Şahid polis şöbəsində ona verilən işgəncələrdən danışdı
«Məni 5 gün ac-susuz zirzəmidə saxlayıblar; hər gün çıxarıb döyür, sonra geri qaytarırdılar ki, istədikləri ifadəni verim»
Ötən ilin yanvarında Ismayıllıda məmur özbaşınalığına qarşı etirazlara görə həbs olunanların mühakiməsi Şəki Ağır Cinayətlər Məhkəməsində davam edir. Məhkəmə prosesində şahidlərin dindirilməsi mərhələsidir.
Dünənki məhkəmə iclasında ReAL Hərəkatının Məclis sədri Erkin Qədirli şahid qismində dindirilib. O bildirib ki, hərəkatın lideri Ilqar Məmmədovun Ismayıllıya səfərində məqsəd siyasətçi olaraq, hadisəni dəqiq şərh etmək istəyi olub. Onun sözlərinə görə, Ilqar Məmmədov Ismayıllıya hadisələrə siyasi baxımdan dəyərləndirmək üçün gedib. Erkin Qədirli həmin vaxt Ilqar Məmmədovla əlavə telefon əlaqələrini xatırlamadığını söyləyib.
Erkin Qəbirli sosial şəbəkələrdə prokurorla sual-cavabının bir hissəsini paylaşıb:
Prokuror:
– Ilqar Məmmədov Bakıya qayıdandan sonra Ismayıllı hadisələri barədə söhbət etmisiz?
Erkin Qədirli:
– Əlbəttə.
– Nə danışdınız?
– Siyasi dəyərləndirmələrimizi müzakirə etdik.
– Məsələn?
– Hadisələrin səbəblərini müzakirə etdik.
– Hansı səbəbləri?
– Icra hakimiyyətinin düzgün təşkil olunmaması, yerli əhali tərəfindən seçilməməsi…
Bu yerdə prokuror Erkin Qədirlinin sözünü kəsir:
– Aydındır, davam etməyə ehtiyac yoxdur.
ABŞ-ın Alman Marşal Fondunun təmsilçisi Mehriban Rəhimli də şahid qismində ifadə verib. O, ifadəsində müttəhimlərdən Ilqar Məmmədov və Müsavat başqanının müavini Tofiq Yaqublunu tanıdığını deyib. Aralarında müəyyən məsələlərlə bağlı telefon danışıqları olsa da, konkret Ismayıllı hadisələrinə dair telefon söhbətini xatırlamadığını deyib.
Mehriban Rəhimli Ilqar Məmmədovun Marşal Fondunun idarə heyətinin üzvü olduğunu da əlavə edib: “Bizim institutların siyasi beyin funksiyası olduğundan siyasi dəyərləndirmə nöqteyi-nəzərindən yanvarın 23 və 24-də telefon əlaqəsi saxlamışıq”.
Şahidlərdən Ruslan Əhmədov ifadəsində təqsirləndirilənlərdən heç kəsi tanımadığını deyib. O, çayxanadan çıxanda insanların toplaşdığını gördüyünü və həbs edildiyini bildirib. Şahid polis şöbəsində, polis rəisinin əməliyyat işləri üzrə müavininin rəhbərliyi ilə ona zor tətbiq edildiyini söyləyib: “Məni 5 gün ac-susuz polis şöbəsinin zirzəmisində saxlayıblar. Məni hər gün çıxarır, döyüb geri qaytarırdılar. Tələbləri də o idi ki, ”biz deyən ifadəni verməlisən”.
Məhkəmə prosesində bir neçə şahid deyib ki, Şamaxı və Qəbələdə inzibati qaydada sutkalıq həbs cəzası aldıqdan sonra yenidən polisə dəvət olunub, istədikləri ifadələr alınanadək qanunsuz olaraq polis şöbəsində saxlanıblar.
Dünənki məhkəmə iclasında vəkillərin sual verməsi məhdudlaşdırılıb. Xüsusilə də şahid polislərə sual verilməsinə tam şərait yaradılmayıb.
Vəkillər həqiqətin meydana çıxması üçün çəkişmə tələb ediblər. Vəkillər Nemət Kərimli, Fuad Ağayev, Nəvaid Abbasov bunun məhkəmənin obyektivliyini şübhə altına aldığını deyir. Vəkillər prokurorun yerindən danışaraq prosesi yönləndirməsinə də etiraz edib.
Günün ikinci yarısında Böyük Britaniya səfirliyinin təmsilçiləri məhkəmə prosesini tərk edəndən sonra hakim şahidləri təhdid etməyə başlayıb.
“Azadlıq” radiosunun məlumatına görə, hakim şahidlərin ilkin ifadələri niyə dandıqlarını, onlara kimlərin təzyiq edəcəyinin araşdırılacağını söyləyib.
“Azadlıq” qəzetinin reportyoru Ramin Deko prosesə dəvət olunub. O, yanvarın 24-də Ilqar Məmmədov və Tofiq Yaqublunu axşamüstü saat 16-17 radələrində gördüyünü, bir neçə dəqiqə söhbətləşdiyini söyləyib: “Tofiq Yaqubluyla icra hakimiyyətinin binası qarşısındakı parkda görüşdük. Bir müddət sonra Ilqar Məmmədov gəldi. Tofiq Yaqubluya polislər yaxınlaşdı və onlarla getməli olduğunu bildirdilər. Tofiq bəy də müqavimət göstərmədən getdi. Sonra xəbər aldıq ki, Tofiq bəyi polis idarəsindən çıxarıb polislərin müşayiəti ilə Bakıya yola saldılar. Ilqar Məmmədov da bir müddət sonra Ismayıllını tərk etdi”.
Ramin Deko bildirib ki, nə Ilqar Məmmədov, nə də Tofiq Yaqublu Ismayıllıda olan zaman camaatı iğtişaşa səsləyib: “Tofiq Yaqublu ilə Ilqar Məmmədov Ismayıllıda olan zaman sakitlik olub. Kimlərisə iğtişaşa səsləməyiblər. Yanvarın 24-də saat 13 radələrindən hava qaralana qədər Ismayıllıda sakitlik olub. Hətta həmin vaxt icra başçısı olan Nizami Ələkbərov bizə – jurnalistlərə açıqlamasında rayonda hər şeyin qaydasında olduğunu, sakitlik hökm sürdüyünü deyib”.
“Yeni Müsavat” qəzetinin əməkdaşı Elşən Balaxanski də bildirib ki, özü redaksiyadan onu əvəzləmək üçün müxbir göndərilməsini istəyib: “Tofiq Yaqublu gəlmişdi. Onun da heç bir qanunsuz hərəkət etdiyini görməmişəm. Polisin müşayiəti ilə Bakıya aparıldığını eşitmişəm”.
Jurnalist Idrak Abbasov isə prosesə buraxılmayıb. Bu səbəbdən Ilqar Məmmədovla hakim arasında gərginlik yaşanıb. Ilqar Məmmədov Idrak Abbasovun dindirilməsinə təkid edib.
Vəkillərin vəsatət verməsinə baxmayaraq, hakim Idrak Abbasovun dindirilməsinə şərait yaratmayıb, onun dindirilməsinə ehtiyac olmadığını deyib.
Ilqar Məmmədov hakimə üz tutaraq “vaxt gələcək, bu qanunsuz hərəkətlərə görə cavab verməli olacaqsınız” deyib.
Vəkillər günortadan sonrakı prosesi “açıq şou” adlandırıblar.
Proses yanvarın 29-da davam edəcək.