Mehman Əliyev: «Hakimiyyət islahatlara hazır olmadığından Qərbdən gələn tələblərə müqavimət göstərir»
Prezident Adminstrasiyası xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Qərb dairələrini ittiham edib. Modern.az-ın məlumatına görə, dövlət rəsmisi bununla bağlı öz Tvitter səhifəsində yazıb. “Qərbin böyük səhvi odur ki, hamıya yalnız öz dəyərlərini qəbul etdirməyə çalışır”- deyə Novruz Məmmədov qeyd edib.
Müəyyən zaman kəsimlərində hakimiyyət təmsilçilərinin Qərbi hədəf almasının şahidi omuşuq. Belə hallar daha çox beynəlxalq aləmin hakimiyyətdən insan haqlarına hörmətlə yanaşmaq, siyasi məhbuslarla bağlı öhdəliklərə əməl etmək, demokratik islahatlar keçirmək tələb olunanda meydana gəlir. Sirr deyil ki, artıq 3 beynəlxalq təşkilat – “Freedom Hause”, “Amnesty International” və “Human Right Watch” hakimiyyətin qara siyahısına düşüb. Məlumdur ki, bu təşkilatlar zaman-zaman öz hesabatlarında Azərbaycandakı seçki saxtakarlığını, azadlıqların boğulmasını, müxalif fəalların təqib olunmasını açıqlayıblar və prinsipial mövqe nümayiş etdiriblər. Hakimiyyətin avrointeqrasiyada maraqlı olmaması, ÜTT-yə üzvlükdən yayınması da demokratik islahatlardan yayınmaq məqsədi güdür.
Bəs, indiki halda Novruz Məmmədovun qərbi hədəf seçməsinin səbəbi nədir?
“Turan”ın rəhbəri Mehman Əliyev hesab edir ki, qərbin hədəf alınması qarşıdan gələn seçkilərlə bağlıdır: “Hazırda hakimiyyət seçkidən sonrakı dövrü yaşayır və bu dövrdə baş verənlər ciddi müzakirə olunur. Seçkiləri beynəlxalq aləm qeyri-demokratik, qeyri-şəffaf qiymətləndirdi və bu çox ciddi qərar idi. Indi qarşıdan parlament seçkiləri gəlir və hakimiyyətdən islahatlar aparmaq tələb olunur. Hakimiyyət isə bu cür islahatlara hazır deyil və bunda maraqlı görünmür. Çünki ölkədə siyasi aktivliyin artması, münbit seçki mühitinin yaranması, vətəndaş cəmiyyətinin güclənməsi hakimiyyətin ənənəvi siyasətinə ziddir. Belə olan halda hakimiyyət korrupsiya yolu ilə qazana bilmir və müəyyən problemlər yaranır. Nəticə etibarilə bu tendensiya hakimiyyətin itirilməsinə gətirir. Ona görə də hakimiyyət təmsilçiləri bu formada müqavimət göstərməyə məcbur olurlar”.
Akif