“Vətəndaşların fikirlərini ifadə etmək hüququ var. Saxlanılanları tezliklə buraxmağa çağırırıq”
ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza İctimai Palatanın keçirdiyi 2 aprel mitinqində çoxlu sayda şəxsin saxlanmasına münasibət bildirib.
APA-nın məlumatına görə, səfir qeyd edib ki, Azərbaycan vətəndaşları öz fikirlərini sərbəst şəkildə ifadə etmək hüququna malikdir: “Biz əvvəllər olduğu kimi, yenə də düşünürük ki, Azərbaycan vətəndaşlarının öz fikirlərini ifadə etmək hüququ var. Azərbaycanın hüquq sistemini və hökuməti saxlanan şəxsləri mümkün qədər tez müddətdə azadlığa buraxmağa çağırırıq”.
***
«Ümumi sayı 1000 nəfəri ötməyən bir toplantı zamanı 174 nəfərin saxlanması həddən artıq böyük rəqəmdir».
Bu fikirləri 2 Aprel aksiyası zamanı saxlananlar barədə AzadlıqRadiosunun suallarına cavabında ATƏT-in Bakı Ofisinin rəhbəri, səfir Bilge Cankorel deyib.
Səfir bildirib ki, ATƏT-in Bakı Ofisi insanların azad toplaşma və ifadə azadlığı kimi hüquqlarından istifadə etməsinə böyük önəm verir.
Səfir deyib ki, o, icra orqanlarına daxil olan müxtəlif müraciətlərin tərəfləri qane edə biləcək şəkildə cavablandırılmasını daha məqsədəuyğun sayır:
«Aprelin 2-də keçirilən nümayiş zamanı polisin bəzi hallarda həddən artıq güc istifadə etməsi müşahidə edilib. Həmin nümayiş zamanı və nümayişdən öncəki günlərdə 174 nəfərin saxlandığı və daha sonra 70 nəfərə qarşı inzibati cəza tətbiq edildiyi bildirilib. 5 nəfərə qarşı isə cinayət işi açılıb. Polis media nümayəndələrinin də fəaliyyətini məhdudlaşdırıb.
Digər tərəfdən, bir qrup gəncin siyasi partiya rəhbərinin evi qarşısında icazəsiz etiraz aksiyası təşkil etdiyi zaman polis müdaxiləsi qeydə alınmayıb. ATƏT-in Bakı Ofisi nümayişlərə fərqli yanaşmanı məqbul saymır», – deyə səfir B. Cankorel bildirib.
***
Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyi İctimai Palatanın 2 aprel mitinqi öncəsi gənc fəalların və müxalifət tərəfdarlarının həbsinin demokartiya və insan haqlarının inkişafına mane olduğunu bildirib. Bu barədə təşkilatım dünən yaydığı açıqlamada vurğulanıb.
Bəyanatda deyilir ki, Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyi ölkədə baş gedən ictimai-siyasi prosesləri, xüsusən də demokratiya və insan haqları sahəsindəki olayları yaxından izləyir. Bunlar və siyasi sabitliyin önəmli elementləri olan faktorlar Şərq Tərəfdaşlığı layihəsinin mühüm prinsiplərindən biridir.
“Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyi öncə verdiyi bəyanatlara sadiq qalaraq bildirir ki, təşkilat fikir azadlığı və sərbəst toplaşmaq hüququnun qorunmasına xüsusi əhəmiyyət verir. Avropa Birliyi Azərbaycanda ictimai təşkilatların, bütün siyasi qüvvələrin dialoqda iştirakını dəstəkləyir. Təşkilat Azərbaycan hakimiyyətini gənc fəalların həbsini dayandırmağa, ATƏT-in demokratiya və insan haqları sahəsi üzrə irəli sürdüyü təkliflərə diqqət yetirməyə çağırır”,-deyə Avropa Birliyinin Azərbaycandakı nümayəndiliyinin yaydığı bəyanatda vurğulanır.
İnformasiya şöbəsi