“Azərbaycanda hakimiyyət dəyişikliyinə inam yüksəkdir”
ABŞ-ın nüfuzlu “The New York Times” qəzetində Maykl Şvirç imzasıyla yayımlanan məqalədə İctimai Palatanın 2 aprel mitinqi və müxalifətin planlaşdırdığı növbəti etiraz aksiyalarından, Azərbaycandakı ictimai-siyasi proseslərdən bəhs olunur: “Müxalifət liderləri keçmiş sovet ölkəsi Azərbaycanda avtoritar rejimə qarşı etiraz aksiyalarının davamlı olacağını bəyan etdi. Aprelin 2-də İctimai Palatanın təşkil etdiyi mitinq zamanı hökumət qüvvələrinin sərt müdaxiləsinə baxmayaraq müxalifət demokratiya və insan haqları uğrunda sivil mübarizə aparmaqda israrlı olduqlarını açıqladırlar”.
Məqalədə İlham Əliyev hakimiyyətinə qarşı etirazların Yaxın Şərq inqilablarına bənzədiyi də vurğulanır: “Ərəb inqilablarından ilhamlanan Azərbaycan vətəndaşları qədim neft ölkəsi, islami dəyərlərin hakim olduğu ölkədə “Facebook” və digər sosial şəbəkələrdə geniş antihökumət təbliğatı aparır, etiraz aksiyalarına çağırışlarla bağlı qruplar yaradıb. Qərb ölkələri və nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən avtoritar rəhbər kimi tanınan İlham Əliyev hakimiyyətinə qarşı etirazların növbəti dalğası ötən şənbə günü baş tutdu”.
“The New York Times”-ın əməkdaşı Müsavat partiyasının başqanı İsa Qəmbərin açıqlamalarına da yer ayırıb:“Müxalifət liderlərindən biri İsa Qəmbərin sözlərinə görə, Azərbaycanda kriminal, korrupsiyalaşmış rejim mövcuddur. Xalq artıq bu hakimiyyətin idarəçiliyi altında yaşamaq istəmir. Ərəb inqilablarının davamlı olması Azərbaycanda insanların öz fikirlərini ifadə etmək və azadlıqları uğrundan mübarizə aparmaq istəklərini artırıb. Artıq müxalifət aprelin 16-da İlham Əliyev hakimiyyətinə qarşı növbəti etiraz aksiyasının keçirilməsiylə bağlı qərar qəbul da edib”.
Maykı Şvirç məqaləsində İslam Partiyasının aprelin 8-də keçirməyi planlaşdırdığı etiraz aksiyasını da xatırladıb. 8 aprel aksiyasının islam dünyasında ən önəmli günlərdən biri cümə gününə təsadüf etdiyi vurğulanır. Ərəb ölkələrində diktatorların devrilməsiylə nəticələnən hərəkatların təkanverici qüvvəsi məhz cümə günləri keçirilən “Qəzəb Günü” aksiyaları olub.
“Hələ ki, müxalifət tərəfdarları insanların kütləvi şəkildə etirazlara qoşulmasına nail ola bilmir. Lakin son aksiya göstərdi ki, hakimiyyət bir o qədər də kütləvi olmayan etiraz askiyaları zamanı həddən artıq aqressiv addımlar atır. Fəvvarələr meydanına yaxınlaşan müxalifət tərəfdarlarına odlu silahlarla silahlanmış polis və təhlükəsizlik qüvvələri gözyaşardıcı qazdan, rezin dəyənəklərdən istifadə etdi. 200-ə yaxın etirazçı həbs olundu. Hələ aksiyadan öncə də 15 nəfər müxalifət fəalı saxlanıldı. Onlar barəsində inzibati cəza və qısa müddətli həbs qərarı çıxarıldı”,- deyə “The New York Times” qəzetində dərc olunan məqalədə bildirilir.
Müəllif bazar ertəsi 4 müxalifət fəalına qarşı cinayət işinina açılmasına da toxunub. Məhkəmənın onlardan üçü barəsində həbs-qətimkan qərarı çıxardığı barədə məlumat verilir. O da vurğulanır ki, açılmış cinayət işinə əsasən təqsirləndirilən şəxsləri üç ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Maykl Şvirç Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) rəhbəri Emin Hüseynovun açıqlamalarına da yer ayırıb:“RATİ rəhbərinin sözlərinə görə, son 5 ildə Azərbaycanda bu tip cinayət işlərinin qaldırılmasına rast gəlinmirdi. Emin Hüseynov hakimiyyətin ərəb ölkələrində baş verənlərin Azərbaycanda təkrarlanacağından ehtiyatlandığını bildirib. Rejim bu həbslərlə insanlarda qorxu hissləri yaratmaq istəyir”.
Məqalədə daha sonra vurğulanır ki, müxalifət İlham Əliyevi Azərbaycanın təbii ehtiyatlarından şəxsi maraqlar və avtoritar hakimiyyətin müddətini artırmaq məqsədiylə istifadə etməkdə günahlandırır. “İlham Əliyev 2003-cü ildə atası Heydər Əliyevdən sonra hakimiyyətə gəlib. Onun hakimiyyəti illərində jurnalistlər fiziki və mənəvi təzyiqlərə məruz qalıb. Müxalifət fəalları müxtəlif təzyiqlərlə üzləşib. Bloggerlər həbs olunub. Beynəlxalq təşkilatlar İlham Əliyev hakimiyyətini demokratiya, insan haqları və söz azadlığını məhdudlaşırdığına görə sərt tənqid edir.
Bəzi ekspertlərin fikrincə, Azərbaycanla Tunis və Misirdəki hadisələr oxşardır. Blogger Əli Novruzovun sözlərinə görə, hazırda Azərbaycan siyasi gərginlik yüksəkdir. Hər ötən gün bu gərginlik artır. Etiraz dalğası yeni başlayıb. Azərbaycanda hakimiyyət dəyişikliyinə inam yüksəkdir”, – deyə məqalədə bildirilir.
İnformasiya şöbəsi