Dövlət başçısı tənqidə dözmədi, yoxsa ətrafı onu saymadı?
Mətbuat Şurası Ilham Əliyevə “Jurnalistlərin dostu” mükafatını təqdim edəndə dövlət başçısı uzun bir nitq söylədi. Ilham Əliyevin dörd ay əvvəl söylədiyi həmin nitqdə diqqətçəkən məqamlardan biri də onun siyasi mübarizədə sivil formalardan istifadə edilməsini xüsusi vurğulaması idi. Dövlət başçısı deyirdi ki, siyasi mübarizə sivil və mədəni qaydalarda aparılmalıdır. Onun sözlərinə görə, hakimiyyət bu istiqamətdə ciddi səylər göstərir və bundan sonra da göstərəcək. Ilham Əliyevin həmin nitqindən sitat: “Azərbaycanda, əlbəttə ki, siyasi mübarizə aparılmalıdır və aparılır. Müxtəlif fikirli insanlar, partiyalar, ictimai qurumlar mövcuddur. Mən bunu müsbət hal kimi qiymətləndirirəm. Ancaq diskussiyalar, müzakirələr, ədalətli tənqid sayəsində biz daha da böyük nəticələrə nail ola bilərik. Buna görə hesab edirəm ki, son illərdə bu sahədə müşahidə olunan irəliləyiş təqdirəlayiqdir. Deyə bilərəm ki, Azərbaycan dövləti və iqtidarı siyasi mübarizənin sivil, mədəni qaydalarla aparılması üçün bundan sonra da öz üzərinə düşən vəzifəni icra edəcəkdir”.
Dövlət başçısının bu nitqi “WikiLeaks” saytının Azərbaycan iqtidarı və hakim ailə ilə bağlı ilginc məlumatlar yaydığı dövrə təsadüf edir. Bu Ilham Əliyevi narahat etməyə bilməzdi. O, yayılan məlumatlardakı mübhəm məqamların ağırlığını, eyni zamanda cəmiyyətin bu məsələdə “nə tökərsən aşına o da çıxar qaşığına” tənəsinin ağırlığını üzərində hiss etdiyindən siyasi mübarizənin sivil və mədəni qaydalar müstəvisinə çəkilməsinə ehtiyac duymuşdu. Bununla belə dövlət başçısının məlum nitqi bizi sevindirdi. Siyasi mübarizədə qara texnologiyalara, bəzi üzdəniraq telekanalların, “jurnalistlər”in üfunət qoxuyan “yaradıcılığına” son qoyulacağına ümidlərimizi artırdı. Düşündük ki, nəhayət, cəmiyyət siyasi mübarizədə idbar məqamların şahidi olmayacaq. Təəssüf ki, bu baş vermədi.
Hakimiyyət siyasi mübarizə forması kimi qara texnologiyadan əl çəkmədi. Iqtidarın nəzarətində olan telekanallar yenə də iyrənc səhnələrlə insanların evinə soxuldu.
İlham Əliyevin məlum çıxışına rəğmən proseslərin bu məcrada davam etməsi ilə bağlı bir neçə mülahizə yürütmək olar. Birincisi, ola bilər ki, Ilham Əliyev sağlam tənqidə dözməyərək, dörd ay əvvəlki çıxışını unudub və mübarizəni əvvəlki qaydalarla aparmaq qərarına gəlib.
Başqa bir mülahizə ondan ibarətdir ki, dövlət başçısı artıq ətrafına nəzarət imkanlarını itirib. Ilham Əliyev mübarizənin qeyri-sivil formada aparılmasının tərəfdarı olmasa da, buna çağırış etsə də, ətrafı onu saymır. “Lider” telekanalının rəhbəri dövlət başçısının əmisi oğludur. “Qara piar”da da bu kanal öndə gedir. Deməli, Ilham Əliyev hətta əmisi oğlu ilə bacarmır. Bu halda onun istefasını tələb etmək yerindədir. Əgər Ilham Əliyev əmisi oğlu ilə bacarmırsa belə, ölkəni necə idarə edə bilər?..
“Azadlıq”