ATƏT PA-nın qış sessiyasında azərbaycanlı deputatın “qış nağılı” və hüquq müdafiəçilərinin təşkil etdiyi “soyuq duş”
Fevralın 14-də Vyanada ATƏT Parlament Assembleyasının qış sessiyası öz işinə başlayıb. Sessiyada Azərbaycandakı vəziyyətdən də danışılıb.
Sessiyada Azərbaycandan rəsmi nümayəndə heyətio ilə yanaşı hüquq müdafiəçiləri Rəsul Cəfərov və Rəşid Hacılı da iştirak edib. Ölkədəki vəziyyətlə bağlı Rəşid Hacılı ilə rəsmi nümayəndə heyətinin üzvü, Milli Məclisin İnsan Haqları Komitəsinin sədri Rəbiyyət Aslanovanın çıxışları dinlənilib.
Rəsul Cəfərovun facebook səhifəsində paylaşdığı məlumatlara görə, ATƏT PA-nın Demokratiya, insan haqları və humanitar məsələlər üzrə Komitəsinin rəhbəri xanım İsabel Santos (Portuqaliya) sözu Rəşid Hacılıya verərkən SMDT rəhbəri Anar Məmmədlinin həbsini pisləyərk onun azad edilməli olduğunu vurğulayıb.
Rəşid Hacılı çıxışında Azərbaycandakı insan haqlarının vəziyyəti, siyasi məhbuslar, jurnalist və bloggerlərin həbsi və təqib olunması barədə danışıb.
Rəbiyyət Aslanova isə hüquq müdafiəçisinin dediklərini inkar edib. Bildirib ki, Azərbaycanda siyasi məhbus yoxdur, bunu Avropa Şurası Parlament Assembleyası da təsdiqləyib: “Avropa Şurası Parlament Assambleyası Azərbaycanda siyasi məhbusların olmadıgını 2013-cü ilin yanvarında təsdiq edib, ATƏT Parlament Assambleyası bunu necə qəbul edə bilər?”.
R.Aslanova daha sonra ATƏT PA üzvlərinə vədlər verib. “Siz iyunda Bakiya gələndə tolerantlıq, demokratiya, insan haqlarına hörmət, Qərbə inteqrasiya əzmində olduğumuzu görəcəksiz”, – deyə o bildirib.
Azərbaycan nümayəndə heyətinin üzvü SMDT rəhbəri Anar Məmmədlinin həbsi məsələsinə də toxunub və “tələsik nəticə çıxarmamağa” çağırıb: “Tələsməyin, gözləyək istintaq bitsin, bilinmir axı həbsin səbəbi nədir”.
R.Aslanova Azərbaycanda hüquq müdafiəçilərinin fəaliyyətinə məhdudiyyət yaradılmadığını da özünəməxsus şəkildə əsaslandırıb: “Azərbaycanın hüquq müdafiəçiləri ölkədən daha çox xaricdə olurlar, onlara heç bir məhdudiyyət qoyulmur”.
R.Aslanovanın çıxışında səsləndirdiyi iddialara R.Hacılı cavab verib. “Rəbiyyət Aslanova parlamentin İnsan Haqları Komitəsinin sədridir, amma onun Anar Məmmədli barədə dedikləri Prokurorluğun dediklərindən daha ağır səslənir…
AŞ PA-nın Azərbaycanda siyasi məhbusların olmadığı barədə Rəbiyyət Aslanovanın dedikləri doğru deyil. AŞ PA Azərbaycanda siyasi məhbuslarla bağlı xüsusi qətnamə qəbul etməsə də, eyni gündə qəbul etdiyi başqa bir qətnamədə ölkədəki siyasi məhbusların hətta adları da çəkilir…”, – deyə R.Hacılı bildirib.
Azərbaycandan getmiş hüquq müdafiəçiləri ATƏT PA üzvləri arasında ölkənin vətəndaş cəmiyyətini təmsil edən 47 təşkilat adından müraciət də yayıblar.
Müraciətdə parlamentarilərə Azərbaycanda insan haqları ilə bağlı durumu müzakirəyə çıxarmaq təklif olunub. Müəlliflər ATƏT PA-nın iyunun 28-də Bakıda keçiriləcək toplantısının ölkədə insan haqlarının müdafiəsi işinə töhfə verəcəyinə ümid edirlər. Sənəddə ATƏT PA üzvlərindən istənilir ki, Azərbaycanda söz və sərbəst toplaşmaq kimi fundamental azadlıqların boğulmasına, tənqidi mövqedən çıxış edən şəxslərin qondarma ittihamlarla həbs olunması kimi məqamlara, jurnalistlərin, bloggerlərin saxlanılmasına diqqət yetirsinlər. Müəlliflər Anar Məmmədlinin, İlqar Məmmədovun, Tofiq Yaqublunun, Yadigar Sadıqovun, NİDA-çıların, Hilal Məmmədovun, Taleh Bağırovun həbsini sadalananlara nümunə kimi göstəriblər.
Müraciətdə 2007-ci ildən Bakının mərkəzində sərbəst toplaşmaq azadlığına qadağanın qoyulması da vurğulanıb. Qeyd olunub ki, etiraz aksiyalarının qarşısı polis zorakılığı ilə alınır, mitinqlərin iştirakçıları yükəsk məbləğdə cərimələnir, həbs olunur.
Müraciətdə istər seçki, istər ifadə və toplaşma azadlığı, istərsə də QHT-lərin fəaliyyəti ilə bağlı qanunvericiliyə edilən mürtəce dəyişikliklərdən də bəhs olunur.
Müraciətin sonunda ATƏT PA rəhbərliyindən Azərbaycanın insan haqlarına dair üzərinə götürdüyü beynəlxalq öhdəlikləri icra etməsinə diqqət yetirilməsi istənilib. ATƏT PA-nın Bakıda keçiriləcək toplantısına qədər Azərbaycan hakimiyyətindən qondarma ittihamlarla həbs olunanları dərhal azad etməyin, söz azadlığına təminat yaratmağın, normal seçki mühiti yaratmağı tələb olunmasına çağırış edilir.
İnformasiya şöbəsi