Ömər Məmmədov narkotiklə ittiham olunur, tanıyanlar isə gənc fəalın, hətta siqaret də çəkmədiyini bildirir
“Həbsxanalar xaricdə təhsil almış, yerli universitetlərinə yüksək balla daxil olan gənclərlə doldurulub…”
Daha bir gənc fəal – “NIDA” Vətəndaş Hərəkatının keçmiş üzvü, hazırda isə “Axın” hərəkatının təsisçilərindən olan Ömər Məmmədov narkotik ittihamı ilə həbs olunub. Ömər Məmmədov yanvarın 24-də yoxa çıxıb. Dünən isə onun həbs edildiyi həbs edildiyi məlum olub.
Məlumatda bildirilir ki, Öməri Nəsimi Rayon Polis Idarəsinin əməkdaşları həbs edib. Ona qarşı CM-nin 234.4.3-cü (külli miqdarda narkotik saxlama, gəzdirmə, satma) maddəsilə ittiham irəli sürülüb. Artıq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində ilkin istintaq dövrü üçün 3 aylıq həbs-qətimkan tədbiri seçilib.
Eyni zamanda, Vətəndaş Həmrəyliyi Partiyasının da üzvü olan Ömər Məmmədovun artıq Şüvəlandakı istintaq təcridxanasına göndərildiyi bildirilir.
Ömər Məmmədov barədə “Azadlıq”a daxil olan məlumatda bildirilir ki, o həm də “facebook”da “AzTV-dən seçmələr” səhifəsinin adminlərindən biri olub. Aktivliyilə seçilən Ömər Məmmədovun fəaliyyətinin qarşısını almaq üçün bir müddət əvvəl atasını Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsinə (“bandotdel”) aparıblar. Bu olaydan sonra Ömər Məmmədov “NIDA”dan çıxıb. Ancaq yenə də ictimai fəallığını davam etdirib. Atasını ikinci dəfə də “bandotdel”ə çağırıblar. Orada ona bildiriblər ki, oğlu prezidenti təhqir edib və buna görə cəzalandırılacaq.
Qeyd edək ki, Ömər Məmmədov Şimali Kiprdə təhsil alır. O, yanvarın 20-də Bakıya qayıdıb və cəmi dörd gün sonra həbs olunub.
Ömər Məmmədova qarşı külli miqdarla narkotiklə bağlı ittiham irəli sürülsə də, onu tanıyanlar gənc fəalın hətta siqaret belə, çəkmədiyini bildirir. Bu səbəbdən ona qarşı ittihamın saxta olduğu, həbsinin isə “facebook”dakı aktiv fəaliyyəti, hökumətin ünvanına səsləndirdiyi ittihamlardan irəli gəldiyi qənaətindədir.
Bu arada, D18 Hərəkatı Ömər Məmmədovun həbsini pisləyən bəyanat yayıb. Bəyanatda deyilir:
“Hakimiyyətin son dönəmlər gənclərə qarşı apardığı aqressiv siyasət bizləri narahat edir. Biz həbsxanalara baxdıqda xaricdə təhsil alan, ölkə universitetlərinə yüksək balla daxil olan gənclərimizi görürük. Təhsildə bu qədər uğura imza atan gənclər heç zaman narkotik aludəçisi ola bilməz. Əksinə, bu gənclər hər zaman sağlam cəmiyyət, sağlam vətəndaş, demokratik bir ölkə üçün mübarizə aparıb. Azərbaycan hakimiyyətindən tələb edirik ki, gənclərə qarşı aparılan ayrı-seçkilik siyasətinə son qoyulsun. Həbs olunan gənclərimiz dərhal azad edilsin”.
Ramin