Güney Azərbaycanda 100-ə yaxın fəal həbs olundu

Elxan Şahinoğlu: «Hazırda İranda gedən prosesləri polis dəyənəyi, polis gücü ilə yoluna qoymaq mümkün deyil»

Fevralın 20-də İranın Şərqi Azərbaycan əyalətinin Əhər şəhərində Beynəlxalq Ana Dili Günü münasibəti ilə tədbir keçirən 100-ə yaxın fəal tutulub. Tutulanlar arasında tanınmış fəal Abbas Lisani də var. İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları polis qüvvələri ilə birlikdə azərbaycanlı fəal Əkbər Əbülzadənin atası evinə hücum çəkərək Beynəlxalq Ana Dili Günü münasibətilə keçirilən mərasimi dağıdıb. Mərasimə qatılan 100-ə yaxın azərbaycanlı fəal tutub. Fəallar fiziki zorakılığa məruz qoyulub, döyülüb, təhqir edilib.

İranda soydaşlarımıza qarşı atılan bu addım ekspertlər tərəfindən birmənalı qiymətləndirilmir. Belə ki, İran hakimiyyətinin azərbaycanlılar üçün mühüm olan günlərdə təxribatları gücləndirməsi, əsassız həbslər həyata keçirməsi birmənalı dəyərləndirilmir.

Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun sözlərinə görə, yeni İran hakimiyyəti ənənəvi ikili standartlarını davam etdirir. E.Şahinoğlu xatırlatdı ki, hazırkı prezident hakimiyyətə gəlməmişdən öncə hər bir xalqın öz dilində təhsil almasına imkan yaradacağı vədini vermişdi. Amma hazırda biz tam başqa situasiyanı müşahidə edirik: «Ola bilsin ki, baş verənlərdən dövlət başçısının xəbəri yoxdur və bunu güc strukturları özləri həyata keçirirlər. Amma ölkənin rəhbəri varsa, o baş verənlərə görə məsuliyyət daşıyır. Əgər bu işlər onun başı üzərindən həyata keçirilirsə, o etiraf etməlidir ki, o prosesə nəzarət edə bilmir».

Amma E.Şahinoğlunun fikrincə, baş verənlər bir sistemli fəaliyyətin nəticəsidir. Ekspert bildirdi ki, atılan addımlar azərbaycanlıları qorxutmağa hesablanıb: «Dünya qlobalaşır. Hazırda İranda gedən prosesləri polis dəyənəyi, polis gücü ilə yoluna qoymaq mümkün deyil. Bir şəhərdə 100 nəfəri həbs edirlərsə, sabah bu cür olaylar bir neçə şəhərdə baş versə, hansı addımlar atılacaq? Ona görə bu İranın düşünülmüş siyasətidir. Dövlət başçısı istər islahatçı olsun, istər mühafizəkar azərbaycanlılara qarşı olan münasibət dəyişməz olaraq qalır».

Xəyal