Təsadüf,yoxsa təxribat?

Abxaziya və Cənubi Osetiya rəhbərləri niyə Əliyevlə bir sırada oturub?  

 

«Təəssüf ki, Rusiyanın Gürcüstandan qopardığı iki respublika ilə bağlı məsələnin Soçi olimpiadasında leqitimləşdirilməsinə Azərbaycan rəhbərliyi heç bir etiraz bildirməyib»

Soçidə keçirilən Qış Olimpiya Oyunlarının açılış mərasimində Gürcüstanın separatçı Abxaziya və Cənubi Osetiya bölgələrindəki qondarma rejimlərin rəhbərləri Ankvab və Tibilovun lojada Azərbaycan və Rusiya prezidentlərilə yanaşı oturdulması Gürcüstan mətbuatında geniş müzakirəyə çıxarılıb. Açılış mərasiminin yayımında əldə edilən foto da bu faktı təsdiqləyir. 

Gürcüstan Milli Olimpiya Komitəsindən separatçı liderlərin rəsmi qonaqların siyahısında yer almadığını bildirsə də, onların prezidentlərlə bir sırada oturdulması təsadüfi görünməyə bilər. 

Ekspertlər hesab edir ki, Soçi olimpiadasının açılış mərasimində Abxaziya və Cənubi Osetiya rəhbərlərinin dövlət başçıları ilə yanaşı otuzdurulması Putin hakimiyyətinin bu respublikalarla bağlı prinsipial mövqedə durmasının göstəricisidir. Azərbaycan üçün Dağlıq Qarabağ problemi nə qədər ağrılı məsələ olsa da, Gürcüstandan qoparılmış bu respublikaların məsələsi də qonşu ölkə üçün başlıca problemlərdən biridir. Azərbaycan Dağlıq Qarabağ məsələsində Gürcüstandan nə qədər dəstək ummağa haqlıdırsa, Gürcüstanın da eyni dərəcədə dəstəyi Azərbaycandan ummaq haqqı var. Azərbaycan dövlət başçısının bu məsələdə Rusiyanın istəyinə uyğun hərəkət etməsi ölkəmizin Qarabağ məsələsində mövqeyinə zidd olan hal kimi qiymətləndirilməlidir. Işğal altında olan torpaqlarla bağlı məsələnin istənilən aspekti Azərbaycan dövlətindən prinsipial və qətiyyətli mövqe tələb edir. Təəssüf ki, Rusiyanın Gürcüstandan qopardığı iki respublika ilə bağlı məsələnin Soçi olimpiadasında leqitimləşdirilməsinə Azərbaycan rəhbərliyi heç bir etiraz bildirməyib.

Fizzə