTN-də şübhəli şəxs qismində ifadə verib. Lakin dindirmə protokolunun yalnız birinci səhifəsi iş materiallarına əlavə edilib. Insanovun ifadəsinin davamı, hətta imzaladığı hissə də işdə yoxdur. Vəkil protokolun MTN-dən alınması barədə vəsatət verdi.
Əli Insanov da vəkilinin vəsatətlərini müdafiə etdi:
– Bu protokolu biz 9 ildir ki, tapa bilmirik. Iqtidar protokolu niyə belə gizlədir? Mənim sözümdən bu qədər qorxan adamlar özümü görəndə hansı hisslər keçirir?

Hakim sabiq nazirin sözünü kəsdi. Vəsatətlər də təmin olunmadı.

“Ədliyyə Nazirliyindəki korrupsiyaya görə Fikrət Məmmədovu niyə həbs eləmirlər?”

Bundan sonra Əli Insanova məhkəmə istintaqına münasibət bildirmək təklif olundu. Əli Insanov bəri başdan çıxışının yarımçıq kəsilib-kəsilməyəcəyilə maraqlandı:
– Deyirdiniz ki, ifadə verəndə istəsəm 5 saat, 5 gün də danışa bilərəm. Dediyiniz budur? Mən bu ölkənin səhiyyə naziri, Milli Məclisin üzvü, hakim partiyanın rəhbər şəxslərindən biri olmuşam. Əlbəttə ki, danışanda da ətrafımda olanlardan danışmalıyam. Mən “sanitarka”dan, küçə süpürəndən danışa bilmərəm ki… Ona görə də xahiş edirəm, siyahı verin, bilim ki, kimlərin adını çəkmək olmaz.

Hakim:
– Sizi xəbərdar edirəm, mahiyyətdən kənara çıxsanız, ümumiyyətlə, məhkəmə prosesindən uzaqlaşdırılacaqsınız.

– Mən hələ başlamamışam, siz artıq xəbərdarlıq edirsiz. 20 oktyabr 2005-ci ildə həbs olunanda mənə qarşı iki qondarma ittiham irəli sürüldü: dövlət çevrilişinə cəhd və korrupsiya. Ötən 9 ildə sübut olundu ki, bu cinayətlərin heç birini mən törətməmişəm. Amma bunların hər ikisini çox ağır formada həyata keçirmiş prezidentimiz var. O isə azadlıqdadır…

Hakim:
– Sizi sonuncu dəfə xəbərdar edirəm.

– Anlaşıldı. Bu 9 ildə sübut olundu ki, mən siyasi sifariş əsasında qondarma ittihamlarla həbs olunmuşam. Təəssüf ki, Ali Məhkəmə də Avropa Məhkəməsinin qərarına, Avropa Konvensiyasına hörmət qoymayaraq, mənim azadlığa buraxılmağımın qarşısını almaq üçün birinci instansiya məhkəməsinin hökmünü ləğv eləmədi. Müstəntiq mənə dedi ki, 5000-ə qədər səhiyyə işçisi istintaqa cəlb olunub, onlardan 200-ü rəsmi şəkildə dindirilib. Heç biri gəlib məhkəmədə demədi ki, Əli Insanov kimdənsə bir manat alıb. Hətta onlardan 20-si risk edərək, MTN-də mənə qarşı ifadə vermələri üçün hansı təzyiqlərə məruz qaldıqlarını açıqladılar. Necə olur, 20 oktyabrda məni qondarma dövlət çevrilişinə cəhd ittihamı ilə tuturlar, bu, təsdiqini tapmayanda, 15-16 aydan sonra korrupsiya ittihamlarını atırlar ortaya. Hər kəsə həbs olunan gün ittiham verirlər. Möcüzədir, naziri həbs edirlər, protokolu da itirirlər. Lap tutaq ki, səhiyyə sistemində kimsə rüşvət alıb, buna görə naziri həbs edərlər? Ədliyyə sistemi korrupsiya içində boğulur, bəs onda Fikrət Məmmədovu niyə həbs eləmirlər?

Hakim Əli Insanovun çıxışını dayandırdı:
– Sizə sonuncu dəfə xəbərdarlıq edirəm.

Əli Insanov:
– Hansısa işçinin rüşvət almasına görə nazirə 11 il iş verərlər? Uzağı töhmət, ən ağırı da vəzifədən çıxarma ola bilər. Xeyir ola, İlham Əliyev mənim həbsimə qərar verib?

Hakim mikrofonu söndürdü:
– Əyləşin.

Əli Insanov:
– Hörmətli sədr, söz verirəm, qorxduğunuz adamın adını çəkməyəcəm.

Hakim:
– Əyləşin.

Beləliklə, Əli Insanova çıxışını başa çatdırmağa imkan verilmədi.
Ardınca prokuror məhkəmə istintaqının tamamlanmasını təklif etdi. Əli Insanovun vəkilləri bunun əleyhinə oldu.

Ağaveyis Şahverdi:
– Nə istintaq aparıldı ki, tamamlansın da… Biz bu qədər şahidlərin çağırılması barədə vəsatətlər verdik, yalnız ikisi çağırıldı. Bu istintaqdır?

Toğrul Babayev:
– Bu, məhkəmə olmadı. Çəkişmə prinsipinə əməl olunmasına imkan yaratmadınız. Heç bir araşdırma aparılmadı.

Əli Insanov:
– Hətta Stalin də ölüm hökmü verdiyi adamları dinləyib bəraət verirdi. Müstəntiq hansı qərarı çıxarırsa, prokuror da gözünü yumub onu imzalayır? Bu ölkə hansı məntiqlə idarə olunur?
Məhkəmənin qərarı isə prokurorun təklifinə uyğun oldu – məhkəmə istintaqının yekunlaşması haqda qərar qəbul edildi.
Prokurorun çıxışı üçün prosesdə fasilə elan olundu.

***

Fasilədən sonra isə Əli Insanov məhkəmədə iştirakdan imtina etdi. Vəkil Toğrul Babayev bildirdi ki, keçmiş nazir hüquqlarının kobud şəkildə pozulmasına etiraz olaraq, məhkəmədə iştirak etmək istəmir: “Əli Insanovun müdafiə hüququ pozulur, ona danışmağa imkan verilmir, vəsatətlərimizin heç biri təmin olunmur”.
Hakimlər prosesin Əli Insanovun iştirakı olmadan davam etdirilməsi barədə qərar qəbul etdilər.
Prokuror çıxışında Əli Insanovun 11 il azadlıqdan məhrum edilməsi barədə Ağır Cinayətlərə Dair Işlər üzrə Məhkəmənin çıxartdığı 20 aprel 2007-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını təklif etdi.
Əli Insanovun vəkilləri isə onun barəsində bəraət hökmünün çıxarılmasını istədilər.
Bakı Apelyasiya Məhkəməsinin qərarı fevralın 25-də məlum olacaq.

Aytən Məmmədova