Sabiq deputatı «Kamran B.Ə.» MMC-nin təsisçisilə nə bağlayır?
Ali Məhkəmə dələduzluqda ittiham olunan “Kamran B.Ə.” MMC-nin təsisçisi və rəhbəri Ələkbər Babayev, müxtəlif dövrlərdə MMC-nin direktoru vəzifəsində işləmiş German Hüseynov və Rüfət Nağıyev, tikinti nəzarətçisi Süleyman Əliyev və “Inşaat-E” MMC-nin direktoru Kənan Quliyevin barəsində olan məhkəmə qərarından verilmiş kasasiya şikayətinə baxıb.
Teleqraf.com-un xəbərinə görə, cinayət işi üzrə zərərçəkmişlər Bakı Apelyasiya Məhkəməsinin ilkin baxış iclasının qərarından kasasiya şikayəti veriblər. Onlar apelyasiya şikayətlərinə məhkəmə istintaqı ilə baxılmasını istəyiblər. Amma məhkəmə onların apelyasiya şikayətinə qismən məhkəmə istintaqı aparılmaqla baxılması barədə qərar qəbul edib. Məhkəmənin qərarından narazı qalan zərərçəkmişlər Ali Məhkəməyə müraciət ediblər.
Ali Məhkəmə zərərçəkmişlərin kasasiya şikayətini təmin etməyib və Bakı Apelyasiya Məhkəməsinin ilkin baxış iclasının qərarını qüvvədə saxlayıb. Cinayət işinin materiallarını baxılması üçün apelyasiya instansiyasına göndərilib.
Şikayətə hakim Faiq Qasımovun sədrlik etdiyi kollegiyada fevralın 11-də baxılacaq.
Ittihama görə, təqsirləndirilən şəxslər qabaqcadan əlbir olaraq cəmiyyətin Yasamal rayonu ərazisində tikdiyi çoxmərtəbəli yaşayış binasında ümumilikdə 92 mənzili saxta müqavilələr tərtib etməklə 291 şəxsə təkrar sataraq əldə edilən 8 milyon 566 min manatın 2 milyon 545 min manatını inşa edilən binanın tikintisinə sərf edib, qalan 6 milyon 20 min manat məbləği isə dələduzluq yolu ilə talayıb.
Bundan başqa, “Kamran B.Ə.” vergi ödəyicisi kimi qeydiyyatdan keçdikdən sonra Ə. Babayev 2008-ci ilin yanvar ayından 2011-ci ilin avqust ayına kimi olan dövrdə mənzil satışından əldə etdiyi 7 milyon 428 min manat məbləği zəruri sənədləri tərtib etməyərək vergi bəyannamələrində əks etdirməyib, eyni zamanda mənzil tikintisi ilə məşğul olan şəxslər kateqoriyasına aid hüquqi şəxs olmaqla vergi orqanlarına sadələşdirilmiş vergi hesabatlarını təqdim etməyərək 1 milyon 623 min manat məbləğdə külli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən yayınıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə. Babayev 14 il, G.Hüseynovla S. Əliyevin hər biri 11 il müddətinə azadlıqdan məhrum ediliblər. Hökmə əsasən, adı çəkilən hər üç şəxsin əmlakı da müsadirə olunacaq. Digər təqsirləndirilənlər – R. Nağıyev 10 il, K. Quliyev isə 6 il 25 gün müddətinə şərti olaraq azadlıqdan məhrumetmə cəzası alıb. Hər iki təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib və onların barəsində həbs olmayan cəza təyin edilib.
Məhkəmə hökmündən Baş Prokurorluq narazı qalıb. Prokurorluq K. Quliyev və R. Nağıyevin barəsində olan hökmün ləğv edilməsini, onların barəsində təyin edilən CM-nin 70-ci maddəsinin hökmdən xaric edilməsini və hər iki şəxsin barəsində ittiham hökmünün çıxarılmasını istəyib. Həmçinin zərərçəkmişlərdə mülki iddia ilə bağlı apelyasiya şikayəti veriblər.
Ə.Babayev, G. Hüseynov və S. Əliyev də apelyasiya şikayəti veriblər. Onlar barələrində təyin edilən cəzanın həddindən artıq ağır olduğunu bildiriblər.
Hazırda həbsdə olan sabiq millət vəkili G. Əhmədova ilə Ə.Babayevin biznes əlaqəsinin ortaya çıxması barədə məlumatlar var. Tikinti şirkəti rəhbərinin cinayət işi üzrə G.Əhmədova və onun bacısı Gülnar Quliyeva da şahid qismində dindirilib.
G.Əhmədova bildirib ki, ailəvi tanış olduqları Ə. Babayev ona və bacısı G.Quliyevaya birgə işbirliyi qurmaq barədə təklif verib. Sabiq deputatın bildirdiyinə görə, bu təklifdən sonra onlar birgə “Tamerlan B.Ə.” MMC-ni təsis ediblər. G.Əhmədova ifadəsində qeyd edib ki, Ə. Babayevin Italiyadan kağız istehsalı üzrə avadanlıqlar gətirmək və birgə işbirliyi qurmaq planını həyata keçiriblər.